03 Dekabr 2024 - 3
İlahi ədəblə tərbiyə olunmuş böyük və görkəmli şəxsiyyətlər böyük və ya kiçik olan hər bir işdə Allah kimi hərəkət edirlər; heç vaxt yaxşılıqları-nə qədər kiçik olsalar da belə-unutmurlar, pislikdən və cinayətkarlardan intiqam almaqda və onlarla mübarizədə də tələsmirlər, əksinə, ən kiçik bir üzrlə və xahişlə böyük xətaları bağışlayırlar, ən kiçik bir yaxşılığa, mehrə və ədəbə böyük hədiyyələr verir, bəzən bir dağı bir saman çöpünə bağışlayırlar. Onlar əfv etməkdə elə bir ləzzət tapırlar ki, bu, intiqamda əsla mümkün deyildir. Hədiyyədə də heç vaxt əməlin kiçikliyinə və tərəfi-müqabilin əhəmiyyətsizliyinə diqqət yetirmirlər. Onlar həmişə Pərvərdigarın razılığını, əzəmətini, böyüklüyünü və öz uca şəxsiyyətini, uzaqgörməyənlərin xoşuna gəlməsə də, əməlin ölçüsü hesab edirlər.
Bu məsələdə yenə də Şəhidlər sərvəri Mühəmmədin (s) və Əlinin (ə) evinə və ocağına baş vuraq, şəhidlərin sərvəri əziz Hüseynin (ə) məktəbindən bir nümunə nəql edək. Şəhidlərin seyyidinin qulamlarından biri bir cinayət törətmişdi ki, işgəncəyə və cəzaya layiq idi. İmam Hüseyn (ə) əmr verdi ki, ona cəzalandırsınlar. Mühəmməd (s) xanədanının əhval-ruhiyyəsindən və böyüklüyündən xəbərdar olan qulam dərhal bu ayəni oxudu: "Öz qəzəbini udan bəndələr..."
Hüseyn (ə)buyurdu: "Onu azad edin!"
Qulam bu ayəni oxudu: "Onlar ki, insanları əfv edirlər..."
Hüseyn (ə)buyurdu: "Səni bağışladım."
Qulam bu ayəni oxudu: "Allah yaxşı əməl sahiblərini sevir."
Hüseyn (ə)dedi: "Sən Allah xatirinə azadsan və sənə indiyə qədər verdiyimdən iki dəfə çox haqq verməyi qərara aldım."
Başqa bir rəvayətdə qeyd olunur:
Ənəs deyir: Hüseyn ibni Əli (ə) ilə oturmuşdum. İmamın kənizlərindən biri otağa daxil oldu və bir dəstə gülü İmama təqdim etdi. İmam o kənizə buyurdu:
"İndi sən Allah xatirinə azadsan."
Ənəs irad tutdu və dedi: "O sənə bir dəstə gül təqdim edir, sən onu azad edirsən?" Deyəsən o, bu müamiləni bazar və ticarət hesabı ilə ölçdü: əxlaq məktəbindən, insanlıq kəramətindən, təbin şərafətindən, ailə nəcabətindən qəflət etdi, etiraz elədi.
Hüseyn (ə) buyurdu:
"Bu elə bir ədəbdir ki, Allah bizə (Peyğəmbər xanədanına) öyrətmişdir və belə buyurmuşdur:
"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın."
Gül hədiyyəsindən daha yaxşı hədiyyə onu azad etmək idi.
Əhməd Sabiri Həmədani