21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) və Aşura qiyamı barədə əsrlər boyunca çox yazılmışdır. Hər müəllif bu mövzuya fərqli aspektdən yanaşmağa çalışmış, özünün mühüm bildiyi cəhətləri qabartmışdır. Yazılan kitabların bir qismi tarix, bir qismi əqidə, bir qismi ədəbiyyat, bir qismi də siyasət ağırlığına malikdir.
Bəzi alimlər də Aşura qiyamına irfani nəzərlə baxmış, müxtəlif rəmzlər, simvollar, təşbehlər vasitəsilə onu vəsf etmişlər. Belə alimlərdən biri də mərhum Ayətullahül-üzma Şeyx Cəfər Şüştəridir. Şeyx Cəfər Şüştəri böyük fiqh alimi və öz dövrünün mərceyi-təqlidlərindən biri olsa da, “əl-Xəsaisül-Hüseyniyyə” kitabını məhz irfani üslubda qələmə almışdır.
Mövzuya keçməzdən əvvəl mərhum Ayətullah Şüştərini aşura müsibəti ilə bağlayan bir cəhətə diqqət yetirmək istərdik. Alimin nəticəsi Şeyx Mühəmməd Təqi Şüştəri öz ulu babası haqqında xatirələrində qeyd edirdi ki, Şeyx Cəfər cavanlığında hafizəsinin zəifliyindən əziyyət çəkirmiş. Belə ki, hətta minbərdə camaata moizə edərkən və rovzə oxuyarkən kitaba baxmağa möhtac imiş, mövzuları yadda saxlaya bilmirmiş. Kitabdan istifadə etmək onun moziələrinin təsir gücünü azaldırdı. Axırda Şüştəri İmam Hüseynə (ə) təvəssül edir ki, hafizəsinin düzəlməsi üçün Allahla onun arasında vasitəçi olsun.
Alim həmin gecə qəribə bir yuxu görür. Yuxuda görür ki, Aşura günüdür və o, Kərbəlada, İmam Hüseynin (ə) çadırındadır. İmam Hüseyn (ə) Şeyx Cəfərə oturmaq üçün yer göstərir, sonra yanında duran Həbib ibn Məzahirə tərəf dönüb buyurur: “Ey Həbib, bu gənc bizim qonağımızdır. Ona ehtiram göstərib yemək verməliyik. Bilirəm ki, suyumuz yoxdur, ona görə heç olmasa buğdadan və yağdan bir yemək hazırlayıb gətir”.
Həbib ibn Məzahir çadırdan çıxır və az sonra bir boşqab xörəklə qayıdır. Xörəyi Şeyx Cəfərə təqdim edir. Alim röya aləmində xörəkdən bir neçə qaşıq yeyib yuxudan ayılır. O an hiss edir ki, hafizəsi düzəlib. O gündən Şeyx Cəfər Şüştəri minbərə qalxanda kitabdan istifadə etmir və zamanının ən güclü xətibi kimi şöhrət qazanır. Deyirlər ki, onun bircə cümləsindən camaat riqqətə gəlib ağlayar, məclisdə ah-nalə səsi ucalarmış.
Şeyx Cəfər Şüştəri XIX əsrin ən böyük müctəhidlərindən biri idi. O, Sahibi-Zəvabit, Sahibi-Cəvahir, Sahibi-Füsul, Çeyx Cəfər Kaşifül-qitanın oğulları Şeyx Əli və Şeyx Həsən, Şərifül-üləma Mazandarani, eləcə də, Şeyx Mürtəza Ənsari kimi elm nəhənglərindən dərs almışdı. Deyirlər ki, onun imamlığı ilə qılınan camaat namazında 24 min nəfər iştirak edirmiş, namazın mükəbbirlərinin (təkbir deyənlərin) sayı yüzdən çox imiş.
Şüştərinin “Xəsaisül-Hüseyniyyə” (İmam Hüseynin özünəməxsusluqları, fəzilətləri) kitabı 2 cilddən ibarət imiş. Kitabın yalnız birinci cildi çap olunub, ikinci cildi isə itib.
Müəllif kitabda İmam Hüseyni (ə) Quranla və Kəbə ilə müqayisə edir, həzrətin mənəvi məqamını təsvirə çəkir, onun yaradılışdan əvvəl, dünyada və axirətdəki məqamlarını irfani dillə canlandırır. Kitabın maraqlı bölümlərindən biri də Qurani-kərimin 14 mənzili (məqamı, yeri) və buna uyğun olaraq İmam Hüseynin də 14 mənzili barədə yazılanlardır.
Şeyx Cəfər Şüştəri qeyd edir ki, Qurani-kərim yaradılışın əvvəlindən sonuna kimi 14 mənzilə malik olub və olacaq.
Birinci mənzil lövhi-məhfuzdur. Allah-təala hər şeyi, o cümlədən, Quranı da lövhi-məhfuza həkk edib: “O, şanlı-şərəfli Qurandır. O, lövhi-məhfuzdadır” (“Büruc” surəsi, ayə 21-22).
