21 Noyabr 2024 - 21
Həzrət peyğəmbər buyurur: "Hüseyn hidayət çırağı və nicat gəmisidir". Həzrət balası İmam Hüseyni (ə) iki yöndən bizə təqdim edir. Peyğəmbər buyurur istəyirsiniz balam Hüseyni tanıyasınız? Hüseynin iki özəlliyi var. Biri "hidayət çırağı"dır. Bu nə deməkdir? Gəmilər adətən dənizdə sahilə yan almaq üçün sahildə xüsusi fənərlər qoyurlar ona "mayak" deyirlər, yol göstərən deyirlər, yəni gəmi sahilə yanaşanda yer altı daşlara dəyib parçalanmasın. İmam Hüseyn (ə) barədə cəddi peyğəmbər buyurur ki, balam hidayət məşəlidir. Yəni yol göstərəndir. Bir adamın yol göstərməsi üçün vacibi şərt budur ki, özü yolda olmuş ola. Müqəddəs kitabımızda da ayəmiz var ki, "..özü hidayət olunmayanlar necə hidayət edə bilərlər?" Biz məsələyə bu konteksdə yanaşanda baxırıq ki, peyğəmbər İmam Hüseynə hansı qiyməti verib? Qurani-Kərimin Yasin surəsində belə bir ayə var "Əla siratin mustəqim", yəni sənə hətta şeytanın vəsvəsəsi təsir etməyəcək. Şeytan zəhmət çəkib vəsvəsə edəcək amma sənə təsir qoymayacaq. Həzrətin İmam Hüseynə verdiyi birinci qiymət budur ki, mənim balam Hüseyn hidayət məşəlidir. Deməli Hüseyn özü artıq hidayət olunmuşdur və bu heç vaxt hidayət yolundan kənara çıxa bilməz. Bu birinci xüsusiyyət.
İkinci budur ki, Həzrət buyurur nəvəm "Nicat gəmisidir". Baxın bizim tarixdə çoxlu şəxsiyyətlərimiz olub ki, hidayət məşəli olublar, amma ikinci xüsusiyyət ki, nicat gəmisi də ola bilsinlər bu xüsusiyyət heç kimdə cəm ola bilməyib. Bu yalnız və yalnız İmam Hüseynə (ə) aiddir.
İmam Hüseyn Kərbəlada 9-cu gecə belə bir ifadə işlədir ki, mən sizdən beyətimi götürdüm istəyən getsin. Hər kəs azaddır. İndi gedənlər günah etmiş olmurlar. Çıraqları söndürür, sonra yandıranda dediyinin tam əksini görür. Görür heç kim getməyib. Sabahkı gün isə artıq Aşuradır, müharibədir. Həzrət qalıb tək-tənha. Həzrət buyurur: "Bir adam varmı mənə yardım etsin?"
Baxın paradoks görünür. 9-cu gecə deyirdi mən sizdən beyəti götürdüm, istəyən getsin. 10-cu gün, yəni təxminən 8-9 saat sonra deyir ki, "bir adam varmı mənə yardım etsin." Bu nə deməkdir? Niyə dünən deyirdi gedin, bu gün deyir mənə bir yardım edən varmı. İmam Hüseyn dünən istəyirdi ki, pakların içindı napak qalmaya. İmam Hüseynin şəxsiyyəti çox özəldir. Həzrət istəyirdi, mənim Kərbəladakı qoşunumda pakların içində napak qalmaya. Yəni əgər qəlbində şüphə olan varsa, başqa niyyətə gələn varsa qoy o başqa niyyətlər mənim o pak qoşunumun içərisindən çəkilsin. Amma sabah nə deyir? "bir adam varmı mənə kömək etsin?". Bu nə deməkdir? Həzrət görür ki, day mən ölürəm, nicat gəmisi qurtarır. İstəyir axrıncı şans versin insanlara. Bir nəfər də olsa necə ki, oldu da Ömər Sədin qoşunundan son anlarda bir neçə insan həzrətin səsinə səs verdi və gəldilər imamın tərəfindən vuruşub, şəhid oldular. Məntiqlə bunu hamı bilirdi ki, axır anda belə min nəfər də gəlsə həzrət xilas edib, nicat verə bilməzdi. Amma İmam Hüseyn (ə) niyə edirdi? Çünki cəddinin diliylə desək, o nicat gəmisidi. O görürdü artıq sondur, gedirəm və son olaraq mənim bu insanlara verə biləcəyim fayda olsun, bir nəfər də olsa əlindən tutub özümlə cənnətə aparım.
İmam Hüseynin şəxsiyyətinin özəlliyi bu idi ki o, dilsuz idi. Can yandırırdı insanalara. Biz bu cəhətdən İmam Hüseynin şəxsiyyətinə peyğəmbərin sözüylə baxsaq görürük ki, İmam Hüseynin bir yönü "hidayət məşəli" idi, kim Hüseynin dalınca gedirdisə heç vaxt zəlalətə düşmürdü. İkincisi də İmam Hüseyn (ə) təkcə hidayət məşəli olaraq qalmırdı, eyni zamanda İmam Hüseyn ona tərəf gələnləri əlindən tutub behiştə, cəddi peyğəmbərin hüzuruna qədər aparmaq istedadı var idi.
Səid Abbasov