21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

“Hüseyn (ə) öz canını fəda etdi ki, müsəlmanlara nadanlıqdan, şirkdən, küfrdən nicat versin”
18.02.2021

Ayətullah Safi Gülpayiqani buyurmuşdur: “Allahın qüdrətindən uzaq deyildir ki, bütün aləmi bir nəfərdə cəmləsin. Çünki O, əzəməti, rəşadəti, üstün xüsusiyyətləri İmam Hüseyndə (ə) cəmləmişdir. Hüseyn - həyatdır, Hüseyn - izzət və şəhadətdir, Hüseyn - İslamdır, Hüseyn - Qurandır, Hüseyn - imandır, qeyrətdir və şücaətdir, Hüseyn - azadlıq, kəramət, səbir və mətanətdir. Hüseyn - şərafət, həqiqət yolunun şəhididir. Hüseyn - Allah yolunda cihadın şəhididir.

Hüseyn (ə) öz canını, övladlarının, əzizlərinin, qardaşlarının, din yoldaşlarının canını din yolunda fəda etdi ki, müsəlmanlara nadanlıqdan, şirkdən, küfrdən nicat versin. Allahın salamı olsun ona, övladlarına, Əhli-beytinə (ə) və səhablərinə!

Hüseyn (ə) və tərəfdaşları, İslam və Quran köməyə çağıran zaman, bu fəryada “Ləbbeyk!” dedilər. Halbuki başqaları mal-dövlətə tamah etdiyinə, ya da Bəni-Üməyyədən qorxduğuna görə İslam və Quranın bu fəryadını eşitmədi. Ona cavab vermədi. Əgər Hüseyn (ə) olmasaydı, biz də olmazdıq.

Hüseyn (ə) elə bir insan idi ki, ayağa qalxdı və “Ləbbeyk!” dedi. O, dedi: “Mən Sənə fədayam, Qurana fədayam, müsəlmanlara və yoxsullara fədayam. Mən tövhid dinini müdafiə edirəm. Mən də, övladlarım da, Əhli-Beytim (ə) və səhabələrim də Allah Rəsulunun (ə) dəvətini müdafiə edirəm. Qurana zalımların əlindən nicat verərək, bu yolda canımı, malımı əsirgəmərəm”.

Allahu Əkbər! Hüseyn (ə) qiyam etdi. Varlıq aləmində qiyam etdi. İslamı müdafiə etdiyini fəryad çəkdi. O, deyirdi: “Mənim nəzərimcə Allah yolunda ölmək, şəhadətdən başqa bir şey deyildir. Zülmkarlarla yaşamaq və onlarla razılaşmaq xarlıq və zillətdən başqa bir şey deyildir. Zillət və xarlıq bizdən uzaqdır. Allah bunu bizim və möminlər üçün qəbul etməz. Biz pak və pakizə bir nəsilik ki, alçaq insanların ardınca gedək, izzətli ölməyi üstün bilirik”.

Onun bu nidası Qiyamətə qədər bəşər üçün bir nümunədir. İnsanları qeyrətə, izzətə və cavidan dəyərlərə dəvət edir. Aşura günü hər il insanlığın böyük və nümunəvi məktəbi olaraq, qalacaqdır. Aşura günü - Quran günüdür, ədalət günüdür, tövhid, haqqa dəvət etmək, zülmkarların xarlıq və möminlərin izzət günüdür. Salam olsun sənə, övladlarına, qardaşlarına və səhablərinə, ey Hüseyn (ə)! Səndən sonra gəlib, səni yada salan, sənə əzadarlıq keçirən tərəfdaşlarına və aşiqlərinə də salam olsun!

Allah, Hüseynin (ə) şəfaətini və onun qanının intiqamını İmam Zamanın (ə.f.) zühuru günü bizim hamımızın günü qərar versin”.

(Tabnak/Deyerler.org/Kerbela.info)