23 Noyabr 2024 - 23
Hicri-qəməri təqvimlə səfər ayının 20-si, Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm günüdür.
İmam Hüseynin (ə) və silahdaşlarının faciəli qətli ilə əlaqədar saxlanılan matəm mühərrəm ayının 10-da (aşura günündə) başlanır və 40 gündən sonra (ərbəin günündə) sona çatır. Elə «ərbəin» gününün ərəb dilindən tərcüməsi də «qırx» deməkdir.
Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixini aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlayırlar. Kərbəlada Şəhidlər sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Diməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynül-abidin (ə) də var idi. O, aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə sağ qalmışdı.
Kərbəla faciəsinin xəbəri Mədinəyə çatanda şəhərdə misli görünməmiş həyəcan başladı. Hamı Peyğəmbərin əziz nəvəsinin və Onu qoruyan dəstənin şəhadətinə təəssüflənirdi. Mədinədəki matəm mərasiminə şəhərin ən nüfuzlu şəxsləri – Peyğəmbərin hələ sağ olan bəzi həyat yoldaşları, qocaman səhabələr başçılıq edirdilər. Belə bir şəraitdə məşhur səhabə Cabir ibn Abdullah Ənsari Mədinədən çıxıb Kərbəlaya gəlir və şəhidlərin məzarını ziyarət edir. Onu bu səfər zamanı Ətiyyə ibn Səd ibn Cünadə Övfi adlı səhabə müşayiət edirdi. (Cabirin bu zaman 75-dən artıq yaşı vardı, qocalıqdan gözləri tutulduğu üçün Ətiyyə ona bələdçilik edirdi). Rəvayətə görə, Cabir Kərbəla məkanına çatdıqdan sonra (o zaman buralar çöllük idi) Fürat çayında qüsl almış, özü ilə gətirdiyi pak və təzə paltarı geyinmiş, ətirlənmiş, sonra İmam Hüseynin (ə) və əzizlərinin mübarək qəbirlərini ziyarət etmək üçün ayaqyalın halda yola düşmüşdü. Ətiyyə rəvayət edir ki, Cabir əvvəlcə İmam Hüseynin (ə) qəbrini ziyarət etdi, məzarın üzərində o qədər ağladı ki, bihuş oldu. Ayılanda söylədi: «Həbib (sevgili, yəni İmam Hüseyn) öz həbibinə (yəni Cabirə) niyə cavab vermir?». Sonra Cabir sair şəhidlərin qəbrlərinə də salam verdi, qayıdanda isə Ətiyyəyə belə dedi: «Ali-Mühəmmədi (yəni Əhli-beyti) sevənləri sən də sev. Ali-Mühəmmədə düşmən olanlarla sən də düşmənçilik et; hətta bunlar namaz və oruc əhli olsalar belə».
Beləliklə, tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynül-abidinin (ə) məhz ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır. Amma bu ziyarətin Kərbəla hadisəsi baş verən il yoxsa növbəti il həyata keçirilməsi barədə alimlərin fikri fərqlidir. Bəzi tədqiqatçıların qənaətinə görə, faciədən 40 gün sonra, yəni birinci ərbəin günündə Əhli-beyt tərəfindən məzarların ziyarət edilməsi qeyri-mümkündür. Çünki Kərbəladan Şama kimi yol 40 mənzildən ibarətdir və əsirlər karvanı bu yolu ən sürətli gedişlə ən azı 20 günə qət edə bilərdilər. Əsirlərin Şamda bir neçə gün qaldıqlarını və geri qayıtmaq üçün də ən azı 20 gün tələb edildiyini nəzərə alsaq, birinci ərbəin günündə onların Kərbəlada olması inandırıcı görünmür. Daha səhih məlumatlara görə, Əhli-beyt üzvləri tərəfindən Kərbəlanın ziyarət edilməsi növbəti ilin ərbəin günündə baş tutmuşdur (bax: Şeyx Abbas Qummi. Müntəhal-amal, I, 524-525).
Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) «Ərbəin ziyarətnaməsi»ni oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. «Ərbəin ziyarətnaməsi»nin iki varinatı mövcuddur. Daha geniş yayılmış birinci variantı Səfvani-cəmmal (dəvəotaran Səfvan) adlı səhabə İmam Cəfər Sadiqdən (ə) rəvayət edib. Ziyarətnamənin ikinci variantı isə Cabir ibn Abdullahdan rəvayət edilib və onun həmin ərbəin günü oxuduğu ziyarətnamədən ibarətdir. Bu variant hazırda daha çox rəcəb ayının ortalarında İmam Hüseynin (ə) ziyarətnaməsi kimi oxunur. Hər iki ziyarətnamə məşhur dua kitabı olan «Məfatihül-cinan»da verilib; oxumaq istəyənlər həmin kitaba müraciət edə bilərlər.
Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.
Natiq Rəhimov