21 Noyabr 2024 - 21
Qədim şiə mənbələrindən əlavə bir çox əhli-sünnə kitablarında İmam Hüseynin Kərbəla müsibətindən danışılmış, bu barədə yazılan və deyilən mərsiyə və şeirlər barədə məlumat verilmişdi. Bundan öncə bu barədə iki hədisə və tarixi məlumata işarə etmişdim. İndi isə İmam Hüseyn (ə) və Kərbəla mövzusu ilə əlaqədar digər bir hədisi Əhli-Sünnə mənbələrindən nəzərinizə çatıdırıram.
Əhli-Sünnənin "Hənbəli" məzhəbinin başçısı, fəqih və mühəddis Əbu Əbdillah Əhməd ibn Məhəmməd ibn Hənbəl ibn Hilal Şeybani Mərvəzi (164-241 hq) qələmə aldığı "əl-Müsnəd" (səhabələr adı sırası ilə yazılmış sənədli hədislər) hədislər toplusunda Peyğəmbərin (s) xanımı Ümmü Sələmənin "Kərbəla torpağı" dastanını belə nəql edir:
Hədisin sənədi:
Əbdüssəməd ibn Həssan xəbər verdi mənə Ümarə ibn Zazandan, o da Sabit Bünanidən, o da Ənəs ibn Malikdən.
Qeyd: Bu sənəddəki "Ümarə ibn Zazan" barədə müxtəlif fikirlər var. Amma hədis təndiqçiləri hədisi "həsən" (yaxşı) adlandırıblar. Həmçinin hədisi "səhih hədislər" adlı hədis məcmuələrində digər sənədlərlə də nəql ediblər. Məsələn, Fələstinli alim Süheyb Əbdülcəbbar 15 min səhih hədis əsasında yazdığı "əl-Cameus-Səhih lis-Sünəni vəl-Məsanid" adlı kitabda bu hədisi nəql etmişdir.
Hədisin Mətni:
Səhabə Ənəs ibn Malik (612-709 miladi) deyir:
"Bir dəfə "yağış mələyi" Peyğəmbərin (s) görüşünə gəlmişdi. Peyğəmbər (s) xanımı Ümmü Sələməyə buyurdu: "Qapını bizim üçün qoru, kimsə icazəsiz daxil olmasın".
Bu zaman (babası peyğəmbəri görmək üçün gəlmiş) azyaşlı Hüseyn (ə) sıçrayaq içəri girdi. Qaçaraq gəlib Peyğəmbərin (s) çiyninə dırmaşmağa başladı. Peyğəmbər (s) onu öpdü və əzizlədi.
Bu macəranı müşahidə edən "yağış mələyi" Peyğəmbərdən (s) soruşdu: "Onu çoxmu sevirsən?"
Peyğəmbər (s) buyurdu: Bəli.
Mələk dedi: "Həqiqətən sənin ümmətin onu öldürəcəklər. İstəyirsənmi onun öldürüldüyü məkanı sənə göstərim?".
Bu zaman əlini açaraq ovucunda tutduğu qırmızı rəngdə torpağı Peyğəmbərə (s) göstərdi.
Ümmü Sələmə torpağı alaraq baş örtüyünün ətəyinə büküb saxladı.
Ənəs ibn Malik deyir: "Biz həmişə eşidirdik ki, o (Hüseyn) Kərbəlada öldürüləcək".
«حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ حَسَّانَ، قَالَ: أَخْبَرَنَا عُمَارَةُ يَعْنِي ابْنَ زَاذَانَ، عَنْ ثَابِتٍ، عَنْ أَنَسٍ قَالَ: اسْتَأْذَنَ مَلَكُ الْمَطَرِ أَنْ يَأْتِيَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَأُذِنَ لَهُ، فَقَالَ لِأُمِّ سَلَمَةَ: «احْفَظِي عَلَيْنَا الْبَابَ، لَا يَدْخُلْ أَحَدٌ».
فَجَاءَ الْحُسَيْنُ بْنُ عَلِيٍّ، فَوَثَبَ حَتَّى دَخَلَ، فَجَعَلَ يَصْعَدُ عَلَى مَنْكِبِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ لَهُ الْمَلَكُ: أَتُحِبُّهُ؟
قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:" نَعَمْ".
قَالَ: فَإِنَّ أُمَّتَكَ تَقْتُلُهُ، وَإِنْ شِئْتَ أَرَيْتُكَ الْمَكَانَ الَّذِي يُقْتَلُ فِيهِ؟
فَضَرَبَ بِيَدِهِ فَأَرَاهُ تُرَابًا أَحْمَرَ.
فَأَخَذَتْ أُمُّ سَلَمَةَ ذَلِكَ التُّرَابَ فَصَرَّتْهُ فِي طَرَفِ ثَوْبِهَا.
قَالَ: «فَكُنَّا نَسْمَعُ يُقْتَلُ بِكَرْبَلَاءَ».
Müttəqi Hindi, Əhli-Sünnənin hədislərinin əksəriyyətini bir yerə toplayan "Kəzul-Ümmal" əsərinin "Əhli-Beytin fəzilətləri" fəslinin "İmam Hüseynin (ə) fəzilətləri hissəsində (c.13, s.654, 37663-cü hədisdən 37726-cı hədisədək) bu hədisdən öncə və sonra bir neçə hədis də eyni mövzuda nəql edib. Bu hədislərin mətnləri fərqli və müxtəlif olsa da bir ümumi mənanı çatdırırlar: İmam Hüseyn (ə) uşaq ikən mələklərdən biri Kərbəla torpağını (qırmızı türbət) Peyğəmbərə (s) çatdırmış və Peyğəmbər (s) bu macəraya görə ağlamışdır. Bu hadisənin şahidi isə Ümmü-Sələmə olub.
