23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (ə) Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (ə) İmam Həsənlə çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsənə sülh təklif etdikdə, İmam Həsən İmam Hüseyn və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.