21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) qardaşının və özünün imamət dövründə
06.11.2017

İmam Həsənin imamlığı dövrü - Hicri qəməri 41-50-ci illər

Hüseyn (ə) qardaşı ilə çox hörmətlə davranırdı. Onun yanında danışmırdı, fikir bildirmirdi, ondan öndə yol getmirdi. Bir sözlə, onu öz imamı bilirdi. Ona görə də qardaşına tam tabe idi. İmam Həsən (ə) və Müaviyə arasında bağlanan sülh müqaviləsində bir qrup şiə Hüseyndən (ə) bu siyasi sazişə qarşı çıxmasını istədi. Lakin Hüseyn qardaşının imzaladığı müqaviləni qətiyyətlə dəstəklədi və bu istəyə qarşı çıxdı. Mövcud durumun tələbinə uyğun olaraq, özü də Müaviyəyə beyət etdi. Digər tərəfdən, bütün imkanlardan istifadə edərək Müaviyə əleyhinə təbliğat apardı və onu sərt tənqid etdi.

Bu təbliğat müharibəsində İmam Hüseynin (ə) ayıq və müdrik bir siyasətçi olduğu aydın görünür. O, Müaviyə ilə məktublaşarkən və görüşərkən öz etirazını açıq şəkildə bildirirdi. Xüsusilə də Müaviyə oğlu Yezid üçün beyət topladıqda İmam Hüseyn (ə) Peyğəmbər (s) səhabələri və İslam dünyasının görkəmli şəxsiyyətləri ilə söhbət edir, onları zülmlə mübarizəyə çağırırdı.

İmam Hüseyn (ə) öz imamlığı dövründə - Hicri qəməri 51-61-ci illər

Müaviyə məktub yazaraq İmam Hüseyndən (ə) kufəliləri dəvətdən və ona müxalifətdən əl çəkməsini tələb etdi. İmam ona cavab yazaraq buyurdu: "Ey Müaviyə! Ən böyük fitnə sənin bu ümmətə hakimliyindir. Mən sənə müxalifət etmək istəmirəm, ancaq bunu etməsəm, Allaha nə cavab verərəm?!"

İmam Həsən (ə) şəhid olduqdan sonra İraq şiələri hərəkətə keçdilər və İmam Hüseynə (ə) məktub yazaraq ondan Müaviyənin beyətindən çıxıb özünə beyət toplamasını istədilər. Ancaq imam bunu etmədi, onlara Müaviyə ilə müqaviləni xatırlatdı və bu əhdi pozmağın rəva olmadığını buyurdu. Onlara bir müddət səbirli olmalarını, Müaviyənin ölümünə qədər gözləmələrini tövsiyə etdi.
Hüseyn (ə) böyük qardaşı İmam Həsən Müctəba (ə) şəhid olduqdan sonra Allahın əmri və qardaşının vəsiyyətinə əsasən, imaməti öhdəsinə götürdü və on il imamlıq etdi. O həzrət imamlığının təxminən son altı ayını çıxmaqla qalan müddətini Müaviyənin xilafəti zamanında ən çətin, ağrılı-acılı şərtlər və ən ağır təzyiqlər altında keçirdi.


Oğlu Yezid üçün xilafətin əsaslarını möhkəmləndirməkdə olan Müaviyə hamıdan Yezidə beyət alırdı. Lakin İmam Hüseynə (ə) toxunmadı və onu beyətə məcbur etmədi. Müaviyə oğluna da tapşırmışdı ki, Hüseynlə (ə) ehtiyatlı davransın, çünki o, Peyğəmbərin (s) qızının oğludur və xalq tərəfindən çox sevilir: "İşlərin yoluna düşənə qədər qohumluq əlaqələrini saxla və onunla keçin. Əgər sənə qarşı bir işə qalxsa, ümidvaram Allah məsələni onun atasını və qardaşını öldürənlərin əli ilə yoluna qoysun".

(Sarallah - 5-ci ismət)