20 May 2024 - 20

20 May 2024 - 20

Kərbəla günəşi - Səyyad Aran yazır
22.01.2021

Kərbəlada misli bərabəri olmayan görünməmiş bir faciə baş verdi. Həmin faciə o zamandan ta çağımızadək bütün İslam aləmini dərindən sarsıtmaqdadır. Belə ki, bu faciə zamanı İslam Peyğəmbərinin hədislərində "Cənnət reyhanı” və "cənnət gənclərinin ağası adlandırdğı” həzrət Hüseyn və onun 72 tərafdarı xüsusi qəddarlıq və amansızlıqla qətlə yetrilmişdir. Həmin gün Kərbəlada Allah Elçisinin çiçəyi qoparılmışdı. Çünki həzrət Məhəmməd (s) həyatda olarkən həzrət Hüseynə məhz "mənim çiçəyim” deyə xitab edərdi.

Qurani-Kərimin "əl-Maidə” surəsinin 32-ci ayəsindən anlaşıldığına görə, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürərsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.

Bəli. Kərbəla fəaciəsinin timsalında qeyd edilən ayədən anlaşıldığı kimi sanki Həzrət Hüseynin simasında bütün insaniyyət öldürüldü.

Allah Rəsulu (s) hədislərinin birində haqsız yerə insan öldürülməsinin nə qədər böyük günah olmasına diqqət çəkərək: "Allah qatında dünyanın yox olması, bir müslümanın öldürülməsindən daha xəfifdir” -, buyurmuşdu. Bu hədisdən də anlaşıldığı kimi həmin qətliamla Həzrət Hüseyn kimi bir günahsız şəxsiyyətin simasında bir dünya məhv edildi. Bir dünya yox edildi.

Bu qırğınla sanki bir dinə qıyıldı. O din ki, onun yaranmasından hələ 70 il keçməmiş o dinin Peyğəmbərinin çox sevdiyi nəvəsi, yenə o Peğəmbərə "iman etdiyini”söyləyənlər tərəfindən vəhşicəsinə qətl edildi.

İndi də bir qədər Həzrət Hüseynin nümunəvi həyatı və həmin faciəyə aparan hadisələrin gedişatı barədə.

Həzrət Əli və Hhzrət Fatimənin ikinci övladı olan həzrət Hüseyn 10 yanvar 626-cı ildə Mədinədə dünyaya gəlmişdir. O, daha çox "Seyyidüs-Şühəda” yəni şəhidlərin ağası ləqəbi və Əbu Abdullah (Abdullahın atası) künyəsi ilə tanınır.

Atası həzrət Əli ona qardaşı Həzrət Həsənə bir il öncə vermək istədiyi Hərb və ya Cəfər adını qoymaq istəmişdi. Lakin Rəsulullah (s) nəvəsinin qulağına əzan oxuyaraq, ona o vaxtadək ərəblərdə olmayan Hüseyn (ərəb dilindəki fəaleyn babındandır, kiçik, gözəl anlamını ifadə edir) adını qoydu və həzrət Fatiməyə kasıblara uşağın saçı ağırlığında gümüş paylamağı tövsiyə etdi.

Həzrət Hüseyn həzrət Əlinin xəlifəliyi dövründə Kufəyə gedərək bütün səfərlərdə iştirak etmişdir. Atasının şəhadətindən sonra isə onun vəsiyyətinə uyğun olaraq qardaşına tabe olmuşdur. Həzrət Həsənin vəfatından (49/669) sonra I Yezidin hakimiyyətə gəlməsinə qədər ibadətlə məşğul olmağa, zöhd və təqvalı həyat yaşamağa üstünlük vermişdir.

Müaviyə ömrünün sonlarına yaxın oğlu Yezidi özünə vəliəhd seçəcəyini və hakimiyyəti özündən sonra ona verəcəyini bildirmiş, bu da bütün müsəlmanlar kimi Həzrət Hüseyni də narahat etməyə başlamışdır. O, İslamın gələcəyi ilə bağlı nigaranlığını belə dilə gətirmişdi: "Yezid kimi birisi xəlifə olarsa və ümmət də bunu razılıqla qarşılayırsa deməli İslamla vidalaşılmışdır.

Yezid isə həzrət Hüseyn, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyrdən beyət almaq üçün fəaliyyətə başlamışdır. Mədinə valisi Vəlid ibn Ütbəyə məktub yazaraq sözügedən şəxslərin beyət etdirilməsini tapşırmışdır.

Vəlidin yanına çağırılan həzrət Hüseyn onu bir az dinlədikdən sonra oranı tərk edərək qardaşı Məhəmməd ibn Hənəfiyyənin məsləhəti ilə bacıları Ümmü Gülsüm, Zeynəb, qardaşları Əbu Bəkir, Cəfər, Abbas və ailəsi ilə birlikdə Məkkəyə getmişdir.

