03 Dekabr 2024 - 3
Sevmək. Nifrət etmək. Aşura başdan-başa sevgidən və nifrətdən bəhs edir. Aşurada hər şey İlahi məhəbbətdən və Allaha xatir olan nifrətdən, eybəcərliyə nifrətdən yoğrulub.
Bu gün biriləri tapılır ki, sevgi kimi, məhəbbət kimi duyğulardan öz çirkin, fəsad planlarını irəli aparmaq üçün istifadə edir. Biriləri tapılır ki, məhəbbət kimi ülvi hissi o dərəcədə bayağı və primitiv edir ki, hətta bunun üçün təqvimdə günlər də uydurur – öz mənfiliklə dolu əməllərini yaşatmaq üçün.
Amma bir günlər var ki, başdan-başa həqiqi sevgini simvolizə edir. İnsanlara həqiqi sevgini öyrədən bir günlər, Allah xatirinə nifrətin nə olduğunu da çatdırır. Aşura – bu günlərdəndir. Ərbəin – bu günlərdəndir.
Həzrət Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) mübarək vücudu çeşməsindən su içmiş cənab Cabir, Ərbəin günü bir daha bu dərsi keçir. Ərbəinlə bağlı yaşanan mövzularda bu, həmin dəst-xəttin davamıdır ki, Xanım Zeynəb (s) Aşura sonrası müsibətlərlə əlaqədar düşmən ona mənəvi dağ çəkmək istədikdə, “Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim” deyərək, gözəllik və eybəcərliyin həqiqətdə nə olduğu barədə bəşəriyyətə dərs keçmişdi. Bütün bu ağrılara, olmazın məşəqqətlərə, müsibətlərə gözəllik adı verir. Çünki, Allah üçündür. Həqiqi Gözəlliyin yolunda olduğu üçün, özü də gözəldir. Bunlar bir kəslərdir ki, insan duyğularının ən ali dərəcələrindən dərs verirlər.
İlqar İbrahimoğlu