23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Ərbəin - Məhəbbətin verdiyi nicat
26.07.2018

İnsanın qəlbində sevgi qərarlaşarsa, aqibəti xeyir olar. Həzrət Əlidən (ə) nəql edilən hədisdə həqiqi məhəbbətin müqabilində nicat tapmaqla bağlı nurani bir müjdə var. Bir gün günorta vaxtı İmam Əlinin (ə) səhabələrindən olan Haris Həmədani gəlir o həzrətin (ə) yanına. Həzrət (ə) soruşur: “Səni buraya nə gətirmişdir?”. Haris deyir: “And olsun Allaha! Məni bura sənə olan məhəbbət yetirmişdir”. Əmirəlmöminin (ə) buyurur: “Əgər doğru deyirsənsə, məni 3 yerdə mütləq görəcəksən: ruhun bədənindən çıxan zaman; Sirat körpüsündə və Kövsər hovuzunun kənarında”.

İstəyiriksə bu mübarək aqibətlə üzləşək – gərək həqiqi məhəbbət olsun qəlbimizdə. Həqiqi məhəbbətin cövhərində isə Allaha bəndəlik durur. Sevən insanın bu sevgiyə uyğun əməli olmalıdır.

Allah Təalanın məhəbbəti necə əldə olunar? İmanın ləzzəti insan tərəfindən nə zaman dadılar? Peyğəmbərimiz (s) öz səhabələrindən birinə buyurur: “Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə. Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et. Çünki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mümkün deyil”.

İnsan istəyirsə Allahın məhəbbətini qazansın, Rəsuli-Əkrəmin (ə) bu mübarək buyuruşuna əməl etməlidir. Dostu-düşməni, məhəbbəti-nifrəti Allaha görə olmalıdır.

Mübarək hədisin davamında Peyğəmbərimiz (ə) buyurur: “İnsan belə etməsə, nə qədər çox namaz qılıb, oruc tutsa da – imanın ləzzətini dada bilməz”.

İnsan duyğularını və rəftarlarını Allaha xatir tənzimləsə, namazlarının və oruclarının nəinki sadəcə əhəmiyyəti olar, o, imanın ləzzətinin nə olduğunu dərk edə bilər.
İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə isə kimin daha üstün olması məsələsinə aydınlıq gətirilir. Buyurulur: “İki mömin bir-biriləri ilə görüşəndə, onlardan hansı mömin qardaşına daha çox məhəbbət bəsləyirsə - daha üstündür”.

Gördüyümüz kimi, meyar yenə də məhəbbətdir. Allaha xatir Onun bəndəsinə məhəbbət bəsləyən, mübarək dinimizin nəzərində daha üstün dərəcəyə malikdir. İnsanlararası münasibətlərin mürəkkəbliyi barədə minbir kitab yazılıb və münasibətlərdə harmoniyaya nail olmaq barədə minbir tövsiyə verilib. Amma mübarək dinimiz çox sadə yerinə yetirilə bilən, amma effektivliyi baxımından misli görünməyən bir resept təqdim edir: yarışın xoş münasibətdə! Yarışın səmimiyyətdə və mehribanlıqda! Yarışın qarşılıqlı məhəbbətdə! Yarışın bir-birinizə sayğılı olmaqda! Və bu məhəbbət Allaha görə olsun. Yəni, insan Allaha nə qədər yaxındırsa, ona bəslənən məhəbbət də bir o qədər möhkəm olsun. İmanlılığın təsbitidir bu. Əslində, buna riayət olunsa, insanlararası münasibətdə bircə dənə problem olmaz.

İmam Cəfər Sadiqdən (ə) nəql edilən başqa bir hədisdə dostluq və düşmənçilik etməyin yeganə düzgün meyarı təqdim olunur: “Dinə xatir dostluq və düşmənçilik etməyənin dini yoxdur”.

Dəyər əsasında olmalıdır insanın dostluğu və düşmənçiliyi. Həqiqi dəyər əsasında. İlahi dəyər əsasında. Bütün başqa meyarlar – batildir. Bütün başqa meyarlar insanı öz həqiqi missiyasına çatdırmır.

Allahım! Bizləri bu mətləbləri dərk edərək, gündəlik həyatda tətbiq edənlərdən qərar ver!

Amin!

İlqar İbrahimoğlu