03 Dekabr 2024 - 3
Hicri 61-ci il aşura gecəsi imam Hüseyn (ə) və onun yoldaşları ibadətə məşğul olub, sübh namazını həzrətin imaməti ilə qıldılar. İmam Hüseynin (ə) ilk sözü bu oldu: "Mən bu sübh bir yuxu gördüm. (İmamın yuxusu həqiqətdir. Bu səfərdə imam bəzi yuxular görmüşdü. Hətta ata süvar ikən bir anlıq yüngül yuxuya getmiş və sonra yuxusunu danışmışdır. Onun iki ardıcıl yuxusu aşura gününə təsadüf edir.)
"Röyada gördüm ki, itlər mənə hücum edib. Amma daha çox cuman it rəngarəng idi. Belə görünür ki, mənim qatilim ala tökmüş bir şəxsdir." Sonra buyurdu: "Sonra cəddim peyğəmbəri gördüm. Mənə belə bir müjdə verdi: "Əziz oğlum! Sən Ali-Məhəmmədin şəhidisən, bu müjdə ərş əhli arasında yazılmışdır. Bu gecə mənim yanımda olacaqsan. Tələs və təxirə salma. (Sonra peyğəmbər (s) imama bir mələk göstərib sözünə davam etdi:) Bu mələkdir. Ərş aləmindən enib ki, qanını götürüb bu yaşıl şüşəyə yığsın." Sonra imam buyurdu: "Bu yuxunun mənası odur ki, iş başa çatıb, dünyadan köç vaxtımız yaxınlaşıb. Buna heç bir şəkk yoxdur."
Bu səhabələrin hazırlıqı üçün imamın ilk sözü idi. Əlbəttə ki, səhabələr hazır idilər. İmam onların nəzərinə çatdırırdı ki, "bəda" (təqdir dəyişikliyi) baş verməyib və onların şəhadəti labüddür.
Dəfələrlə qeyd etmişik ki, imamın Kərbəladakı səhabələrinin 72 nəfər olduğu məşhur bir xəbərdir. Amma Kərbəla şəhidlərinin nəql olunmuş adlarının sayı 72-dən çoxdur! Olsun ki, Kərbəlada Bəni-Haşimdən əlavə 72 nəfər varmış . Amma Bəni-Haşim də o sayda olmamışdır ki, 72 nəfərlə birlikdə say 100-ə çatmış olsun. Bunu deyə bilərik ki, aşura gecəsi növbəti 30 nəfər imamın dəstəsinə qatılmamış onların sayı 72 olub. Aşura sübhü isə Hürr imama qoşulmuşdur. Beləcə, mərhum Əllamə Məclisi və başqa tarixçilərin yazdığına əsasən Kərbəlada 102 nəfər olmuşdur. İstənilən bir halda düşmən qoşunu Hüseynin dəstəsindən 300 qat artıq idi. Nəzərə aldıqda ki, düşmən qoşununa qarşı imamın yoldaşları bir-bir meydana çıxmışdır, bu nisbət 30 mində birə çatır. İmam bu azsaylı dəstəni nizamlayırdı. İmam sağ cinahı Züheyrə, sol cinahı Həbib ibn Məzahirə tapşırıb özü mərkəzdə qərar tutdu. Qardaşı Abbas bayraqdar (ələmdar) təyin olundu. Müslim ibn Ovsəcəyə, Səid ibn Abdullah, Abəsə də müəyyən məsuliyyətlər tapşırıldı. Dəstə nizamlandıqdan sonra imam buyurdu: "Allah mənim üçün və sizin üçün şəhid olmağı qərar verib. Səbirli və dözümlü olun!" (Burada səbr dedikdə möhkəm dayanmaq nəzərdə tutulur).
İmam öz şux ruhiyyəsini ətrafına anlatmaq üçün buyurdu: "Ölüm sizi çətinliklərdən daimi nemətlərə aparan körpüdən başqa şey deyil. Bu körpü sizi Allahın sizin üçün hazırladığı geniş cənnətlərə aparır." İmam Hüseyn (ə) demək istəyirdi ki, qəlb gözünüzü açın, "Ey arxayın nəfs" nidasının intizarında olun. Əlbəttə ki, imamın Həbib, Büreyr, Müslim, Abəs kilmi əksər səhabəsi heç bir qorxu duymurdu. Onlar möhkəm dayanmışdılar. Bu insanlar şərafətlə şəhid oldular. Amma bu dəstə arasında səadətə çatmayanlar da oldu. Aşuradan bir gün öncə Kərbəlanı tərk etmək istəməyənlərin bir qismi aşura günü getmək qərarına gəldilər. Onlar gedərkən bəzilərini də özləri ilə aparırdı. Kərbəla şəhidi Əbdür-Rəhman ibn Əbd Rəbəhin bir qulamı vardı. Bu qulam nəql edir ki, savaş başladıqdan və ağam şəhid olduqdan sonra qaçdım. Həyatın yemək və yatmaqdan ibarət olduğunu düşünən iman yüksək iman dərəcəsinə çatmış türk qulam və ya Cundan çox fərqlənirdi.
