21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) hərəkatının tərəfdarlarına bəzi təkliflər;
Hər vətəndaş bir salam, hər tərəfdar bir mesaj / Fərdi geyimlərimizi və sosial şəbəkə hesablarımızı Hüseyni (ə) edək / Bu məhərrəmliyi bütün dünya Əhlibeyt tərəfdarlarının birliyinə vasitə edək / Əhlibeyt tərəfdarları üçün cahanşümul (red:fars. cahan, şümul – şamil olan; Bütün dünya üçün əhəmiyyəti olan, dünyanı tutan, dünyaya yayılan, böyük tarixi əhəmiyyəti olan, dünyada tanınan) , qlobal və beynəlxalq bir dil və kimlik yaradaq.
بسم الله الرحمن الرحیم. اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ وَ عَلى اَوْلادِ الْحُسَیْنِ و عَلى اَصْحابِ الْحُسَیْنِ (علیهم السلام).
“Bismillahir-Rəhmanir-Rəhim
Əs-Səlamu ələl-Huseyn və əla Əli ibnil Huseyn və əla ovladil Huseyn və əla əsahibil Huseyn (hamısına Allahın salamı və salavatı olsun).
Qalx, Məhərrəm yaxındır və “Həl min nasirin yənsuruni” (mənə kömək edəcək biri varmı) sədası “Sarəllah”ın aşiqlərini özünə çağırır.
Əzadarlığın xüsusiyyətlərindən biri də onun hər tayfa və regionun yerli adət-ənənələri ilə qatışmasıdır. Belə ki, bəzən əzadarlıqlar hətta bir məhəllədə digərinə nisbət fərqli olur. Əzadarlıq adətlərinin İmam Hüseynin (ə) müqəddəs hərəkatının dərin möhtəvasından bəhrələnərək zaman-zaman bu cür formalaşması onu dinamik və qalıcı edib.
İndi isə, bu dinamika və qalıcılığın kənarında kütləvi informasiya və sosial şəbəkələr texnologiyasının köməyi ilə beynəlxalq əzadarlıq mərasimləri üçün imkan yaranmışdır.
Cari ildə koronavirus pandemiyasının yayılması səbəbi ilə sanitariya protokollarına riayət etmək şərti ilə keçiriləcək (red: hər ölkənin daxili qərarına əsasən) əzadarlıq proqramlarının kənarında bir sıra proqramlar da virtual məkanda icra ediləcək. İnanırıq ki, bu məsələ, sosial şəbəkələrin əzadarlıq fonunda əhəmiyyət çəkisini keçmişə nisbətən daha da ağırlaşdırıb.
Buna görə də əzadarlıq heyətləri və qurumları bütün imkanlarından istifadə edərək şiələri öz canlı yayımları və hazırladıqları proqramları ilə ən ali dərəcədə və yüksək bədii keyfiyyətlə feyziyab etməyə çalışacaqlar. Həmçinin İmam Hüseynin (ə) inqilabi hərəkatının maarifləndirici yönlərini, fəlsəfəsi, tarixi gedişatı, nəticə və ibrətlərini, Əhli-Beytin (ə) məzlumiyyətindən danışan ən dərin məfhumları, etibarlı rəvayətləri və ürəkyandıran məqtəlləri əzadarlar ilə paylaşacaqlar.
Amma bu arada bir sıra görüləcək işlər də var ki, bunun məsuliyyəti şiə qadın və kişi, cavan və yeniyetmələrinin hər birinin üzərinə düşür: Həm real keçirilən mərasimlərdə iştirak edənlərin, həm də sosial şəbəkələr üzərindən izləyənlərin.
1). Milli səviyyədə “hamı birlikdə” rabitəsi: Əgər “Zeynəb (s) olmasaydı Kərbəla Kərbəlada qalardı” devizinə inanırıqsa, Məhərrəmin ilk günündən Aşurayadək, biz də İmam Hüseynin (ə) inqilabının peyğamını çatdıranlardan olmalıyıq. Bunu hər birimiz küçə və məhəlləmizdə, evdə və evin qapısında qara parça və bayraq asmaqla, fərdi geyim tərzimiz və üzərimizdə Məhərrəmin və İmam Hüseyn (ə) əzadarlığının əlamətlərini gəzdirməklə, qara libas geyinməklə, boynumuza qara şal, qolumuza qara bağlamaqla, özümüzlə ehtiramını saxlayaraq gəzdirə biləcəyimiz və üzərinə İmam Hüseynin (ə) və əshabının adları yazılmış istənilən əzadarlıq simvolundan istifadə etməklə həyata keçirməliyik.
