23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) buyurmuşdur:
فَاِنِّى لاَ اَرَى الْمَوْتَ اِلاَّ سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ اِلاَّ برما
"Həqiqətən, mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm." ("Tühəfül-üqul", səh.276.)
"Səadət" sözü bir çoxlarının baxışında əyləncə xarakterli məna ifadə etsə də, əslində dərin məna daşıyır. Bir çoxları səadəti xoş güzəran keçirmək, rifah həyatda görürlər. Onun öz dilimizdə mənası xoşbəxtlikdir. Dünyəvi və maddi istək və arzularına yetən insanı xoşbəxt adlandırırlar.
Görəsən, səadət və xoşbəxtlik elə budurmu? Doğrudan da, dünyəvi ləzzətlərə, istək və arzularına çatan xoşbəxt, ondan məhrum olan, istək və arzularına yetməyən və yaxud maddi ləzzətlərdən yan keçən isə bədbəxtdirmi?
Qurani-Kərim məntiqinə əsasən, "yoxsulluq" və "zənginlik" – hər ikisi ilahi imtahandır və xoşbəxtliyin əlaməti tam başqa bir şeydir. "Fəcr" surəsinin 15-17-ci ayələrində buyurulur:
فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ كَلَّا...
"İnsana gəldikdə isə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə deyər: "Rəbbim məni əziz tutmuşdur." Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, "Rəbbim məni alçaltdı!" – deyər. Belə deyildir...."(Güman edirsiniz ki, nemətin çoxluğu xoşbəxtlik, onun azlığı isə alçaqlıq və bədbəxtlikdir? Bu, belə deyildir!(
Əgər səadət və xoşbəxtlik əksər insanların düşündüyü kimidirsə, bəs, nə üçün davamlı deyil, ötəridir?! Əmirəlmöminin Əli (ə) buyurur:
إِنْ مُصِيبَةٌ نَزَلَتْ بِهِ، ضَنّاً بِغَضَارَةِ عَيْشِهِ، وَشَحَاحَةً بِلَهْوِهِ وَلَعِبِهِ! فَبَيْنَا هُوَ يَضْحَکُ إِلَي الدُّنْيَا وَتَضْحَکُ إِلَيْهِ فِي ظِلِّ عَيْشٍ غَفُولٍ، إِذْ وَطِيءَ الدَّهْرُ بِهِ حَسَکَهُ، وَنَقَضَتِ الْأَيَّامُ قُوَاهُ، وَنَظَرَتْ إِلَيْهِ الْحُتُوفُ مِنْ کَثَبٍ، فَخَالَطَهُ بَثٌّ لاَ يَعْرِفُهُ، وَنَجِيُّ هَمٍّ مَا کَانَ يَجِدُهُ، وَتَوَلَّدَتْ فِيهِ فَتَرَاتُ عِلَلٍ
"...Ona müsibət və kədər gələndə kef çəkməyə üz tutar və özünü qəm-qüssədən yayındırardı. Beləliklə, dünya ona və o, dünyaya güldüyü halda qəflət içində olan həyatın şadlıqları əsnasında birdən fələk onu öz tikanı ilə sancdı və qüvvələrini darmadağın etdi (müxtəlif bəla və dərdlərə düçar etdi). Ölüm alətləri ona yaxından tamaşa edirdilər. Bu zaman, o, tanış olmadığı kədərə düçar oldu və bundan qabaq üzləşmədiyi gizli əzab-əziyyətlərlə yoldaş oldu. Xəstəliklər nəticəsində onda çoxlu zəiflik və süstlük yarandı..." ("Nəhcül-bəlağə", xütbə 212.)
Demək, ötəri rifah və xoşgüzəranlığı səadət və xoşbəxtlik adlandırmaq olmaz. Şəhidlər sərvəri imam Hüseyn (ə) haqqa əməl olunmadığını və batildən çəkinilmədiyini gördükdə, batilin kökünün qırılması və haqqın bərpası uğrunda ölümü səadət və xoşbəxtlik adlandırır. Elə bu səbəbdən, qırmızı ölümlə əbədi səadətə yetərək, həm Allahın dinini dirçəldir, həm də bu dinin davamçılarını yaşadır.
Bəli, səadət və xoşbəxtliyin mənası budur! Yəni xoşbəxtliyə çatmaq üçün nəinki həyatın ləzzət və xoşgüzəranlıqları, həm də həyatın özünə göz yummaq lazımdır. Bu növ səadət və xoşbəxtlik imam Hüseynin (ə) rəftarı və həyat tərzində aşkar görünür.
İndi əgər dünyəvi həyatımızda xoşbəxtlik axtarışındayıqsa, öncə bu sualın cavabını hazırlamalıyıq:
از کجا آمده ام، آمدنم بهر چه بود؟ به کجا می روم؟ آخر ننمایی وطنم
"Hardan gəlmişik, nə üçün gəlmişik və hara gedəcəyik?"
Əmirəlmöminin Əli (ə) necə də gözəl buyurmuşdur: "Allah rəhmət etsin o insana ki, haradan gəldiyini, harada olduğunu və hara gedəcəyini bilir!" ("Mizanul-hikmət", "ərəfə" sözü.)
Bu suallara cavab verən və həyatını həmin cavablar əsasında tənzimləyən insan səadət və xoşbəxtliyi dərk edə bilər!
Quran məktəbində böyüyüb boya-başa çatan insan yəqin bilir ki, başlanğıcı Allah tərəfindən olduğu kimi, sonu və məqsədi də Allaha tərəfdir. "İnna lillahi və inna iləyhi raciun." – Biz Allah tərəfindənik və Ona tərəf də qayıdacağıq! Odur ki, imam Hüseyn (ə) hamıya səadət yolunu göstərərək haqqın dirçəlişi uğrunda ölümü xoşbəxtlik amili bilir. Çünki o həzrət həyatın seyrinin Allahdan başlayıb, Allaha doğru da sona yetəcəyinə yəqin etmişdi.
Əgər bəşər övladı özünü sağ-salamat məqsədə yetirə bilərsə, o zaman səadət və xoşbəxtlik iddiasını gerçəkləşdirə bilər. Mərhum Mirfendereski demişkən:
عقل کشتی آرزو گرداب و دانش بادبان حق تعالی ساحل و عالم همه دریاستی
"Öz varlıq gəmisini sağ-salamat və əmin-amanlıqla sahilə yetirə bilən insan xoşbəxtdir." Aşura dərslərindən biri də həqiqət axtarışında olanlar üçün "səadət və xoşbəxtliyin" məna və təfsiridir.
Rza Şükürlü (Maide.Az)