08 May 2024 - 8

08 May 2024 - 8

İmam Hüseyn (ə) müasir gəncə necə nümunə ola bilər?
18.12.2017

İmam Hüseynin (ə) məktəbini sadəcə Aşurada görməyək, bunu İmamın bütün həyatında görək. İmamı bütünlüklə tanımaq Aşuradan öncə və Aşuradan sonra onu tanımaqdır. Biz istəyirik ki, gənclərə sadəcə Aşuranı deyil, İmam Hüseynin (ə) özünü tanıdaq. İmam Hüseyni (ə) bir kamil ilahi lider olaraq tanımalıyıq.

Digər tərəfdən, biz gərək gənclərimizi tanıyaq, gənclik nədir bilək. Bilməliyik ki, bir gəncin nəyə ehtiyacı var, hansı hissləri var, hansı duyğuları var, gəncin idrakı nə həddə olur, çılğınlıqları necə olur, arzuları necə olur, bir gəncin istəkləri və tələbləri nələrdir, tanımadığı ehtiyacları hansılardır?

Eyni zamanda, qeyd etməliyik ki, müasir gəncimizin yüz il, iki yüz il, beş yüz il bundan öncəki gənclərlə, cavanlarla fərqləri var. Müasir gəncimizin istəkləri nədir, tələbləri nədir, modern gənclik bu gün nə istəyir, nəyin dalıncadır? Biz bugünkü gəncliklə İmam Hüseynin (ə) bütün həyatını bir-birinə yaxınlaşdırsaq, tam mənada, edə bilərik bu sintezdən istədiyimizi alaq və gənclərimizə deyək ki, bəli, İmam Hüseyn (ə) belə bir şəxsiyyətdir.

Belə bir şəxsiyyətin hər bir zamanda örnək olması gərəkdir və xüsusilə siz gənclər ki, öz millətinizin gələcəyi olmağınızı, öz millətiniz üçün hər hansı faydalı işlər görməyinizi istəyirsiniz, bilməlisiniz ki, belə bir adil, məsum ilahi lider sizin imamınızdır, ona görə də bu imamdan örnəklər və nümunələr götürməlisiniz.

Görək, İmam Hüseyn (ə) necə bir şəxsiyyət olub. Birincisi, bunu bilməliyik ki, İmamda olan ən önəmli, üzdə görünən xüsusiyyət və xüsusilə Aşura ilə xarakterizə edilən cəhət islahatçılıqdır.

İmam Hüseyn (ə) gördü ki, ortada zülm var, xalqın haqlarına, nəinki təkcə islami haqlara, ümumilikdə insani haqlara təcavüz olunur, ədalətsizlik baş alıb gedir, rüşvət baş alıb gedir, cəmiyyətdə çox ciddi problemlər var və insanlar da, sanki, bunu normal bir şey kimi qəbul edirlər. Bu zaman İmam ayağa qalxdı və dedi ki, əgər hər kəsin imkanı varsa və hər bir dövrdə belə bir problem yaşanırsa, buna etiraz olunmalıdır. İmam Hüseyn (ə) islahatçılıq ruhiyyəsini bizə öyrətdi. Bunu da qeyd edim ki, fərqi yoxdur harada oluruqsa olaq - bir univerisitetdə, bir ticarət mərkəzində, məktəbdə, evdə, məsciddə - harada haqsızlıq görürüksə, İmam Hüseynin (ə) islahatçı ruhiyyəsi ilə ayağa qalxırıq, etiraz edirik. Amma şivəsi ilə, üslubu ilə, zaman və məkanı tanımaq prinsipi əsasında! Çünki imamımız təkcə İmam Hüseyn (ə) deyil, digər imamlarımızın da həyat və fəaliyyətlərinə nəzə yetirməliyik. İslamı kompleks şəkildə görməliyik. İmam Baqir (ə) öz zamanında nə iş gördü, İmam Sadiq (ə) hansı addımları atdı, zaman prinsipini, zaman və məkan ünsürünü unutmamaq şərtilə, şivələrlə, üslublarla, metodlarla davranmalıyıq. Bu metodların başında isə insanları tanımaq dayanır, həmçinin zamanı tanımaq və hər zamanın öz tələblərini tanımaq dayanır. İslahatçı fəaliyyətlərimiz əxlaqla, mənəvi hisslərlə, insani hisslərlə birgə olmalıdır.

İkinci məsələ imamın insanlığıdır.

