24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Peyğəmbər (s) sünnəsində İmam Hüseyn (ə) şəxsiyyəti
02.02.2018

Abdullah ibni Məsud deyir: "Həsən (ə) və Hüseyn (ə) Allah Rəsulunun (s) belinə çıxdılar. Adamlar onu bu işdən çəkindirmək istəyəndə peyğəmbər (s) buyurdu: Onları istədikləri kimi, öz ixtiyarlarına buraxın və onlarla heç bir işiniz olmasın. Onlar o kəslərdəndir ki, mən onları sevirəm. Anam və atam onlara və atasına fəda qurban olsun. Və hər kəs məni sevirsə gərək onları da sevsin." (Fəraidus-simtəyn- 2-ci cild, səh. 108)

Allahın Rəsulu (s) buyurdu: " Övlad Allah tərəfindən olan bir reyhandır ki, bəndələr arasında bölünüb. Həsən və Hüseyn mənim dünyada olan reyhanlarımdır." (Şərəfun-nəbiyyi, Xərquşi səh 271.)

Abdullah ibni Bürəydə deyir: "Atam deyirdi ki, (bir gün) Allahın Rəsulu (s) xütbə oxumaqla məşğul idi və bizə deyirdi ki, Həsən və Hüseyn (ə) gəldilər və onların əyinlərində qırmızı köynək var idi. Onlar yol gedərkən yıxılırdılar ki, peyğəmbər (s) minbərdən aşağı enib onları tutub öz qarşısında otuzdurdu və buyurdu: "Allah düz deyibdir. Sizin mal-dövlətiniz və övladlarınız sınaqda və imtahandadırlar (yəni sizi üçün bir imtahandır) (Təğabun sürəsi 15) Mən bu iki uşağa baxdım ki, yol gedərək yerə yıxılırdılar. Səbir və taqətim olmadı, söhbətimi kəsib uşaqları yerdən qaldırdım." (Şərəfun-nəbiyyi, Xərquşi səh 265.)

Əbu Hüreyrə deyir: "Mən özüm eşitdim ki, Allahın Rəsulu (s) deyirdi: Hər kəs Həsən və Hüseyni (ə) sevərsə, həqiqətən, məni sevmişdir və hər kəs onlara düşmənçilik edərsə, doğrudan da mənimlə düşmənçilik etmişdir." (Şərəfun-nəbiyyi, Xərquşi səh 247.)

Ədiyy deyir: "Eşitdim Bəra dedi: Peyğəmbəri (s) gördüm ki, Həsəni (ə) öz mübarək çiynində otuzdurub deyirdi: Allahım! Mən bu oğlanı sevirəm, sən də onu sev." (Səhihi Buxari, 5-ci cild, səh.33)

Ümmi Sələmə peyğəmbərin həyat yoldaşı) deyir: "Cəbrayıl (ə) Allahın Rəsulunun (s) xidmətində, Hüseyn (ə) isə mənim yanımda idi. Hüseyn (ə) ağladı və mən onu buraxdım. O, Rəsulullahın (s) yanına getdi. Ayağa qalxıb onu götürdüm və onu öz yanıma gətirdim. Yenə də ağladı və mən onu buraxdım. O, peyğəmbərin (s) yanına getdi. Cəbrayıl (ə) dedi: Ey Məhəmməd (s)! Onu sevirsənmi? Buyurdu: Bəli. Dedi: Tezliklə sənin ümmətin onu öldürəcək. Əgər istəyirsənsə, sənin Hüseynini (ə) şəhid edəcəkləri yeri sənə göstərim. Və Cəbrayıl (ə) qabadlarını açaraq Hüseynin (ə) öldürələcəyi yeri bizə göstərdi. O yerə Kərbəla deyirdilər." ( Mənaqib- İbn Məğazlı, səh.78)

Əli ibn Əbi Talib (ə) Rəsulullahın belə buyurduğunu nəql edir: "Allah-Təala mənim əhli-beytimə zülm edənlərə, onları incidənlərə, söyənlərə, onlarla döyüşənlərə və əhli-beytimi incidərək mənə əziyyət verənlərə Cənnəti haram etmişdir."

Bu hədisdən sonra əhli sünnənin görkəmli təfsir alimi Zəməxşəri Kəşşaf təfsirində Şura 23-cü ayəsini qeyd etmişdir. Şura 23: – "(Ya peyğəmbər (s) ) De: Mən sizdən bunun (peyğəmbərliyi təbliğ etməyimin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm."

