21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn bu gün cavanlara necə nümunə ola bilər?
02.04.2018
Qurani-Kərimdə həzrət Peyğəmbərin barəsində ayə var: "Peyğəmbər sizin üçün ən böyük, ən gözəl nümunədir." Bu ayə mütləqdir, ümumiyyəti var. Bu ayə peyğəmbəri hansısa bir sahədə nümunə kimi göstərməyib. Məsələn ola bilər biz bir nəfərin əxlaqını başqa bir nəfərə nümunə göstəririk və ya dərs oxumağında, ya valideynliyində, ya övladlığında, ya qonşuluğunda. Bu mövzular nə qədər ki insana aid olur, hər birinə ayrıca nümunə göstərmək olar. Amma bir nəfər bu mövzuların birində və ya bir neçəsində nümunə ola bilir. Yalnız məsumlardır ki, bütün dünya üçün bütün dediyimiz məsələlərin hamısında nümunə ola bilərlər. Allah başda həzrət peyğəmbəri nümunə göstərir. Allah həzrət peyğəmbəri ayrı-ayrı sahələrdə təsdiqləyir, böyüklüyünü göstərir.

Məsələn bir dəfə deyir: "Peyğəmbər nəfsindən danışmaz. Danışdığının hamısı vəyhdir"

Bir dəfə onun elmini deyir: "Peyğəmbəri çox şiddətli qüvvəti olan varlıq, yəni həzrət Cəbrayıl öyrətdi bu şeyləri, səhv ola bilməz"

Bir dəfə deyir ki: "Sən böyük əxlaq sahibisən"

Bütün qanunlar insanın üzərində hakimdir. Onların hamısında peyğəmbərin nümunə olmasını Allah ayrı-ayrı yerlərdə təsdiqləyir. Ondan sonra bir dəfə hamısını yığır bir yerdə deyir: "Peyğəmbərdə ən böyük nümunə var." Biri istəsə ata ola, biri istəsə qardaş ola, biri istəsə sərkərdə ola, biri istəsə rəhbər ola, biri istəsə siyasətçi ola, biri istəsə elmli ola və ya əxlaq sahibi ola bütün bu məsələlərin hamısını o ayədə yığır toplayır.


Həzrət Rəsulullah da buyurur: "Mən Hüseyndənəm, Hüseyn də məndəndir." Yəni biz bərabər hüquqluyuq. Bu sözün içində çox sözlər var. Yəni Allah peyğəmbərin barəsində o hüquqlar, təriflər, sözlər ki deyib onların hamısı İmam Hüseyn və başqa imamların barəsində də sabitdir. Çünki naib elə mənub ənhin hökmündədir. Necə ki, vəkil müvəkkilin hökmündəir. Müvəkkil məni vəkil edir - yəni bu işləri görməyə tam səlahiyyətliyəm. Burada da məsumlar peyğəmbərin canişinidirlər. Deməli peyğəmbərə sabit olan hər şey onun canişinlərinə də sabit olub. Yəni necə peyğəmbər bütün sahədə nümunə idi, İmam Hüseyn də həmin sahələrin hamısında nümunədir. Hətta bütün dünyaya nümunədir. Fərq etmir qadın olsun ya kişi, cavan olsun ya qoca - hamısı üçün nümunədir. İstər şəxsi məişətində, istər ictimai həyatında, hakimiyyətində və yaxud kiməsə tabe olmaqda...


İmam Hüseyn həm imam olub, həm məmum olub. Bir vaxtlar həzrət Əlinin (ə) və həzrət Həsənin (ə) imaməti dövründə onlara məmum olub. Bir vaxt da gəlib özü imam olub. İstər o dövrdə, istər bu dövrdə rəhbər qəbul etməyi, rəhbərə itaəti yerində olub, həmçinin öz rəhbərliyi də yerində olub. Bir şey ki, Allah bəyənib, peyğəmbər də təsdiq edib.


Cavanlar cəmiyyətin içində həmişə seçilmiş bir təbəqədir. Hətta behiştə Allah hamını cavan aparacaq. Cavanlıq bir xüsusi dövrdür ki, insan behiştdə də o formada olacaq. Biz bilirik ki, cavanın Allah yanında hörməti başqalarından fərqlidir. Günahkar cavanın mənfi məqamı da başqalarından fərqlidir. Məsələn İmam Kazim deyir ki, mən bir cavan görsəm dinini öyrənmir, onu qılınclayaram.


Allah deyir, ibadət edən cavanlar olmasa göyü dəmir edərəm, yeri mis edərəm. Nə ordan yağdırmaram, nə də yerdən göyərtmərəm. Ümumiyyətlə dünyanın siyasi və ictimai gedişatında cavanların ciddi rolu var. İmam Hüseyn bugünkü cavanlara necə nümunə ola bilər? Bu günkü cavanlar gərək İmam Hüseyni tanısın. Nəinki İmam Hüseynin cavanlığını tanısınlar. İmam Hüseyni körpəliyindən şəhadətinə qədər tanımaq lazımdır. İmam Hüseyn Yezidlə üzbəüz idi. Yezid bir nəfər idi. Ya bir Bəni-üməyyə idi. İmam Hüseynin sözlərində var ki, mənim kimisi Yezid kimisi ilə beyət etməz. İmam Hüseyn bu sözü ilə aləmə elan etdi ki, Yezid bir nəfər deyil. Bəni-üməyyə bir klan deyil. Bütün zamanların hamısının Yezidi və Bəni-üməyyəsi var. Bu özü ayrı bir elan idi dünyaya ki, elə bilərsiniz Yezid bircə mənim zamanımda oldu qutardı. Yox! Axıra qədər davam edəcək. Bu gün dünyanın bu təlatümlü vaxtında, sosial şəbəkələrin fəsad yayan vaxtında, o Yezid hamının cibində gəzən vaxtında (telefonun içində) cavanlara bu məsələdən nicat verə biləcək yeganə İmam Hüseyndir. İmam Hüseyn cavanlara tam şəkildə nümunədir. İstər şəxsi, fərdi həyatında, istər ictimai həyatında istər ibadət və itaətində. Baxaq görək İmam Hüseyn necə oldu ki, İmam Hüseyn oldu. İmam Hüseynin ibadətinə, itaətinə, dünyanın fəsadı ilə razılaşmamağına və zalıma qarşı çıxmağına baxaq. Bu özü cavanlar üçün nümunə ola bilər ki, fəsadlardan nicat tapsınlar.


Əhliman Rüstəmov