23 Noyabr 2024 - 23
İnsan müxtəlif yollarla Allah yolunda qədəm götürə bilər; bəzən malını xərcləməklə, bəzən abır-heysiyyətindən keçməklə, bəzən də canını təqdim etməklə (şəhadətə yetməklə)! Sözsüz, Allah-Taala, Onun yolunda öz canı ilə bərabər, əhli-əyalının canından keçən insan üçün xüsusi savab və mükafatlar nəzərdə tutmuşdur. Necə ki, Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 111-ci ayəsində belələri haqda buyurur:
إِنَّ اللَّهَ اشْتَرى مِنَ الْمُؤْمِنينَ أَنْفُسَهُمْ وَ أَمْوالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ يُقاتِلُونَ في سَبيلِ اللَّهِ فَيَقْتُلُونَ وَ يُقْتَلُون
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canları və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır…”
Bu ayədə Allah yolunda mübarizə aparanların axirət mükafatından söz açılsa da, şübhəsiz ki, Allah-Taala, öz canını Ona vəqf edənlər üçün elə bu dünyada da mükafatlar nəzərdə tutmuşdur. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə buyurulur:
من کان للَّه کان اللَّه له وَ مَنْ أَصْلَحَ أَمْرَ دينه أَصْلَحَ اللَّهُ لَهُ أَمْرَ دُنْيَاهُ و مَنْ أَصْلَحَ مَا بَيْنَهُ وَ بَيْنَ اللَّهِ أَصْلَحَ اللَّهُ مَا بَيْنَهُ وَ بَيْنَ النَّاسِ.
“Hər kəs Allah üçün olarsa (şalışarsa), Allah da onun üçün olar (şalışar), hər kəs Onun dinini islah edərsə, Allah da onun dünya işini islah edər və hər kəs özü ilə Allah arasında islahat apararsa, Allah da onunla camaat arasında islahat aparar.” (“Biharul-ənvar”, 79-cu cild, səh.197.)
Peyğəmbəri-Əkrəmin (s) bu kəlamının ən bariz nümunəsi şəhidlər sərvəri imam Hüseyndir (ə) ki, bu məsələdə heç kim o həzrətə tay ola bilməz. İmam Hüseyn (ə) bütün varlığı ilə Allah üçün çalışdı, Allah yolunda xərc çəkdi. Elə buna görə də, Allah-Taala da o həzrətin ixlas və fədakarlığını cavabsız qoymadı, heç kimə əta etmədiyi mükafatları məhz imam Hüseynə (ə) məxsus bildi; o həzrətin ziyarət və torpağının savabından tutmuş, əzadarlıq məclisləri və həmin məclislərdə görülən işlər, verilən ehsanlar və axıdılan şor göz yaşlarının savabları və nəhayət, qiyamətdə o həzrətə məxsus şəfaət məqamına qədər!
Doğrudan da, bu bölümdə nəql olunan rəvayətlərə diqqət yetirdikdə, insan əqli heyran qalır ki, nə üçün Allah-Taala imam Hüseynə (ə) bu qədər Öz rəhmət və məhəbbətini aid etmiş, hər bir bəhanə və vasitədən istifadə edərək imam Hüseynlə (ə) rabitə quranları da Öz lütf və mərhəmətinə şamil etmişdir.
