21 Noyabr 2024 - 21
Rəcət dedikdə İmam Zaman ağanın (ə.f) zühurundan sonra xalis möminlərin və xalis kafirlərin yenidən bu dünyaya qayıtması nəzərdə tutulur. Məsum İmamlarımız (ə) bu mövzunun ciddiliyini və əhəmiyyətini bizlərə çatdırmağa çalışmışdılar. O yerə qədər ki, İmam Sadiq (ə) buyurur ki, o kəs ki, rəcətə inanmaz – vilayət dairəsindən xaric olar. İmam (ə) buyurur: "Bizdən deyildir o kəs ki, rəcətə iman bəsləməz". (Erfan/Deyerler)
Rəcət ümumi olmayacaqdır, xüsusidir. Yəni, xüsusi insanlara aid edilir. Bu dünyaya yenidən gələcək həmin insanlar ya xalis möminlər olacaqdır, ya da xalis kafirlər. Onlardan biri də şəhidlər sərvəri olan İmam Hüseyndir (ə). Bəzi Quran ayələrində və hədislərimizdə İmam Hüseynin (ə) rəcətinə işarə edilmişdir.
Quranda rəcətə aid olan 18 ayə vardır. O cümlədən: "O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər). Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü)onun ardınca(Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir)". ("Naziat" 6-7).
O günü böyük bir zəlzələ hər yeri bürüyəcəkdir və ardınca ikinci hadisə baş verəcəkdir. Bu ayələr Qiyamətdən əvvəlki hadisələrə işarə edir ki, bu da rəcətdir. İmam Sadiq (ə) bu ayələrin təfsirində buyurur: "Titrədən – Hüseyn ibn Əli (ə), ikinci hadisə isə Əli ibn Əbutalibdir (ə). Rəcət zamanı ilk qəbri açılan insan – Hüseyn ibn Əlidir (ə)".
"Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik". ("İsra" 6).
İmam Sadiq (ə) buyurur ki, bu ayə də İmam Hüseynin (ə) rəcətinə işarə edir, çünki Həzrət (ə) özü demişdir ki, bu dünyaya ilk qaydacaq insan – Həzrət İmam Hüseyn (ə), səhabələri, habelə, Yezid (lən) və onun tör-töküntüsü olacaqdır. Onların hamısını öldürəcəkdir.
İmam Hüseynin (ə) rəcətinə aid çoxlu hədislər də daxil olmuşdur ki, onlara nəzər salaq. İmam Baqir (ə) nəql edir ki, İmam Hüseyn (ə) Kərbəla çölündə şəhadətindən əvvəl buyurmuşdu: "İlk yer açılıb və oradan çıxan kəs mən olacağam. Mənim bayıra çıxmağım Əmirəl-möminin (ə) bayıra çıxmağı və Qaimin (ə.f) qiyamı ilə eyni vaxta düşəcəkdir".
İmam Sadiq (ə) buyurur: "Bu dünyaya gələn ilk kəs – Həzrət İmam Hüseyndir (ə), onun səhabələridir, (eləcə də) Yezid və onun səhabələri olacaqdır. Onların hamısını öldürəcəkdir, necə ki, onu öldürmüşdülər".
Bu hədislər sanki bizə söyləmək istəyir ki, rəcət zamanı Aşura səhnəsi yenidən qurulacaqdır və haqla batil yenidən vuruşacaqdır. Əlbəttə, rəcət ancaq Aşura hadisəsinə aid olmayacaqdır. İmam Kazımın (ə) buyurduğuna görə, haqqı tapdalanan bütün möminlərə aid olacaqdır. Möminlərin ruhu onların düşmənlərinin ruhu ilə bir yerdə bədənlərinə qayıdacaqdır ki, haqlarını tələb edə bilsinlər və onlardan intiqam ala bilsinlər.
İmam Hüseyn (ə) haqqı tələb edən ilk insan olacaqdır və o qədər hökmranlıq edəcəkdir ki, saç və saqqalı ağaracaqdır.
Bu hədislərdən belə nəticə çıxartmaq olur ki, İmamın (ə) qiyamı ilə rəcət hadisəsi uzun bir zaman çəkəcəkdir ki, Qiyamət gəlib çatsın. Yəni, rəcətdən Qiyamətin bərpa olmasına qədər uzun bir zaman keçəcəkdir. Bu dövrdə İlahi övliyalar hakimiyyət başına gələcək və dünya sülhə bürünəcəkdir. Zülmdən əsər qalmayacaqdır.
Rəcət qəti bir hadisədir ki, İmam Zaman ağanın (ə.f) qiyamından sonra həyata keçəcəkdir. Bu hadisə ümumi, deyil xüsusi xarakter daşıyacaqdır. İmam Hüseyn (ə) ilk rəcət edən insan olacaqdır və öz intiqamını Yeziddən (lən) alacaqdır. Uzun zaman hakimiyyət sürəcəkdir.
/Kerbela.info/Ehlibeyt.info/