21 Noyabr 2024 - 21
Hər bir dahi şəxsiyyəti yaxşı tanımaq üçün onun yaxınlarına sorğu-sual etmək lazımdır. Məsum imamların sorağına gedərək, İmam Hüseyni (ə) tanıyaq.
İmam Hüseyni bizlərə tanıdan Məsum imamların içərisində İmam Məhdi (ə) də vardır. Mərhum Abbas Qumi “Nəfsi məhmum” kitabında imamın dilindən İmam Hüseyni (ə) bizlərə tanıdır.
Belə ki, İmam Məhdi (ə) cəddi haqqında buyurur: “Sən, ey Hüseyn! Allahın Rəsulu üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin”.
İmam Zaman (ə) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin on xüsusiyyətini tanıtmışdır.
1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi.
2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin müqəddəs varlığına söykənərək yayılmağa başladı.
3. İmam ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi.
4. İmam itaət yolunda çox çalışqan və səy göstərən idi.
5. Həzrət verdiyi sözə və bağladığı əhdə həmişə vəfalı olmuşdur.
6. O, fasiqlərin yolundan üz çevirmişdi və heç bir zaman onlara tərəf meyl etməmişdir.
7. İmam dərdli halda ah çəkir və onun bu ahı – zəhmətə və əziyyətə düşən insanın naləsi idi.
8. İmamın səcdə və rükusu uzun olardı və uzun müddət səcdə və rükuda qalardı. Belə görünür ki, İmam Zaman ağamız bu sözləri ilə İmam Hüseynin Məbuduna qarşı nə qədər aşiq olduğunu bildirmək istəmişdir.
9. İmam Hüseyn (ə) dünyaya qarşı rəğbətsiz və laqeyd idi. Çünki, o, həqiqi zahid idi.
10. Onun dünyaya qarşı baxışı, başqalarından fərqli olaraq, dünyadan qopmuşların baxışı idi. Dünyanın naz və neməti onun üçün əhəmiyyətsiz və dəyərsiz idi. /Deyerler.org/