Sünəni ibn Macə kitabında Abdullah ibn Məsuddan belə nəql olunur: "Bir gün səhabələrlə Rəsulullahın (s) yanına getmişdik. O , sevinc dolu baxışlarla bizim yanımıza gəldi və danışmağa başladı. Rəsulullah (s) bizim bütün suallarımıza cavab verirdi. Elə bu vaxt onun gözü oradan keçən Bəni-Haşim gənclərinə sataşdı. Həsən (ə) və Hüseyn (ə) də onlarla idi.Rəsulullah (s) onları görən kimi gözləri yaşardı və ağlamağa başladı. Ya Rəsullulah (s), sizə birdən-birə nə oldu, halınızın dəyişməsinə nə səbəb oldu? deyə soruşduq. Allah Rəsulu (s) belə buyurdu: Biz elə bir beytik ki, Allah-Təala (dünyaya qarşı) bizim üçün axirəti bəyənib seçmişdir. Bilin ki, məndən sonra əhli-beytim ölüm, sürgünlük və müxtəlif bəlalarla qarşılaşacaqdır." (Əl-Müstədrəkus-səhihəyn 4-cü cild, səh.464, Sünəni ibn Macə 2-ci cild, səh.1366)

Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti Əd-durrul-Mənsur təfsirində İbrahim və Zeyd ibn Ziyaddan belə nəql edir: "Göy üzü yalnız həzrət Yəhya (ə) və imam Hüseyn (ə) üçün ağladı. Ağlamağı isə onda olan qırmızılıqdır. Həzrət Yəhya öldürüləndə göy üzü qırmızılaşdı və qan yağdı. Həzrət Hüseyn (ə) öldürüləndə də göy üzü qırmızılaşdı." (Əd-durrul-Mənsur, Suyuti 5-ci cild, səh. 492 və 7-ci cild, səh. 413)

İbn Əbi Ziyad belə nəql edir: "Bir gün Allahın Rəsulu (s) zövcəsi Aişənin evindən çıxıb qızı Fatimənin evinin qarşısından keçirdi.Elə bu zaman Hüseynin (ə) ağlamaq səsini eşitdi. Həzrət Rəsulullah (s) oraya yaxınlaşıb Hz Fatiməyə buyurdu: "Bilmirsən ki, Hüseynin (ə) ağlamağı məni incidir?" (Yənaibul-Məvəddət, 2-ci cild, səh.214)

Ənəs ibn Haris peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Mənim bu oğlum Hüseyn Kərbəla deyilən yerdə öldürüləcəkdir. Sizlərdən o zaman yaşayanlar Hüseynin köməyinə getsinlər."

Bu hədisi rəvayət edən Ənəs ibn Haris həzrət Hüseynin qiyamını eşitcək, Hüseynin karvanına qoşulur və imam Hüseynlə birlikdə Kərbəlada şəhid olur. (Əl-Bidayətu-vən-Nihayə 8-ci cild, səh. 217)

Ümmi Sələmədən belə nəql edilmişdir: Həsən ilə Hüseyn mənim evimdə Rəsulullahla (s) oynadıqları vaxt Cəbrayıl (ə) nazil oldu. Əli ilə Hüseynə işarə edərək dedi: Ey Məhəmməd! Sənin ümmətin bu uşağı öldürəcəkdir. Ümmi Sələmə deyir ki, bu vaxt peyğəmbər (s) ağlamağa başladı. Hüseyni bağrına basdı əlindəki torpağı iylədi və mənə dedi: "bu torpaq bəla və müsibət qoxusu verir" dedi.

Rəsulullah (s) mənə: Ey Ümmi Sələmə! Bu torpaq qan rənginə boyananda bil ki,Hüseyn şəhid olmuşdur deyə buyurdu. Rəvayətçi deyir ki, Ümmi Sələmə o torpağı bir camın içərisinə qoydu. Onu hər gün iyləyib deyərdi.Ey torpaq, sənin qan rənginə boyanmağın böyük bir gündür.

Bir başqa hədisdə də Ümmi Sələmədən belə nəql etmişdir. Həzrət Hüseyn şəhadətə yetişən gecə bu sözləri (şeri) birindən eşitdim: Ey cahillik üzündən Hüseyni öldürənlər, zəlil və əzaba düçar olmağınızdan xəbəriniz olsun. Sizlər lənətlənmişsiniz. Davud oğlu (Süleymanın), Musa və İncil sahibinin (İsanın) dili ilə.

