23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) ədəb və nəzakəti
02.07.2018

"Ya Rəsulum! Bəndələrimə de ki, "ən gözəl sözləri söyləsinlər.."

Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı, ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir. İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:

1) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişi utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: "Əmi, bax gör biz hansımız yanlış formada dəstəmaz alırıq?"

Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.

Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi: "Siz ikinizdə dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim."

2) "Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan kömək dilədi. Osman ona beş dirhəm verdi.
Kasıb dedi: "Ən səxavətli şəxsləri mənə göstər."
Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri göstərərək dedi: "Bu cavanlara müraciət et."

Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi. Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı. Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.
Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı. Osman dedi: "Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı babalarının sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər."

3) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.

Tofiq Əsədov