23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) ata-ana tərəfindən malik olduğu fəzilətlərdən əlavə, Əhli-Beyt arasında özünə məxsus xüsusiyyətləri vardır.
Birinci xüsusiyyət odur ki, məsum İmamların doqquzu onun nəslindəndir. Bu barədə Muhəmməd Peyğəmbərdən (s) bir rəvayət nəql olunmuşdur. Peyğəmbərin səhabələrindən olan Salman Farsi nəql edir ki, Huseyn (ə) babası Peyğəmbərin qucağında oturmuşdu. Həzrət onu öpür və deyirdi:
"Sən böyük və böyüklərin ağasısan. Sən İmam, İmam oğlu və İmamlar atasısan. Sən Allahın höccəti(dəlili), Allah höccətinin oğlu və doqquz nəfər Allah höccətinin atasısan, onların həmısı sənin nəslindəndir. Onların doqquzuncusu Qaimi Ali-Muhəmməddir" (Muhəmməd ailəsinin qiyam edənidir)
İkinci xüsusiyyət budur ki, İslam dininin qalıb davam etməsi O Həzrətin şəhadətinə və Aşura inqilabına qırılmaz surətdə bağlıdır. Tarixə nəzər salsaq, məlum olar ki, əgər İmam Huseyn(ə)-ın qiyamı olmasaydı, əsl İslam dinindən əsər-əlamət qalmazdı. Ona görə də İslam Peyğəmbəri Muhəmməd (s) buna işarə edərək buyurur:
"Hüseyn məndəndir, məndə Huseyndənəm". Yəni Hüseynin yerində məndə olsam O edən işi mən də yerinə yetirərəm.
Yezid İmam Huseyn Həzrətlərini beyətə vadar etmək istəyəndə (Onun hakimiyyətini rəsmən tanımasını tələb edəndə) İmam Huseyn(ə) özü bu mətləbə işarə edib buyurdu: "Əgər Yezidə beyət etsəm, gərək İslamla vidalaşaq".
Üçüncü xüsusiyyət O Həzrətin məhəbbətinin ürəklərdə şölələnməsidir. Muhəmməd Peyğəmbər(s) bu barədə buyurur:
"Həqiqətən Hüseyn üçün insanların qəlblərində elə məhəbbət şöləsi var ki, heç vaxt sönməz".
Dördüncü xüsusiyyət budur ki, Huseynin (ə) türbətində şəfa vardır və O Həzrətin hərəmində edilən dua qəbul olunar.
Beşinci xüsusiyyət İmam Huseyn(ə) özünün qəhramanlığı və fədakarlığı ilə Allaha olan eşqini əməli surətdə isbat etmişdir. Əgər İmam Huseynin (ə) Aşura qiyamı olmasaydı, bir çox məsələləri dərk edə bilməzdik.
İmam Huseyn(ə) Aşura günü buyurur:
"İlahi, hər bir qəmdə pənahım, hər bir çətinlikdə ümidim Sənsən. Ürəkləri lərzəyə salan, çarəni azaldan, dostu narahat edən və düşməni sevindirən qəmləri Sənə tapşırdım. Səndən başqasına yox, yalnız Sənə məhəbbət bəslədiyim üçün, bu şikayəti Sənə söyləyirəm. Sən o qəmləri aradan apardın. Sən hər bir nemətin, hər bir xeyir işin sahibisən. Bütün arzuların sonu Sənsən".
İmam Huseynin (ə) hər nəyi var idisə, Allah yolunda fəda etdi, malını, ailəsini, dostlarını, övladını, hətta südəmər uşağını İslam yolunda qurban verdi.
Həzrət qətlgahda buyurur:
"İlahi! Sənin üçün hamıdan və hər şeydən keçdim. Səninlə görüşmək üçün bütün qohumlarıma göz yumdum. İlahi! Sənin məhəbbətinin yolunda tikə-tikə olsam da, Səndən başqasına pənah aparmaram!".
Bəli, həqiqi iman, həqiqi elm və irfan (Allahı tanımaq mərifəti) bax budur.
Bəndəçiliyin həqiqəti, təqva (günahdan çəkinmə) və zöhdün (dünyaya rəğbətsiz) həqiqi mənası, düşmənə və nəfsə qələbə çalmaq və əsl şücaət İmam Hüseynin (ə) vücudunda cilvələnir. İmam Huseyn (ə) səxavət, fəsahət və bəlağətin yüksək mərhələsində idi.Ədalət nuru, Allah yolunda cihad, hər cəhətdən haqqa yetişmək və ümumiyyətlə, bütün İlahi-insani səciyyələr o həzrətin varlığında var idi. Bütün bunlar İslam Peyğəmbərinin buyurduğu rəvayətin mənasını bəyan edir:
"Həqiqətən, Hüseyn hidayət çırağı və nicat gəmisidir".
Başqa yerdə İslam Peyğəmbəri Muhəmməd(s) buyurur
"Hər kəs Allahın və Əhli-Beytin nəzərində yer üzünün və göyün ən sevimli insanına baxmaq istəyirsə, Hüseynə baxsın".
Biz İmam Hüseynin qiyam etməsini İslamın diri qalması ilə bağlılığını qeyd etmişdik. Bu barədə İmam Hüseyn (ə) özü buyurur
"Mən heyvani-nəfs üzündən, fəsad törədib zülm etmək və ara qarışdırmaq üçün qiyam etmirəm. Mənim qiyamım, əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz munkər (pis işlərdən çəkindirmək) üçündür. Babam Rəsuli-Əkrəmin (Muhəmməd peyğəmbərin) atam Əmirəl-möminin Əlinin (ə) yolunu getmək, babamın ümmətini islah edib fəsadı aradan qaldırmaq üçün qiyam edirəm".
Bəli Azərbaycan xalqı, həmişə Məhərrəm ayı gələndə məscidlərə cəm olur mərsiyyələr və nohələr oxuyur, sinə vurub ağlayırlar. Ümidvarıq ki, bu il də xalqımız öz gözəl adət ənənələrinə sadiq qalacaqlar.