03 Dekabr 2024 - 3
Ümumiyyətlə, biz bütün imamlarımızın hədislərinə baxanda sanki Əhli-beyt arasında İmam Hüseynin xüsusi bir yeri olduğunu görürük.
İstər əzadarlıq barədə, istər o həzrətin şəxsiyyəti və davranışları barədə hədislərə baxdıqda, yaxud İmam Cəfəri-Sadiq, İmam Baqir, İmam Məhəmməd Təqi və digər imamlarımızın kəlamlarına baxdıqda, xüsusilə əzadarlıq və izzət barədə buyurduqları sözlərə diqqət yetirsək görərik ki, sözlərinin hamısını gətirib İmam Hüseyndə cəmləşdirirlər, yəni İmam Hüseyni nümunə kimi göstərirlər. Bu özü də İlahi bir sirdir ki, digər imamlar özlərini də İmam Hüseyn məktəbində cəmləyiblər.
İmam Hüseyndə bəzi dərəcələr vardır ki, digər imamlarımızda yoxdur. Əlbəttə ki, bütün imamlarımız eyni nurdurlar. Məsələn İmam Hüseyn 6 yaş yarıma qədər həm İslam Peyğəmbərini (s) görüb, həm də məsum atanın və ananın (Həzrət Əli və Xanım Fatimə - red.) himayəsində böyüyüb, boya-başa çatıb. İmam Həsəndən başqa digər imamlarımızın isə ataları məsum olsa da, anaları bu cür olmayıb. Demirəm, xəta əhlidirlər, xeyr, sadəcə məsum sinifindən olmayıblar.
Peyğəmbərin zamanında yaşayanların bəziləri, o cümlədən Əbu Hüreyrə kimilər belə İmam Hüseynin fəzilətini inkar edə bilməyiblər. Əbu Hüreyrə Müaviyyənin muzdurlarından idi və onun sifarişi ilə maddi mənfəət müqabilində saxta hədislər nəql edirdi, Əhli-beytlə düşmənçiliyi var idi. Bununla belə o, İmam Hüseynin fəzilətini təsdiq etmişdi. O nəql edir ki, bir gün Peyğəmbərlə üz-üzə gəldim. Gördüm ki, Peyğəmbərin yanında bir uşaq var. Deyir, Peyğəmbər orada üzünü mənə tutub buyurdu: "Bu mənim əziz övladım Hüseyndir. Kim bunu sevərsə, məni sevmiş olar, kim buna düşmən olarsa, mənimlə düşmən olar".
Əli Bağırov