Ümmi Sələmə deyir: Bu sözləri eşidəndə ağladım və cama baxanda içindəki, torpağın qan rənginə boyandığını gördüm. (Məcmə-uz-zəvaid 9-cu cild, səh. 118-119)

Hz Əli (ə) belə buyurur: "Rəsullah (s) bir gün bizləri görmək üçün gəlmişdi. Hazırladığımız yeməyi və (peyğəmbərin (s) həyat yoldaşı) Ümmi Əymənin bizə göndərdiyi bir kasa südü süfrəyə qoyduq. Rəsulullah (s) yedi və biz də yedik. Yeməkdən sonra həzrət (s) dəstnamaz alıb əllərini başına üzünə saqqalına çəkdikdən sonra qibləyə tərəf oturdu və istədiyi duaları etdi. Sonra göz yaşı tökərək özünü üç dəfə yerə vurdu. Biz onun etdiyi bu işin səbəbini soruşmağa çəkinirdik. Bu zaman Hüseyn (ə) o həzrətin (s) qucağında oturdu və Rəsulullah (s) yenidən ağlamağa başladı. Hüseyn: Anam-atam sənə fəda olsun,ağlamağın səbəbi nədir? İndiyə qədər sizdən görmədiyimi bir hərəkət gördüm deyə soruşdu.

Həzrət (s) buyurdu: Övladım! Bu gün sizi ziyarət etməklə o qədər sevindim ki, indiyə qədər belə sevinməmişdim. Amma əzizim, Cəbrayıl (ə) yanıma gəlib sizin ölümünüzü və ölüm yerinizin bir-birindən ayrı olduğunu mənə xəbər verdi. Bu xəbər məni sarsıtdı. Allahdan sizin üçün xeyir və yaxşılıq istəyirəm." (Əs-Sirat əs-səviyyi, səh. 95)

Rəzin Ənsardan (mədinəli) olan Səlma adlı bir qadından nəql edir: " Bir gün Ümmi Sələməni görmək üçün onun evinə getdim. İçəri girəndə ağladığını gördüm. Nə üçün ağlayırsan? Səni ağladan nədir? deyə soruşdum. O dedi: Bir az əvvəl Rəsulullahı (s) yuxuda gördüm. Başı, saqqalı toz-torpaq içində idi. Soruşdum ki, Ya Rəsulullah (s)! Sənə nə olub belə? Həzrət (s) buyurdu: Bir az əvvəl Kərbəlada idim. Hüseynin şəhid edilməsinin şahidi olum." (Səhihi Tirmizi 13-cü cild, səh.193)

Əli ibn Ziyad ibn Cəzadan belə nəql edilir: İbn Abbas Aşura günü yuxudan oyandı və İstirca (Biz Allahın bəndələriyik və ona tərəf qayıdacağıq – Bəqərə 156) ayəsini oxudu və dedi: Allaha and olsun Hüseyni öldürdülər. Yanındakılar: Xeyr, bu necə ola bilər, bunu haradan bilirsən? deyə soruşduqda ibn Abbas belə dedi: Rəsulullah (s) yuxuda əlində qanla dolu bir kasa ilə gördüm ki, mənə belə dedi: Ümmətimin məndən sonra nələr etdiyini bilirsənmi? Oğlum Hüseyn öldürüldü. Bu da onun və əshabının qanıdır. Mən indi o qanları Allahın hüzuruna aparıram."

Rəvayətçi deyir ki, biz ibn Abbasın dediyi günün taixini və saatını yazdıq. 24 gün keçmədi ki, həzrət Hüseynin (ə) eyni saatda öldürüldüyünün xəbəri Mədinəyə çatdı. (Əs-Siratəs-səviyyi, səh. 96)

Əhli sünnə alimlərindən olan İbn Həcər Heysəmi "Əs-səvaiqul-Muhriqə" kitabında yazır: "Əsirər və şəhidlərin başları Şama (Dəməşqə) gətiriləndən sonra həzrət Hüseynin (ə) mübarək başı bir tabaq içində böyük bir məclis təşkil etmiş Yezid ibn Müaviyənin hüzuruna gətirilərək yerə qoyuldu.Xarici ölkələrin elçiləri və kafirlərin belə olduğu bir məclisdə Yezid əlindəki çubuqla həzrət Hüseynin (ə) başını oynadaraq dodaqlarına vurur və zəfər sevincini bildirən bu şeri oxuyurdu: Kaş Bədrdə olan böyüklərim sağ olaydılar və bu halı görəydilər. Və sonra da sevinərək "əlin var olsun" deyəydilər. Ulularını öldürdük, Bədr savaşının heyifini aldıq. Haşim oğulları səltəntlə oynadılar; yoxsa nə gələn bir xəbər var, nə enən bir vəhy. Mən də anamın oğlu olmazdım, Əhməd oğullarının heyifini çıxmasaydım."

