21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) Müaviyəyə dedikləri
24.01.2019

Müaviyə xalqdan Yezid üçün beyət almaq qərarına gəldikdən sonra Mədinəyə yollandı. İmam Hüseyn (ə) ilə İbn Abbas onun yanına gəldi. Əvvəlcə Müaviyə İmam Həsənin (ə) övladlarının əhvalını soruşdu. Həzrət də onun cavabını verdi.

Daha sonra Müaviyə bir xütbə oxuyaraq Rəsuli-Əkrəmi (s) xatırlayıb axırda dedi:

"Siz əvvəldən Yezidin işindən xəbərdarsınız. Allah şahiddir ki, Yezidi vəliəhdlik məqamına seçməkdə məqsədim ixtilafları və təfriqələri aradan qaldırmaqdan başqa bir şey deyildir. Belə iş çox gözəldir, bunu yalnız bəsirətli olanlar qəbul edə bilərlər. Bu mənim Yezid haqqındakı fikrimdir. Sizə gəldikdə isə, bir tərəfdən qohum, digər tərəfdən həmyerli, həm də alicənab insansınız. Bu fikrimi təsdiq etməkdə siz daha ləyaqətlisiniz. Mən Yezidi müxtəlif işlərdə yoxlayıb, onda elə mühüm xüsusiyyətlər görmüşəm ki, bu xüsusiyyətlər, hətta sizdə belə yoxdur. Bundan əlavə, o həm sünnə, həm də Quranla tanışdır, dözümlüdür. İndi isə mən siz iki nəfərdən yalnız insaf gözləyirəm, çünki təkcə qohum-əqrəba deyil, hamı sizin fikrinizə uyğun şəkildə söz danışır. Böyük Allahdan özümə və sizə bağışlanmaq istəyirəm".

Müaviyə sözlərini bitirdikdən sonra İbn Abbas sözə başlamaq istədi, lakin İmam Hüseyn (ə) işarə ilə ona başa saldı ki, sakit ol, onun məqsədi mənəm. İmam ayağa durdu, Allaha şükür edib Peyğəmbərə salavat göndərdi, sonra buyurdu:

"Ey Müaviyə! Hər hansı natiqin sözü nə qədər uzun-uzadı olsa belə, Rəsulullahın gözəl xüsusiyyətlərini sayıb qurtara bilməz, yalnız onun gözəl sifətlərinin bir qismini sadalayar. Mən bilirəm ki, Peyğəmbər (s) vəfatından sonra İslam ümməti hansı yolu seçmişdir. Onlar Nəbiyyi-Əkrəmin mədhində olanları puç edərək, onunla canişin (xəlifə) barəsində olan beyəti pozmuşlar.

Çox əfsus ki, günün parlaq işığı gecənin qaranlığını rüsvay edərək onun parlaq nuru çıraqların işığını azaltdı. Sən acgözlükdə ifrata vararaq ləyaqətsiz adamlara üstünlük verməkdə həddini aşmısan. Paxıllıq etməyə adət verərək haqları ödəməkdən boyun qaçırmısan. Zülm etməyi rəva bilmisən. İnsan hüquqlarının ödənməsinə zərrə qədər də olsun belə riayət etməmisən. Nəticədə isə şeytan öz kamil bəhrəsini çox yüksək keyfiyyətlə əldə etmişdir. Amma Yezidin İslam ümmətinə rəhbərlik üçün ləyaqətli olması ilə yanaşı onun insani sifətləri barədə dediklərindən belə məlum olur ki, deyəsən camaatı Yezidin haqqında zəlalətə salmaq istəyirsən. Onun barəsində elə danışırsan ki, sanki pərdə dalında olan bir insan haqqında təsəvvür yaradır, tanınmaz bir şəxsi tanıtdıraraq guya xüsusi, yaxud məxfi bir işi akşkar edirsən! Yox! Belə deyil!

Ey Müaviyə, Yezid özünü yaxşı tanıtdıraraq öz qabında olanları hamıya göstərmişdir. Əgər onun xüsusiyyətlərindən sadalamaq istəyirsənsə ov itlərindən, eyş-işrətlə məşğul olduğu gözəl qızlarından xəbər ver, kef məclislərində onun üçün oxuyan müğənni qadınların barəsində danış! Bəli, Yezid elə bir adamdır ki, mənə tanıtdırmağına ehtiyac yoxdur. Doğrudan, görəsən sənin çiynində olan bu qədər günah yükü Qadir Allahla görüş üçün kifayət deyildirmi ki, indi də camaatı zəlalətə salmaq yükünü günahlarının üstünə gələsən?! Allaha and olsun ki, sən həmişə yaramaz işlər görmək qəsdindəsən, zülm və işkəncədən başqa ayrı bir işin yoxdur. Cinayətlərin hər yeri tutmuşdur, amma sənin ölümlə çox da fasilən yoxdur; tezliklə qiyamət günü gəlib çatacaq, o gün gördüyün bütün əməllərindən hesab-kitab çəkiləcək, lakin qaçmağa yolun olmayacaqdır.

Ey Müaviyə! Sən ki bizə qarşı çıxıb bizi öz ata-babalarımızın qanuni haqlarından məhrum etmisən! Elə haqlar ki, Rəsulullah təvəllüdümüzün ilk günündən bizim üçün müəyyən etmişdi. Sən bizim haqqımızı qəsb etmək üçün müxtəlif iyrənc bəhanələrə əl atdın. Elə xilafət iddiaçıları da Peyğəmbərin (s) canişininin haqqını (onun vəfatından) qəsb etdikdən sonra həmin bəhanələrə əl atmışdılar. O bəhanələri dəlil kimi qəbul edərək insaf tələb etmişdir. Bəli, siz hər cür cinayətə əl atıb hər sözü danışdınız. Nəhayət, iş o yerə çatdı ki, sən Peyğəmbərin yerinə keçdin, halbuki xilafət libası başqa şəxsin bədəninə biçilmişdi".

Müaviyə İmam Hüseynin (ə) sözlərindən sonra İbn Abbasa baxıb dedi: "Bunlar nədir?! Yəqin ki, sən də bu sözləri söyləyəcəksən".

İbn Abbas onun bu sözlərinin cavabında dedi: "Allaha and olsun, o, Peyğəmbər övladı, Ali-Əbanın beş nəfərindən biridir. O, pak və məsum bir ailədə böyümüşdür. Hər nə istəyirsən ondan soruş, bil ki, Allah öz hökmünü icra edəcəkdir. O, hökm edənlərin ən yaxşısıdır".

Seyid Məhəmmədhəsən Musəvi Kaşani