Həmçinin sosial şəbəkələr üzərindən məqsədli, əzəmətli, dərin və mətin mənaları ehtiva edən milli səviyyədə kampaniyalar başlatmalı, hər bir mobil telefon və hər bir sosial şəbəkə hesabını İmam Hüseynin (ə) adını, xatirəsini və hədəflərini izah edən vasitəyə və bayrağa çevirməliyik. Bu kampaniya Aşura şüarlarının və simvollarının rəngi ilə reallaşa bilər. Bunu bəzilərimiz bəzən deyil, hər birimiz hər an bacardığımız qədər, İmam Hüseynə (ə) və onun dəyərli əshabına salam yazmalı, bunu sosial şəbəkə hesablarımızın profayl fotosu etməliyik.
Bu işdə Aşuraya aid dərin məna çalarlarını ehtiva edən qədim və yeni rəng, simvol və şüarlardan istifadə olunmalıdır. Həmçinin hər gün ən azı bir Aşura mesajı və ya möhtəvası doğru moizə və mərsiyəni yaşadığımız ölkədə və xaricdəki dostlarımızla paylaşmalıyıq. Diqqət etməliyik ki, müxtəlif qruplar üçün göndərəcəyimiz mətn, foto, audio və video formatlarında olan bu mesajlar ümümi paylaşım üçün yararlı olsun.
2). Beynəlxalq səviyyədə “hamı birlikdə” rabitəsi: Həmin işləri (hər şiə bir salam və hər şiə bir peyğam) bacardığımız miqdarda beynəlxalq səviyyədə (Fars, Ərəb, İngilis, Urdu və Azərbaycan dillərində) ölkəmizin sərhədlərindən kənarlarda yaşayan dostlara, xüsusi ilə də şiələrə mesaj göndərməklə həyata keçirə bilərik.
Qeyd etdiyimiz kimi, real həyatda həyata keçirilən proqramların xüsusiyyəti budur ki, müəyyən bir məkanda icra olunmalıdır. Virtual proqramların da özəlliyi budur ki, çox asanlıqla beynəlxalq səviyyədə ümumiləşdirmək olur. Nə üçün cavanlarımızın digər ölkələrdən olan şiələrin də toplaşdığı virtual qrupları olmamalıdır? Nə üçün onlar bizim və biz də onların mütəfəkkirlərinin İmam Hüseyn (ə) hərəkatı və şiələrə aid digər məsələlər və daha artığı barədə fikirlərini öyrənməmliyik? Nə üçün Pakistan, Hindistan, Afrika, Avropada və digər ölkələrdən olan növhə və mərsiyə oxuyan və əzadarlıq edən qardaşlarımızı dinləməyə adət etməmişik? Real məkanda İraqlı, Türk, Küveyti, Bəhreyni, Hindli, Zəncanlı, Buşəhrili və digər adlarla olan Hüseyniyyələrin olması zəruri və həm də dərk ediləndir, amma sosial şəbəkələr və virtual məkanda nə üçün beynəlxalq Hüseyniyyələrimiz olmasın?
Dünyanın harasında və hansı millətdən asılı olamayaraq nə üçün digər müsəlman qardaşlarımız və digər dinlər və millətlərdən olan insanlarla İmam Hüseyndən (ə) danışmırıq?
Şiə bacılar və qardaşlar olaraq dünyanın harasındayıqsa, nə üçün şiəlik üçün beynəlxalq və qlobal dil, kimlik və doktrina yaratmırıq?
Seyyiduş-Şühəda (ə) dünyanın hər yerində zülmlə mübarizənin ən ali simvolu, dünya məzlumlarının və insanlıq, azadlıq, ədalət, əxlaq və mənəviyyat teşnələrinin möhkəm və qırılmaz ipidir.
Milli və beynəlxalq kampaniya yaradaraq və ya bu kampaniyaya qoşularaq bu ili dünya şiələrinin birliyi və şiələrin böyük şəbəkəsinin yaradılması üçün başlanğıc nöqtəsi edək. Millət, tayfa və dilindən asılı olmayaraq bütün dünyaya İmam Hüseynə (ə) salam və Aşura mesajı göndərək.
İmam Hüseyn (ə) şiə dünyasının və azadlıqsevərlərin beynəlxalq dili və kimliyidir.
Xalisanə paylaşdığımız hər salam və hər mesaj şübhəsiz ki, “böyük oyanış”a yetişmək yolunda olacaq, hər gün şöləsi və mənəviyyatı çoxalacaq, “sur çalınmamış Ərşi-əəzəmə uzanan oyanış” baş verəcəkdir.
Vəs-Səlamu ələykum və rəhmətullahi və bərəkatuh
Əbülfəzl Fatih