21 Noyabr 2024 - 21
İnsan tarix səhifələrində özünü dəyərləndirmək, qiymətləndirmək istəsə, özünə bu yaşadığı həyatda obraz vermək istəsə həmişə özünü müsbət rolda canladırır. Biz hər zaman düşünürük ki, əgər biz Kərbəlada olsaydıq, Aşurada olsaydıq biz tam fərqli olardıq. Biz İmam Hüseynin dəstəsində olardıq, 72 nəfərdən biri olardıq. İnsan özünə nisbəti həmişə xoşbindir. Amma atdığımız addımlar bəzən bundan çox fərqli olur. İmam Hüseyn (ə) qiyamətə qədər yaşayan bir xətt qoydu. Və mübarizəsində heç vaxt demədi ki, mən Yezidlə beyət etmərəm. Məşhur cümləsində buyuur: "Mənim kimilər, onun kimilərə beyət etməz."
Görəsən insan bu sözləri eşitdiyi halda niyə hələ də rəftarında fərqlidir? Niyə insan Aşura düşüncəsi ilə düşünə bilmir? Niyə insan Kərbəladan danışdığı halda Kərbəla təfəküründə yaşaya bilmir? Elə bilirsiniz Kərbəlada olanlar İmam Hüseyni tanımırdılar? Ömər ibn Səd uşaqlığından İmam Hüseynlə bir küçədə, bir məhəllədə böyümüşdülər. O İmam Hüseyni o cür tanıyırdı.
İnsanların Kərbəla düşüncəsində yaşamağına mane olan yeganə amil insanın bağlılığıdır. Həyatda olan bağlılıqlar insanı qoymur ki, Kərbəla və Aşura təfəkküründə yaşasın. Bu düşüncəni görün İmam Hüseyn (ə) insanların gözündə necə kiçildir. Buyurur: "Sonu ölüm deyilmi məgər?" Ölümü insanların gözündə kiçildir. Buyurur: "Ölüm körpüdür. Ölüm sonluq deyil, bu dünyadan başqa bir dünyaya keçiddir, körpüdür."
Quran ayəsi buyurur: "Hər bir canlı, carlıq ölümü dadacaqdır." Demir ölüm səni dadacaq, demir ölüm səni məhv edəcək. Necə ki, biz bir meyvəni yeyirik, dadırıq. Buyurur, ey insan, ölümü özün də dadacaqsan, həzm edəcəksən.
İmam Səccadı gətirmişdilər İbn Ziyadın məclisinə, orada İbn Ziyad hücum etdi İmam Səccadın üstünə ki, bunu niyə öldürməyibsiniz? İmam Səccad bir kəlmə buyurdu: "Ay cəllad! Məni ölümlə qorxudursan? Sən hələ başa düşməmisən ki, ölüm bizim üçün adi bir şeydir və bizim böyüklüyümüz, bizim kəramətimiz elə bizim şəhadətimizdədir." Ölümü insanların gözündə kiçildir.
İmam Hüseyn buyurur: "Mən ölümü səadətdən başqa bir şey görmürəm. Amma zalımlara beyət edib, birlikdə yaşamaq xarlıqdan başqa bir şey deyil". Ümumiyyətlə insan Kərbəla düşüncəsində yaşamaq üçün ilk öncə bağlılıqlarından qurtulmalıdır.
Qədir Məmmədov