21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Allah və Hüseyn (ə) eşqi
15.01.2018

Eşq elə bir atəşdir ki, ürəyə düşən kimi, sevdiyindən başqa hər şeyi yandırar; aşiq eşqin səsindən özgə bir səs eşitməz, sevgilisindən başqa birisini görməz.


Eşq pərdə arxasında saz çalar,
Hanı elə bir aşiq ki, o səsi eşitsin?
Bütün dünya onun nəğməsinin sədasıdır,
Kim belə uzun bir səda (nəğmə) eşitmişdir?
Hər zərrənin dilindən onun sirrini
Sən özün eşit ki, mən sözgəzdirən deyiləm.


Əgər kimsə azadlıqsevənlərin sərvəri Hüseyn ibni Əlini (ə) döyüş meydanında görsəydi, onun iti qılıncına biçib kəsəndə tamaşa etsəydi... Aşura günü hər neçə dəqiqədən bir, öldürülmüş bir adamın yanında durmasına və şəhidin qana bulanmış bədənini seyr etməsinə baxmayaraq, elə o vəziyyətdə bütün gücü və qüdrəti ilə, düşmənə həmlə edər və onun sədlərini yarıb dağıdardı. Əgər bir kəs belə bir səhnəni görsəydi, Hüseyni yalnız mübariz və döyüşkən bir insan kimi tanıyardı; bəlkə inanmazdı ki, bu polad əsəblər və dəmir iradə eşq və irfan məktəbində həqiqətin qüdrətinə, onun nəhayətsiz, məkansız və zamansız cəmalına və cəlalına elə vurulmuşdur ki, eşqin nurundan başqa və mə`şuqun simasından özgə heç nə görmür. Amma əslində məsələ başqa cürdür. Şəhid Hüseyn (ə) bir gün "Ərəfat" vadisində, dağın ətəyində əzəmətlə dayandı, gözünü mə`şuqu Kə`bəyə tərəf açdı. Lakin ona başqa bir gözlə baxdı, elə gözlə ki, ondan sənin və mənim xəbərim yoxdur. Eşqlə dolu bir ürəklə öz mə`şuqunun çöhrəsinə-Mütləq Həqiqətə tamaşa etməyə başladı ki, başqalarının o ürəkdən bir bəhrəsi yoxdur; o, pak və təmiz ruhunun maddi dünya ilə əlaqəsini kəsdi, "Ərəfat" vadisindən mə`nən pərvaz etdi, yüksəklərə qalxdı, ondan da ucalara uçdu, nəhayət, bütün varlığı, bütün sirləri və səmavi səltənəti, Mütləq Camalın işıltısından gördü və ixtiyarsız olaraq fəryad çəkdi:


"İlahi, yaradılışın müxtəlif nişanələrindən, hadisələrin və olayların dəyişkənliyindən bildim ki, məni yaratmaqda məqsədin və istəyin bu olmuş: Öz əzəmətini, böyüklüyünü və qüdrətini hər şeydə mənə göstərəsən ki, Sənin hər yaratdığını görüm, Səni tanıyım və Səndən başqa heç nəyin tə`siri altına düşməyim."


Başqa bir bəyanında bu mərtəbədən də yüksəyə qalxmış və bütün varlığı Haqqın Zatının intəhasız camal və cəlalının zühuru bilib belə demişdi:


"Ey İlahi, təfəkkür və məşğuliyyət Sənin əsərlərinin (yaratdıqlarının) əzəmətinə doğru gedən yolu və müşahidələrimi məndən uzaqlaşdırır. Ona görə mənə elə bir xidmət mərhəmət et ki, məni Sənin cəmalını görməyə çatdırsın. Sənin Mütləq Zatına möhtac olan və özü Sənin varlığının kölgəsi olan əsərlər (yaradılmışlar) mənim üçün necə dəlil ola bilər? Məgər Səndən başqa Sənə mütləq möhtac olanların simasının şahidi və zühuru olurmu ki, o Sənin zühur və şühudun olsun? Sən nə zaman Öz bəndələrindən uzaq olmusan ki, Sənə bir dəlil axtaraq? O göz kor olsun ki, Səni özünün mühafizi kimi görmür və o bəndə ziyankardır ki, Sənin məhəbbət və eşqini almasın və camalının aşiqləri zümrəsində qərar tutmasın!"
Bir gecə Hüseyn ibni Əli (əleyhissalam) atasının dostlarından biri ilə Məkkeyi-Müəzzəmədə nənəsi Xədiceyi-Kübranın qəbrinin yanına gəldi, göz yaşı axıtdı, sonra yanında olan Ənəsə belə söylədi:


"Məndən və bu məkandan bir qədər aralan və məni tək burax." Ənəs deyir: Mən bir kənara çəkilib gizləndim, Hüseyn namaza durdu, münacatı və namazı uzun çəkdi. Eşitdim ki, deyir:


"Ey Pərvərdigar, Sən mənim-Öz bəndənin mövlasısan, Öz kiçik quluna rəhm elə ki, onun pənahgahı Sənsən."
"Ey böyük sahib, Sənin üstünlüklərin mənim arxamdır. Xoş o adamın halına ki, Sən onun mövlasısan!"
"Xoş o adamın halına ki, Səndən qorxur, gecələr oyaqdır və öz çətinliklərini Sənin dərgahına söyləyir."
"Və heç bir dərd və xəstəlik onun öz mövlasına olan eşqindən artıq deyildir."
"Kim hər zaman öz qəm-qüssəsini bəyan etsə, Allahı onun cavabını verər və "ləbbeyk" deyər."
"Kim ki, gecənin qaranlığında dua etməyə və ağlamağa başlayarsa, Allah onu əziz sayar və Öz yaxınına buraxar."
Bu şərəfli münacatın davamı vardır, oxumaq istəyənlər İbni Şəhraşubun "Mənaqib" kitabına müraciət edə bilərlər.