24 Noyabr 2024 - 24
"Aşura günündə Şam hakiminin (Yezid ibn Müaviyənin) göstərişi ilə İmam Hüseyn (ə) və tərəfdarlarını Kufə ətrafında qətlə yetirdilər. Bu hadisə böyük əhəmiyyət qazandı. Həzrət Əlinin (ə) tərəfdarları fürsəti qənimət sayıb, ayağa qalxdılar və döyüşməyə başladılar. Müharibələr edildi, qanlar axıdıldı və əzadarlıq məclisləri quruldu. İş o yerə çatdı ki, şiələr Məhəmmədin (s) nəvəsinin, yəni İmam Hüseynin (ə) əzadarlığını öz məzhəblərinin tərkib hissəsinə çevirdilər. O gündən bu günə qədər hər birinin sözünü, rəftarını və əməlini Allah və Rəsulunun (s) sözü və əməli, Quranın davamı hesab etdikləri həzrət Əli (ə) və həzrət Fatimənin (ə) övladlarından on iki nəfər din böyüklərinə itaət edərək İmam Hüseyn (ə) əzadarlıqlarında iştirak etdilər və bu əzadarlıqlar get-gedə şiə məzhəbinin əsaslarından birinə çevrildi. Bu gün dünyada elə bir nöqtə yoxdur ki, məsələn, orada iki-üç şiə olmasın və əza saxlamasın.
Marsel limanında şiə məzhəbinə mənsub bir ərəbi gördüm. Zənnimcə, o, Bəhreyn vətəndaşlığını qəbul etmişdi. Mehmanxanada mənim otağımın yanında qalırdı. Aşura günü təkbaşına İmam Hüseynin (ə) başına gələnlərdən oxuyur və ağlayırdı. Sonra şəkər və düyü ilə bişirdiyi aşı yoxsullar arasında böldü. Şiələrin inancına görə, Aşura və Tasua günləri yoxulları doyurmaq lazımdır. Buna görə də hər il öz mallarından gücləri yetdiyi qədərini yoxsullara yardım üçün verirlər. Bəzən bu yardımlar milyonlarla dolları keçir. Başqa bir qrup şiələr əza məclisləri keçirilməsi üçün vəqflər təşkil etmişlər ki, onun dəyəri milyonlarla dolları keçir. Etiraf etmək lazımdır ki, şiələr din və İmam Hüseyn (ə) əzadarlığı yolunda öz can və mallarını əsirgəmirlər.
Fransalı alim Jozef Babinski