Həzrət Hüseyn Məkkədə olarkən kufəlilər məktublar yazaraq onu təkidlə Kufəyə dəvət etmiş, gələrsə təhlükəsizliyini təmin edib, qoruyacaqlarına dair söz vermişdilər.

Abdullah ibn Muti ona Məkkəyə çatandan sonra Kufəyə dəvət olunarsa, ora getməməyi tövsiyə etdi və: "Ora əsla ayaq basma! Çünki ora çox uğursuz bir yerdir. Atanı orda şəhid etdilər. Qardaşını orda tək qoydular. Sən Məkkədən ayrılma”, ‒ demişdir.

Həzrət Hüseyn onların atası və qardaşına necə davrandıqlarını yaxşı bildiyi üçün Müslim ibn Aqili özünün vəkili kimi Kufəyə göndərmişdi. Müslim ibn Aqil on səkkiz min nəfərdən gizlicə beyət almış və bu barədə Həzrət Hüseynə məktub göndərmişdi.

Həzrət Hüseyn Müslimin məktubunu aldıqdan sonra oraya getmək üçün hazırlıqlara başlamışdır. Bunu eşidən Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr və Abdullah ibn Ömər kimi tanınmış şəxslər də onu bu fikrindən daşındırmaq üçün əlindən gələni etmişdilər. Həzrət Hüseyn isə Abdullah ibn Ömərin məktubunu oxuduqdan sonra: "Əlbəttə, mən şəhid ediləcəyim yerə gedirəm”,− demişdir.

Beləcə 680-ci ildə Kərbəlada böyük bir qatliam baş vermişdir. Bu qatliam o gündən ta bu günədək İslam aləmini dərindən sarsıtmış, hamımızın qəlbində sağalmaz bir yaraya çevrilmişdir. Həzrət Hüseyin və Kərbəla şəhidləri sadəcə İslamın deyil, eynı zamanda bütün insanlığın təməl prinsipi olan haqq-ədalət, əmanətə sədaqət, işi əhlinə (bilənə) tapşırmaq, bir qrupun deyil, bütün cəmiyyətin mənafelərini üstün tutmaq və məşvərət kimi ümumbəşəri dəyərlər uğrunda şəhid oldular. Kərbəla şəhidləri Qurani-Kərimin təbliğ etdiyi və Həzrət Məhəmmədin də uğrunda mübarizə apardığı dəyərlər uğrunda şəhadət şərbətini içərək bütün insanlıq üçün misli görünməmiş bir fədakarlığın simvoluna çevrildilər. Onlarla bərabər İslamın da şəhid olduğunu söyləyirlər. Bu fikirdə olanlara haqq da qazandırmaq olar. Heç haqq-ədalətin, əmanətə sədaqətin, işi əhlinə (bilənə) tapşırmamağın olduğu bir yerdə İslam olar? Cəmiyyətin mənafelərinin bir şəxsin marağına qurban verildiyi yerdə İslamdan necə söhbət gedər?

Yezid və yaxınları saraylar inşa etdilər. Sərvətlərinə sərvət qatdılar. Əzdilər, yoxsulun və məzlumun haqqlarını tapdadılar. Həzrət Məhəmmədi və İslamı yerlə yeksan edib yeni bir din yaratmağa çalışdılar. Əslində onların yaratmağa çalışdığı bu "din” İslam öncəsi mövcud olan bütpərəstliyə İslam maskasının geyindirilməsi idi.

Bu səbəbdən də Həzrət Hüseyn babası Məhamməd Mustafanın və atası Həzrət Əlinn dəyərlərinə sadiq qalaraq və İslamı qurtarmaq uğrunda Kərbəlada bilərəkdən ölümə getdi. Həzrət Hüseyin və Kərbəla şəhidləri sadəcə biz müsəlmanlar üçün deyil, bütün insanlıq için misilsiz bir fədakarlıq göstərərək şəhid oldular. Məsələ ilə bağlı fikirlərimi müasir Hindistanın qurucusu Mahatma Gandhinin sözləriylə bitirmək istəyirəm:"Həzrət Hüseyin və Kərbəla şəhidləri sadəcə Şiələrin və İslamın şəhidi deyildir. Onlar bütün insanlığın ortaq şəhididir”.

Həzrət Hüseyn məruz qaldığı haqsızlıq, çöllərdə keçirdiyi ac-susuz günləri və faciəli ölümü ilə o gündən bu günədək gözləri yaşatmış, qəlbləri dağlamışdır. Lakin İmam Hüseyn həm də bütün müsəlmanların qəlbində misilsiz bir sevgi qazanmış bir şəxsiyyətdir. Çünkü məhz Peyğəmbər onu sevmiş, ümmətinin də onu sevməsini istəmiştir. Həzrət Hüseyn də Kərbəlada kamil imanı, Haqqa bağlılığı və cəsarəti ilə buna layıq olduğunu bir daha sübut etmişdir.


Səyyad Aran

yenises.az/kerbela.info