Mərcə ibn Səmamə imam Hüseynin səhabəsi və mahir oxatan idi. Aşura günü xeyli ox yağdırdıqdan sonra onun oxu qurtardı. Hücum etmək istədikdə qohumları onu əhatəyə aldı və "sən amandasan, qılıncını qınına qoy" dedilər. Sonra onu savaş meydanından çıxardılar. Mərcə ibn Səmamə əsir kimi Kufəyə aparıldı. Onun bağışlanması üçün İbn Ziyada müraciət etdilər. İbn Ziyad onu ağır şəraitli Fəzarə adlı yerə sürgün etdi. Bu şəxs də şəhadət səadətinə çata bilmədi. Əqəbə ibn Səman Əli Əsğər və Səkinənin anası Rübabın qulamı idi. Bu şəxs aşura günü döyüşmədi. Düşmən qarət üçün xeymələrə hücum etdiyi vaxt ondan kim olduğunu soruşdular. Dedi ki, mən Rübabın qulamıyam, bu savaşa aidiyyətim yoxdur. Onu azad etdilər. O, əsirlərin arasında Mədinəyədək peyğəmbər ailəsinə xidmət etdi. (Bu qulam Kərbəla hadisəsinin rəvayətçilərindəndir. Ömər Sədin məktubundakı iddiaları təkzib edən bu qulam olmuşdur.)
Rəvayətlərə görə Kərbəlada Bəni-Haşimdən də bir nəfər sağ qalmışdır. Bu şəxs Həsən ibn Həsəndir. Onun haqqında söhbətimizin əvvəlində danışmışdıq.
Kərbəlada olub vuruşan, amma şəhadətə yetişməyənlərdən biri də Zöhhak ibn Əbdüllah Məşriqi olmuşdur. Savaş meydanından qaçan bu şəxsin bağışlanmayacağını düşünmürəm. Bu şəxs öz dostu ilə imamın xidmətinə gəldiyi vaxt dostu imamdan getmək icazəsi istəmişdi. Amma Zöhhak belə demişdi: "Mənim ailə-uşağım və çətinliklərim var. Amma sənə kömək etmək istəyindəyəm. Məndən elə bir beyət qəbul et ki, sənin müdafiəçin və yardımçın olum. Amma öldürülüb öldürülməyəcəyimin, vuruşub-vuruşmayacağımın sənə faydası olmayacaq bir vaxt üçün beyəti üzərimdən götür!" Həzrət buyurdu: "Həmin şərtlə beyət et." Bu şəxs imama beyət etdi və aşura günü günortayadək imamın xidmətində oldu. Bəni-Haşim qəhrəmanları döyüşüb şəhadətə yetdiyi vaxt imamın xidmətinə gəlib dedi: "Yadındadırmı necə beyət etmişdim?" İmam buyurdu: "Bəli. Amma bu mərəkədən necə xilas olacaqsan?" Dedi: "Bu barədə düşünmüşəm." Həzrət buyurdu: "Beyətimi öhdəndən götürdüm." Bu şəxs mühasirənin sıx olmayan hissəsindən keçərək, Kufəyə üz tutdu. Düşmən onu təqibə başladı. Təqib edənlərin başçısı Kəsir ibn Abdullah onun qohumu olduğundan təqibi dayandırdılar. Doğurdan da, bu şəxs böyük bir səadətdən məhrum olmuşdur! Həmin hadisədən sonra o bir neçə il yaşadı, yedi, yatdı və nəhayət dünya ilə vidalaşdı. Kərbəla şəhidləri hara, Zöhhak hara?! Amma mən şəxsən bu şəxsi məmnunluqla xatırlayıram. Çünki o Kərbəla ilə bağlı xeyli dəqiq məlumat nəql etmişdir. O yalançı olmamışdır və gözü ilə gördüklərini danışmışdır. Çox güman ki, imam Hüseyn lütf və inayəti ilə ona şəfaət verəsidir. Bəli, imam Hüseyn o qədər böyük lütf və inayət sahibidir ki, bir şəxs ona belə and verir: "Səni anan Fatiməyə and verirəm, qiyamət günü Şimrə, Ömər Sədə və Yəzidə şəfaət vermə!"
Əliəsğər Səffar Hərəndi