Hədisin mənbəsi:
Bir çox Əhli-Sünnə mühəddisləri və kitab müəllifləri bu hədisi fərqli sənəd və az fərqli mətn ilə nəql ediblər. Bunlardan bir neçəsinə işarə edirik:
1). Əhməd ibn Hənbəl, "əl-Müsnəd", Ənəs ibn Malikin "müsnəd"inin "tətimmə"si (tamamlayıcısı, əlavəsi), c.21, s.308, hədis: 13794 (, 13573, 13539 və 13830), Beyrutun "ər-Risalə" nəşriyyatının 50 cildlik çapı, 1416 hq, birinci çap. (Hədisin nömrəsi çaplara görə fərqli ola bilər).
2). Əbu Yəla Əhməd ibn Əli Mosuli (vf. 307 hq), "əl-Müsnəd", hədis: 3402, Dəməşqin "Darul-Məmun" nəşriyyatının 13 cildlik çapı, 1984.
Əbu Yəlanın "əl-Müsnəd"ini çapa hazırlamaq üçün təshih və tədqiq edən əhli-sünnə alimi Hüseyn Səlim Əsəd adlı müəllifi bu hədisin sənəd baxımından "həsən" (yaxşı) olduğunu yazıb.
3). Əbu Hatəm Məhəmməd ibn Həbban Busti (vf. 354 hq), "əl-İhsan fi təqribi Səhihi İbn Həbban", müəllif: Əmir Əlauddin Əli ibn Bəlban Farsi (vf. 739 hq), Beyrutun "ər-Risalə" nəşriyyatının 18 cildlik çapı, 1988, birinci çap, c.15, s.142, hədis: 6742.
4). Məhmud Məhəmməd Xəlil, "əl-Müsnəd əl-Came", c.3, s.32, hədis: 1612, Beyrutun Darul-Cəlil nəşriyyatının çapı, 1993, birinci çap, 22 cild.
5). Süheyb Əbdülcəbbar Nablusi, "əl-Cameus-Səhih lis-Sünəni vəl-Məsanid", mənaqibu Alil-Beyt fəsli, c.16, s.6-9 – ("al-maktaba.org" saytının nüsxəsinə istinadla).
6). Nuriddin Heysəmi (735-807 hq) bu hədisi "Məvariduz-Zəman", "Ğayətul-Məqsəd" (hədis:3718) və "Məcməuz-Zəvaid" (9/187) kitablarında nəql etmişdir.
7). Süheyb Əbdülcəbbar Nablusi, "əl-Musnədul-Movzuiyyi əl-came lil kutubul-əşərə", c.20, s.446, mənaqibu Alil-Beyt fəsli, hədis:18.
8). Müttəqi Hindi, "Kəzul-Ümmal" əsərinin "Əhli-Beytin fəzilətləri" fəslinin "İmam Hüseynin (ə) fəzilətləri bölməsi, c.13, s.654, 37663-cü hədisdən 37726-cı hədisədək.
9). Bəşşar Əvvad, "əl-Musnədil-Musənnəful-Muəlləl", c.3, s.618, hədis: 1825, Tunis çapı, 41 cild.
10). Hədisi həmçinin Təbərani "Möcəmul-Kəbir" (h:2813), Bəzzar "Bəhruz-Zəxxar" (h:6900), Beyhəqi "Dəlailun-Nubuvvət" (6/469), İbn Həcər Əsqəlani "İthaful-Məhərə" (h:703) və "Səvaiqul-Muhriqə", İbn Məğazəli "əl-Mənaqib" (h:425), Əbi Nüim "Mərifətus-Səhabə" (2/666, h:1782), "Dəlailun-Nubuvvət" (s.553, hədis:492) və "Hilyətul-Övliya", Albani "ət-Təliqatunl-Hisan əla səhihi İbn Həbban" (h:6707), İbn Əsakir "Tarixu Dəməşq", İbn Üdəym "Buğyətut-tələb fi tarixil-Hələb", Syuti "əl-Həbaik fi Əxbaril-məlaik" və "Cameul-Əhadis" (h:35818), Zərqani "Şərhul-Məvahibul-Lədunniyyə", İbn Səəd, "Təbəqatul-Kübra" (1/426), Busiri "İthaful-Xiyərətil-Məhərə" (h:6757) və digər qaynaqlar nəql ediblər.
P.S: Bu hədisi rəvayət edən kitablar bu məsələni əsasən "Fitnələr" (sınaq, imtahan və bəlalar) mövzuları sırasında nəql ediblər. Buna baxmayaraq İslam ümməti bu fitnə və sınaqdan üzüağ çıxmadı. Onlar dünyaya və nəfsani istəklərə uyaraq Əhli-Beytə (ə) arxa çevirdilər, həqiqi yoldan çıxdılar. Taxt və tac üçün Peyğəmbərin (s) hörmətini sındırdılar. Qızını və övladlarını öldürdülər.
İmam Hüseyn (ə) məktəbi bu fitnələr dolu dünyada yenə də sınaq meydanıdır. Bu meydanda Hüseyn (ə) və Aşura məktəbi tərəfində olanlar haqq və bu məktəb ilə üz-üzə dayananlar, zamanın Yezidlərinə "ulul-əmr" deyənlər, "müaviyə"lərin fitnələrinə uyub qanlar tökənlər batildirlər və yenə də Əhli-Beytə və İmam Hüseynə (ə) qarşı dayanıblar və şeytan cəbhəsindədirlər.
Kerbela.info/Mirməhəmməd Bəşir