21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla hadisəsi və İmam Hüseynin şəxsiyyəti insani dəyərlərlə bir-birini necə tamamlayır?
07.05.2018

İmam Hüseyn barəsində bu məsələni də açıqlamaq istəyirəm ki, İmam Hüseynin cəmiyyətdə nümunə olması artıq baş verməkdədir. Biz bunu hər il insanların axın-axın Kərbəlanı ziyarət etməsində müşahidə edirik. Və o ifadə ki var, "kimsə varmı mənə kömək etsin" - bu çağırışın sədaları hələ də öz aktullığını saxlamaqdadır. Mən o insanların dəstə-dəstə İmam Hüseynə tərəf axmasında səbəb kimi bu ifadə, bu şüarı görürəm.

Qurani-Kərimdə belə bir ifadə var. Buyurur ki, cəhənnəm əhlinə belə bir xitab olunacaq: "sizə nə oldu ki, bir-birinizə yardım etmədiniz?" Bir növ bu ifadənin, bu ayənin kökündə belə bir məna durur. Sanki insanların bir-birinə yardımlaşmamaları onların Allah qarşısında əzaba düçar olmaları göstərilir. Bugünkü cəmiyyətimizdə biz bunu müşahidə edirik ki, insanlar getdikcə bir-birindən uzaqlaşmaqdadırlar. Xüsusilə texnologiyanın inkişafı getdikcə cəmiyyəti bir-birindən ayırmaqdadır. Bu prosesi izlədikdə görürük ki, islamın əmri olan qohumları yad edib baş çəkmək göstərişi artıq inkişaf etmiş texnologiya vasitəsilə getttikcə yadlaşır və uzaqlaşır. Amma İmam Hüseynin o ifadəsi ki, "kimsə varmı mənə kömək etsin?" bu ifadədə bir növ həqiqətə doğru çağırış var, haqqa doğru çağırış var. Bu çağırışın özündə də insanları birliyə, insanların bir-birinin əhvalın tutmağa bir-birinə yardımlaşmağa, bir-birinin yolunda fəda olmağa çağırış var. Bunun insani dəyərlər əsasında baş verməsi də çox qəribədir. Mən deyərdim ki, Kərbəlada baş verən tam olaraq islam düşmənçiliyi deyildi, insani və heyvani dəyərlərin qarşı-qarşıya gəlməsi idi.

Biz İmam Hüseynin şəxsiyyətini daha çox Kərbəlada qabarıq şəkildə görürük deyə Kərbəlanın üzərində dayanırıq. Kərbəlada görürük ki, qarşı tərəfdə İmam Hüseynlə vuruşan dəstə insani dəyərlərdən uzaq düşmüş dəstədir və imamın çağırışlarının əksəriyyətinin mahiyyətində insani dəyərlər əsasında birləşmək durur. Bu gün bir cəmiyyət olaraq həmin insani dəyərləri yaşatsaq, harada oluruqsa olaq, məzhəbindən, dinindən irqindən asılı olmayaraq o insani dəyərlər əsasında bir-birimizi cəlb etsək və bir-birimizə yardım etsək İmam Hüseynin dəyərlərini yaşatmış oluruq. Və həmin şəxsin fikirlərini, ideologiyasını cəmiyyətə çatdırmış sayılırıq.

Mən belə başa düşürəm ki, İmam Hüseyni ziyarət edənlərin arasında müxtəlif dinlərdən, əqidələrdən olan fərqli ideologiyalara sahib olan insanların iştirak etməsi də bu amili bizə mükəmməl səviyyədə izah edir ki, bu insanlar o şəxsin ətrafına insani dəyər baxımından toplaşır, nəinki islam mehvəri əsasında. İslamın əsas mahiyyəti olan islami dəyərlər bu gün cəmiyyətimizdə təbliğ olunmaldır və bu təbliğin kökündə İmam Hüseynin (ə) şəxsiyyətini çatdırsaq bu bizə kifayət edər.

Samir Əzizov