Məclisdə olan Qeysər (Roma) imperatorunun elçisi Yezidin peyğəmbərin (s) nəvəsinə etdiyi bu qədər alçaqlıqları görəndə özünü itirmiş halda bu sözləri dedi: "Ey Yezid! Bizim adaların birində olan bir kilsədə həzrət İsanın miniyinə aid bir dırnaq var. Biz xristianlar həzrət İsanın xatirinə və ona olan imanımıza görə hər il onun ziyarətinə gedir, siz Kəbəyə etdiyiniz hörmətin bərabərini ona edirik. Amma siz öz peyğəmbərinizin qızının oğluna bu həqarətləri edir və onu qəddar bir şəkildə öldürürsünüz."

Məclisdə olan bir yəhudi də üzünü Yezidə tutub belə dedi: "Ey Yezid! Mənimlə Davud peyğəmbər arasında yetmiş nəsil keçmişdir. Yəhudilər hələ də mənə sevgi göstərib, hörmətimi saxlayırlar. Amma siz dünən ölən peyğəmbərinizin (s) oğlunu öldürürsünüz."

Rəvayətlərdə deyilir ki, bu sözləri deyən yəhudi elə ordaca müsəlman olur və etdiyi mübahisəyə görə Yezidin əmri ilə şəhid edilir. Yənaibul-Məvəddət, 3-cü cild, səh. 32)

Əbül-Qasim ibn Tayyib deyir ki, İmam Şafiinin əhli-beytin məzlumiyyətini bildirən bu şeri oxuduğu rəvayət edilir: " Günlərin keçməsiylə onlara edilən zülmlər yuxumu qaçırtmış, saçımı ağartmışdır. Dünya Ali-Məhəmmədin müsibətinə sarsılmış, dağların sərtliyi belə onlar üçün ərimişdir. Bəziləri xoşlamasa da, biri məndən Hüseynə tərəf bir məktub çatdırsın. O,Hüseyn ki, susuz yerdə öldürülmüş, köynəyi qana boyanmış və sanki xınalanmışdır. Necə olur ki, Ali-Haşimdən (peyğəmbərliyə) seçilənə salavat, salam və rəhmət oxuyuruq amma uşaqlarına əziyyət edir, incidirik. Doğrusu, bu çox dəhşətli və heyrətli bir işdir. Əgər mənim günahım Ali-Məhəmmədi sevməkdirsə, mən ondan tövbə etmərəm. Qiyamət günündə mənə hamilik edən onlardır. Mənə görə, onlara düşmən olmağın özü günahdır."

Digər əhli sünnə alimi Hakim Nişaburinin nəql etdiyinə görə, alimlərdən biri hz Hüseynin (ə) matəmində bu şeri oxumuşdur: "Ey Məhəmmədin qızının oğlu, sənin başını qana bulaşmış halda gətirdilər. Səni öldürməklə, ey peyğəmbər (s) oğlu! Aşkar və bilərəkdən Rəsulullahı öldürdülər. Sən öldürüldün deyə təkbir sədalarını yüksəltdilər. Lakin səni öldürməklə təhlili (Lə İləhə illəllah) və təkbiri (Allahu Əkbəri) öldürdülər. (Əl-Bidayətu vən-Nihayə 8-ci cild,səh.216)

Əhli sünnə təfsir alimi, Zəməxşəri əl-Kəşşaf təfsirində (Şura 23-cü ayənin təfsirində) belə qeyd edir;

Rəsulullah (s) buyurdu: Hər kim Ali-Məhəmmədi (əhli-beyti) sevərək ölsə, şəhiddir. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə tövbə edərək ölmüşdür. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə imanı kamil olaraq ölmüşdür. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə, əvvəlcə ölüm mələyi sonra nəkr və münkər onu Cənnətlə müjdələyər. Bilin, Ali-Məhəmmədi sevərək ölən şəxsi gəlinin bəzənib bəy evinə aparıldığı kimi Cənnətə apararlar. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə onun qəbrindən Cənnətə iki qapı açılar. Yaxşı bilin,hər kim Ali-Məhəmmədi sevərək ölsə, Allah onun qəbrini mələklərin ziyarətgahı edər. Bilin, hər kim Ali-Məhəmmədə düşmən olaraq ölsə, qiyamətə gözlərinin arasında bu sözlər yazılmış halda gələr: Bu şəxs Allah rəhmətindən uzaqdır və hər şeydən ümidi kəsilmişdir. Bilin, Ali-Məhəmmədə düşmən olaraq ölən kəs kafir olaraq ölmüşdür. Yaxşı bilin, hər kim Ali-Məhəmmədə düşmən olaraq ölsə, Cənnətin iyini heç zaman duymaz. (Zəməxşəri-Əl-Kəşşaf təfsiri, Şura 23-cü ayəsinin təfsirində)

Mahir Şəkərov – İlahiyyatçı