Bunun cavabı imam Zamanın (ə.c.) Əllamə Seyid Bəhrül-Üluma söylədiyi əhvalatda aşkar görünür:
Bir gün gənc bir şah öz vəzir-vəkillərini toplayıb ova çıxmaq istədiyini bildirir. Hamı şahın fikrini bəyənib ov tədarükü görməyə məşğul olur. Ertəsi gün onlar təbiətin qoynuna çıxıb ov üçün münasib yer axtarmağa başlayır. Şah ətrafındakılara onu, qarşılaşdıqları ilk ovla tək buraxmalarını tapşırır. Bir qədər sonra təpənin üstündə bir ceyran görür, əmrə əsasən hamı yerində dayanır və şah öz ovunu qovmağa başlayır. Günün ikinci yarısınadək şah ceyranın arxasınca at qovur və nəhayət, bir də ayılıb görür ki, hava qaralmağa başlayır, ətrafındakı adamlardan səs-soraq yoxdur, özü də ac-susuz və yorğundur. Nə etməli? Hansı istiqamətə getməli? Harada gecələməli? Bu fikirlərlə bir qədər gəzib-dolandıqdan sonra uzaqdan bir alaçıq görünür. Şah atını sürüb həmin alaçığın qapısında dayanır. Burada bir yaşlı qadınla bir kişi yaşayırdı. Onlar yorğun atlını görcək içəri gətirib ona qulluq etməyə başlayırlar. Qonaq həddindən artıq ac və taqətsiz olduğundan ona şam hazırlamaq lazım gəlir. Lakin bu miskin ailənin dünya malından var-yoxları yalnız südü ilə dolandıqları bir keçi olur və yemək hazırlamaq üçün ondan başqa heç bir şeyə gümanları gəlmir. Ər-arvad öz aralarında götür-qoy etdikdən sonra kimliyindən xəbərləri olmadığı, lakin Allah qonağı hesab etdikləri bu qəribəyə lazımınca xidmət etməyi hər şeydən üstün tutub, yeganə ümidləri olan keçini kəsib ətindən kabab bişirir, qonağı yetərincə yedizdirirlər. Bütün söhbətləri eşidib, işləri diqqətlə izləyən şah bu yüksək qonaqpərvərliyə, insaniyyət tamaşasına baxırmış kimi, bu səhnələrdən mənəvi zövq alır, onların sadəliyinə məftun olur. Nəhayət, səhər açılır, şahın adamları uzun axtarışdan sonra gəlib onu həmin alaçıqda sağ-salamat tapırlar. Şah əmr verir ki, bu ər-arvadı sarayıma gətirsinlər.
Ertəsi gün sarayda böyük ziyafət təşkil edilir, bütün əyan-əşraf, vəzir-vəkil və alimlər orada iştirak edirlər. Məclisin yuxarı başında şahla yanaşı, həmin kişi ilə qadın da oturur. Şah üzünü məclis iştirakçılarına tutub əhvalatı olduğu kimi danışıb soruşur: “Mən bunların yaxşılığının müqabilində nə etməliyəm? Hansı bir iş bunların mənə göstərdikləri xidmətin əvəzini ödəyə bilər?” Bir nəfər “Yeddi qoyun versən kifayət edər!” – deyə dillənir. İkincisi yetmiş qoyun, üçüncüsü yeddi sürü, kimisi yeddi kənd deyə təklif edir, amma şah hər dəfə “Olmadı!” deyib başını etirazla yelləyir! Nəhayət, onlar təəccüblə şahın üzünə baxıb bir söz demirlər. Saray alimi məclisdə toplaşanların təəccübünü izhar etmək üçün dillənir: “Şahım, olmaya bircə keçiyə görə bütün xəzinəni bunlara vermək istəyirsən?!” Şah təmkinlə sözə başlayıb deyir: “Həqiqəti bilmək istəsəniz, bütöv bir xəzinə də bunların yaxşılığını ödəməz. Çünki onlar Allah qonağına xidmət etmək üçün hər bir şeylərindən keçdilər. Bunların var-yoxu təkcə bir keçi idi və onu da qurban etdilər. Əgər mən də onun əvəzini vermək istəsəm, gərək bütün var-yoxumu və şahlığımı onlara təqdim edim.”
Cənab Bəhrül-Ülum! Şəhidlər sərvəri imam Hüseyn (ə) Allah yolunda malından, canından, əhli-əyalından, oğlu və qızından, bacısı və qardaşından, bir sözlə, hər bir şeyindən keçdi. Hansı məşəqqətləri görmədi?! Dünyada elə bir dərd-bəla varmı ki, o həzrətin müsibətində onun mütləq nümunəsini tapmayaq?! Elə isə, Allah-Taala o həzrətin özünə, zəvvarları və əzadarlarına çoxlu savab və mükafat verirsə, təəccüb etməməliyik!
Bəli, Peyğəmbəri-Əkrəmin (s) buyurduğu kimi, “hər kim Allah üçün çalışarsa, Allah da onun üçün çalışar!” Allah-Taala şəhidlər sərvəri imam Hüseynlə (ə) belə ticarət etdi! (“Rəmzo-raze Kərbəla”, Hüseyn Gənci, səh.97-99.)
Rza Şükürlü (Maide.az)