23 Noyabr 2024 - 23
İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə şəhid olmalarının 40 günü. Ərbəin günü – bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - «Ərbəin» günü, hicrətin 61-ci ili səfər ayının 20-də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir.
Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: «Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: «Əlimi pak qəbrin üzərinə qoy» (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: «Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!» dedi».
Ərbəinlə bağlı cənab Cabir Ənsari – Peyğəmbərimizin (ə) qocaman səhabəsi ki, Ərbəin günündə İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət etdi – bir mühüm nöqtəni vurğulamışdır. Cənab Cabir Ənsari o kəsdir ki, əziz Peyğəmbərin (ə) insan yetişdirən bağının ən nəcib meyvələrindən hesab edilir. Bəli, həmin bu cənab Cabir, Ərbəin günü Kərbəlanın əziz şəhidlərinə salam verdikdən sonra, bu sözləri deyir: “Biz də sizin daxil olduğunuz (aid olduğunuz, etdiyiniz) işə şərik idik”.
Cabir Ənsarini müşayiət edən, bu qocaman möminə yolda yardımçı olan həmin Ətiyyə adlı insan xatırlayır: “Ona dedim: “Ey Cabir! Biz əziyyət çəkmədik, qılınc vurmadıq! Bu insanların başları bədənlərindən ayrılıb, ailələri tənha qalıb, uşaqları yetim qalmışdır. Necə ola bilər ki, biz əcrdə, savabda onlarla şərik olaq?”.
Cənab Cabir cavabında buyurur: “Ətiyyə! Mən öz iki qulağımla Allahın Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Hər kim bir camaatın əməlini sevsə, o əməlin savabında onlarla şərikdir”. Sonra dedi: “Ey Ətiyyə! Rəsulullah (s) buyurdu: “Mənim də əshabımın niyyəti – Hüseynin (ə) və əshabının həmin niyyətidir””.
İlqar İbrahimoğlu