03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Ədəbi nümunələrdə İmam Hüseynin (ə) şəxsiyyəti
12.03.2018

Həzrəti peyğəmbər (s) öz sevimli nəvəsi Hüseyni (ə) bəşəriyyətə belə təqdim edib: "Hüseyn həqiqət çırağı və nicat gəmisidir!"

O həzrətin şəxsiyyəti, İslam tarixində qoyduğu silinməz izlər əsrlər boyu Azərbaycan şair və yazıçılarının əsərlərində yer alıb.

SalamNews bu mövlud günündə həmin yaradıcı şəxslərin bir qismini oxucularına təqdim edir.

İmadəddin Nəsimi (1369- 1417) – Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin banisi;

Şah İsmayıl Xətayi (1487-1524) –Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi;

Məhəmməd Füzuli (1494-1556) – orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Onun nəzm və nəsr ilə yazdığı "Hədiqətüs-süəda" əsəri ("Xoşbəxtlər bağçası") bütünlüklə Kərbəlada baş vermiş faciəni əks etdirir. Bu əsəri həm də ərəb ədəbiyyatında ilk roman hesab edirlər.

Qasım Bəy Zakir (1784-1857) – şair, Azərbaycan satirik şeirinin banilərindən biri;

Abbasqulu ağa Bakıxanov (1794–1847) – tarixçi, şair, maarifçi, Azərbaycan tarixşünaslığının banisi;

Aşıq Alı (1801-1911) – XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri;

Seyid Əbülqasim Nəbati (1812-1873) – XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi;

Mir Möhsün Nəvvab (1833-1918) – Azərbaycan şairi, rəssam, xəttat, musiqişünas alim;

Seyyid Əzim Şirvani (1835-1888) – XIX əsr Azərbaycan şairi və maarifpərvəri;

Mirzə Ələkbər Sabir (1862-1911) – Azərbaycanın görkəmli satirik şairi;

Firudin bəy Köçərli (1863-1920) – görkəmli ədəbiyyatşünas alim, maarifçi, yazıçı-publisist

Mirzə Əli Möcüz (1873-1934) – Azərbaycan satirik poeziyasının tanınmış nümayəndəsi;

Hüseyn Cavid (1882-1941) – Azərbaycan şairi, yazıçı və dramaturq;

Məhəmməd Əmin Rəsulzadə (1884-1955) – Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri;

Əliağa Vahid (1895-1965) – Azərbaycan şairi, qəzəlxan;

Süleyman Rəhimov (1900-1983) – Azərbaycanın Xalq yazıçısı, nasir;

Məhəmmədhüseyn Şəhriyar (1906-1988) – böyük Azərbaycan şairi;

Hacı Mail (1935- 1999) – Azərbaycanın qəzəl ustadı

Baba Pünhan (1948-2004) – Azərbaycanın haqq şairi, satirik.

Bu siyahıya Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Süpehri, Mirzə Həsib Qüdsi, Əbülhəsən Raci və s. kimi mərsiyə şeirləri yazan şairləri də əlavə etmək olar.

Amma Azərbaycan cəmiyyətində və ədəbiyyatında çox vaxt "İslam dinindən uzaq" yazıçı kimi xatırlanan M.F.Axundovun və C.Məmmədquluzadənin İmam Hüseyn (s) haqqında mülahizələrini ayrıca təqdim etmək qərarına gəldik.

Mirzə Fətəli Axundov (1812-1878) – Azərbaycan yazıçısı, materialist filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi yazıb:

"...İmam Hüseyn əleyhissəlam Allah yolunda qətlə yetişib, dərəceyi-şəhadəti dərk etməklə böyük rütbəyə nail olubdur.

...Hükəmayi-isnaəşəriyyə deyirlər ki, İmam Hüseyn əleyhissəlam bir mərdanə və qeyrətmənd vücud idi. Əlində qılınc Allahın düşmənlərinin müqabilində cəhad elədi və Yezidə beyət etməyi qəbul etməyib mərdanəliklə dərəceyi-şəhadəti dərk etdi və Kərbəla meydanında həzrət özü bu əfradın məzmununu zikr edirdi. Əgər biz istəyirik ki, bir gunə əmal ilə İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, gərək onun təziyədarlığından əl çəkib təziyədarlığa sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin ətfallarına (uşaqlarına) tərbiyət vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında cəli xətlə yazıb yapışdıraq ki, İmam Hüseyn əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur".

Cəlil Məmmdəquluzadə (1866-1932) – yazıçı, dramaturq, jurnalist, ictimai xadim. O, "Molla Nəsrəddin" jurnalının 11 yanvar 1909-cu il tarixli sayında yazır: "Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də Həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn evladına, Rüstəm nəslinə yaraşan igidlik deyil".

İmam Hüseyn (ə) mövzusu Azərbaycan ədəbiyyatında həmişə aktual olub. (salamnews)