Quranın ikinci mənzili lövhi-məhfuzun gözətçisi olan İsrafil mələyin qəlbidir.
Üçüncü mənzil Mikayıl mələyin (ə), dördüncü mənzil isə Cəbrayıl mələyin (ə) qəlbidir. Bu mələklər Quranı bir-birindən əxz etmişlər, Cəbrayıl mələk də Peyğəmbərə ötürmüşdür.
Quran Qədr gecəsində beşinci mənzilə - beytül-məmura, yəni ərşdən yer səmasına endirildi.
Altıncı mənzil Qədr gecəsində Peyğəmbərin qəlbinə Quranın birdəfəlik endirilməsi oldu.
Quranın yeddinci mənzili 23 il ərzində hissə-hissə Peyğəmbərin qəlbinə endirilməsi ilə bağlıdır.
Hədislərə görə, Quran hər il Qədr gecəsində İmam Zamana (ə) təqdim olunur, bu da onun səkkizinci mənzilidir.
Qurani-kərimin doqquzuncu mənzili – onu eşidən insanların qulağı, onuncu mənzili – onu oxuyan insanların dilidir.
Ayələr kağıza yazılır, bu da on birinci mənzil sayılır.
Quran ayələri möminlərin qəlbinə hopur, mömin qəlblər on ikinci mənzil olur.
Qurani-kərim qiyamət günündə yaraşıqlı qiyafədə məhşərə daxil olar, ona ehtiram bəsləyənlərə şəfaət edər, ona sayğısızlıq edənlərin əleyhinə şəhadət verər.
Nəhayət, Quranın on dördüncü məqamı behiştdir. Quran behiştə möminlərin qəlbində gedər. Möminlər öz dərəcələrinə, o cümlədən, Quranla ünsiyyətlərinə görə cənnətin bir dərəcəsindən daha yüksək o biri dərəcəsinə ucalarlar, Quran da onların qəlbində ucalıq qazanar.
Bunlar Şeyx Cəfər Şüştərinin irfan dünyasında Quranın 14 mənzilidir. Daha sonra alim bu 14 mənzilə uyğun olaraq İmam Hüseynin də 14 mənzilə malik olduğunu bəyan edir və həmin mənzilləri bir-bir açıqlayır, bununla da İmam Hüseynin şəxsiyyəti ilə Quran arasında bənzərlik tapmağa çalışır.
Müəllif qeyd edir ki, İmam Hüseynin (ə) birinci mənzili ruhlar aləmi idi. O həzrət İslam Peyğəmbərinin mübarək nurundan yaranmışdı. (Hədislərdə buyurulur ki, varlıq aləmində yaranmış ilk şey Həzrət Rəsulüllahın nuru olmuşdur. Bu nur parçalanmış, ondan digər məsumların nurları yaranmış, daha sonra bütün varlıq aləmi vücuda gəlmişdir).
İmamın ikinci mənzili Allahın ərşinin ətrafı, üçüncü mənzili behişt idi (bu mənzillərdə həzrət ruh halında idi).
İmam Hüseynin (ə) nuru öz ulu əcdadları vasitəsilə dövr etmiş, ataların sülbündə (belində) və anaların bətnində ötürülmüşdür. Bunlar da onun dördüncü və beşinci mənzilləri idi.
İmam Hüseyn (ə) dünyaya gələrkən Həzrət Fatiməyə (ə) yardım etmiş mələklərin əli o həzrətin vücudu üçün altıncı mənzil oldu.
Doğulduqdan sonra İmam Hüseynin (ə) yeddinci mənzili Peyğəmbərin mübarək vücudu idi. İmam o həzrətin sinəsi üstə, qucağında, boynunda, çiynində qərar tutardı.
İmam Hüseynin (ə) səkkizinci və doqquzuncu mənzilləri anası Fatimənin (ə) və atası Əlinin (ə) qucağı idi.
Onuncu mənzil vəhy mələyi Cəbrayılın (ə) qucağı idi. (Vəhy mələyi insan cildində peyğəmbərə görünərdi). Cəbrayıl (ə) körpə Hüseyni (ə) öpüb əzizləyərdi.
Sonralar İmam Hüseynin (ə) on birinci uca mənzili İslam Peyğəmbərinin minbəri oldu. Babası onu minbərdə öz yanında otuzdurub camaata göstərər, gələcək şəhadəti barədə danışardı.
Peyğəmbər vəfat edərkən İmam Həsənlə İmam Hüseyn (ə) onun vücuduna sarılıb vidalaşdılar. Bu da həzrətin on ikinci mənzili idi.
İmam Hüseynin (ə) on üçüncü mənzili Peyğəmbərin qəlbi idi. Allahın Rəsulu buyurmuşdu: “Mənim qəlbimdə Hüseyndən ötrü elə bir yer var ki, heç kimin yeri ona bənzəməz”.
Nəhayət, İmam Hüseynin (ə) on dördüncü mənzili onu sevən möminlərin qəlbidir.
Şeyx Cəfər Şüştəri (“Xəsaisül-Hüseyniyyə”)