03 Dekabr 2024 - 3
Tarix Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif məlumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti Mədinədən çıxmaq fikrindən daşındırmaq cəhdləri, əmin-amanlı yerlərə sığınmaq təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir.
Zeynəb imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında İmam Hüseyni (ə) İlahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir. Zeynəb Mədinədən Kərbəlaya qədər İmam Hüseynin yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında İmam Hüseynlə birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı. Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrət Zeynəbə (s) olduqca asan etmişdi. O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır. Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur.
Məhəmməd İştihardi