Baxın, islam peyğəmbərində (s) də bu ruhiyyə var idi. Allah-taala Quranda buyurur: "Ey peyğəmbər, biz sənə Quran nazil etmədik ki, sən məşəqqətə düşəsən. Sən öz vəzifəni yerinə yetir, insanları haqqa dəvət et, haqqa gəlməzlərsə, qalanı Allahdandır". Amma islam peyğəmbərinin o lətif ruhu davamlı olaraq istəyir ki, insanları haqqa yönəltsin. İmam Hüseyndə (ə) də biz bunu görürük. Aşurada imamın ətrafında 72 nəfər var, qarşı tərəfdə isə xeyli (tarixdə 6 mindən 30 minə qədər yazılıb) adam var. 30 min qoşunun qarşısında İmam fəryad edir: "Bir nəfər yoxdurmu mənə kömək etsin?!"

İndi mən gənclərimizdən soruşuram, İmamın həmin bir nəfərə ehtiyacı var idimi? Fərz edək, kömək gəlmiş olsa idi, 72 nəfər olardı 73, 10 nəfər gəlsə idi, olardı 82, 20 nəfər gəlsə idi, olardı 92. Onsuz da İmamın səsi yüz metrdən o yana getmirdi, imamın səsini bütün ordu eşitməzdi.

Amma imam o qədər lətif ruha malikdir ki, hətta bir nəfərə də deyir gələ bilirsə, qoy gəlsin, qoy son məqamda haqq cəbhəsində olsun, öləcəksə də haqq uğrunda ölsün. Qoy, heç olmasa bir nəfər nəcibliyini itirməsin, sabah (qiyamət günü - red.) vəfasızlığını yadına salıb narahat olmasın, cəhənnəm əzabı çəkməsin, dünyada vicdan əzabı yaşamasın.

İmam o qədər insansevərdir ki, bir nəfəri də hidayətə dəvət etməyi qənimət bilir. Biz də bu sevgini unutmayaq, deməyək mənim bu qədər vəzifəm var idi və vəzifəmi yerinə yetirdim. Deməyək mənim məqamım böyükdür, mən filan yerin məhsuluyam, mən filan yerin rəhbəriyəm, qoy camaat özü mənim arxamca gəlsin. Biz əgər edə biliriksə, bir nəfəri belə doğru yola yönəldək, haqqa, vicdana əxlaqi dəyərlərə, mənəvi keyfiyyətlərə çağıraq. Əgər edə biliriksə, bir nəfərə başa salaq ki, ailəsilə gözəl rəftar etsin, əgər bu imkanımız varsa, ona başa salmağa tələsək, başa salaq.

Dostlarınızla gözəl rəftar edin, ey gənclər! Bunu əgər iki nəfərin yanında çay içməklə başa sala biləriksə, qoy bu cür başa salaq. Ta ki, bu insan sevgisi bizdən uzaq düşməsin.

Üçüncü məsələ imamın əxlaq prinsipləridir.

Baxın, əziz gənclərimiz İmam Hüseyni (ə) sadəcə Aşura məktəbi ilə deyil, imamın hədisləri ilə də, sözləri ilə də tanımalıdırlar. İmam Hüseyn (ə) ömrü boyu söz deyib, fikir bildirib. Bu sözlər hikmətli afforizmlərdir, bu sözlər müqəddəsdir, ülvidir, bu sözlər hər bir yaşda olan insanlar üçün, xüsusilə də gənclər üçün məktəbdir. Gəlin İmam Hüseynin (ə) sözlərini həyatımıza ülgü seçək. Bəzən ailəmizdə, bəzən ictimai yerlərdə İmamdan sözlər nəql edək, məsələn İmam Hüseyn (ə) filan kəlamında belə buyurdu, bizdən bunu istədi və sair.

Mən də öz növbəmdə İmamın bir kəlamını deyib mövzunu bitirirəm. İmam Hüseyn (ə) buyurur: "Bizim şiələrimizin, bizi sevənlərin, bizim tərəfdarlarımızın qəlbləri, ürəkləri təmiz olar". Əzizlərim, ürəyin təmizliyi çox önəmlidir. Bunu ciddi qəbul edək, əməlin təmizliyi ilə birlikdə ürəklərimiz də təmiz olmalıdır. Ürəklərimizin təmiz olması ilə yanaşı gərək əməlimiz də təmiz olsun. İmam buyurur "ürəkləri təmiz olar", yəni ailələrinə xəyanət etməzlər, dostlarına, öz ömürlərinə, gəncliklərinə, millətlərinə, vətənlərinə, dinlərinə xəyanət etməzlər, ürəklərində kin-küdurət olmaz, paxıllıq olmaz. İmam bunları nümunə olaraq deyir, yəni ürəklər bu şeylərdən pak olmalıdır. İmam demək istəyir ki, onun həqiqi tərəfdarları cığal olmazlar, yalançı olmazlar, ticarətdə, karvanlarda, məscidlərdə adam aldatmazlar, universitetlərdə, rəyasətdə, müdirlikdə, hər məqama yiyələnsələr belə insanları aldatmazlar. İmam deyir ki, bizi sevənlər məhz bu cür olar.

Tofiq Əsədov