21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) türbətinin elə bir bərəkəti vardır ki, heç bir torpağın bu cür fəziləti yoxdur. Kərbəla torpağı – behişt torpağınınbir parçasıdır. Allah bütün var olduqlarını Onun yolunda fəda edən insanın yatdığı Kərbəla torpağına bərəkət, fəzilət və şəfa qərar vermişdir. (Tebyan)
İmam Sadiq (ə) təsbehin düzəlmə tarixini bizlərə belə bəyan edir: “Həzrət Zəhra (s.ə) təkbirlərin sayı qədər yundan olan kəndirə düyünlər vurmuşdu. Onunla zikr deyərdi. Həzrət Həmzənin şəhadətindən sonra onun qəbirinin torpağından təsbeh düzəltdi. O zaman ki, İmam Hüseyn (ə) şəhid oldu, insanlar o əzizin torpağının fəzilətinə görə ona üz çevirib, ondan təsbeh düzəltdilər”.
Mərhum Şeyx Muhəmmədhəsən Nəcəfabadi nəql edir: “Mən mərhum Ayətullah Axundi Xorasaninin mərcə olan dövründə Nəcəfül-Əşrəfdə təhsillə məşğul idim. Xəstələndim və bu xəstəlik bir müddət çəkdi. Mənə həmin hücrədə olan bəzi tələbələr qulluq edirdilər. Bir müddətdən sonra xəstəliyim o qədər şiddətləndi ki, həkimlər mənə görə məyus oldular. Ona görə də məni müalicə etmək üçün artıq gəlmədilər. Mən də şiddətli hərarətin təsirindən gah özümdən gedirdim və gah da huşa gəlirdim. Mənə qulluq edən tələbələrdən biri eşitmişdi ki, Hacı Əli Muhəmməd Nəcəfabadidə həzrət Seyyid-şühədanın (ə) əsl türbətindən bir qədər vardır. Ona görə də həmin dostum alimin evinə gedib bu türbətdən bir qədər mənim üçün istədi ki, onu yeyib şəfa tapam. O, da deyir ki, mənim yanımda bu türbətdən ancaq bir mərci qədəri qalıbdır ki, onu da saxlamışam ki, kəfənimə qoysunlar. Dostum çox məyus olub deyir ki, bizim əlimiz hər yerdən üzüldüyünə görə sizə pənah gətirmişdim, siz də türbəti vermək istəmirsiniz. Bu xəstə ölüm yatağındadır və can verir. Alim bu sözdən sonra canından da əziz hesab etdiyi bu türbəti dostuma verir. Dostum türbəti bir qədər su ilə qarışdırıb boğazıma tökdü və mən bihuş halda olmağıma baxmayaraq, gözlərimi açdım. Gördüm ki, dostlarım ətrafıma yığışıbdır. Onları tanıdım və onlar mənə türbət haqqında danışdılar. Yavaş-yavaş özümdə güc hiss etdim. Hərəkət edə bildim və əyləşdim. Özümdə güc hiss edib ayağa qalxdım. Yəqin etdim ki, məhz İmam Hüseyn (ə) türbətinin bərəkətinə görə şəfa tapmışam. Dostlarıma dedim: “Sizdən xahiş edirəm ki, hücrədən çıxasınız. Çünki Aşura ziyarətini oxumaq istəyirəm”. Dostlarım bayıra çıxdılar. Mən qapını bağladım və özümdə hiss etdiyim güc və sevinclə ziyarəti oxudum”.
İmam Musa Kazım (ə) buyurur: “Bizim davamçılarımız dörd şeydən ehtiyacsız deyildir: namaz qıldıqları həsir, əllərinə taxdıqları üzük, misvak etmək üçün misvak, 33 dənəsi olan həzrət Seyyidüş-şühəda (ə) təsbehi. Nə zaman onunla zikr desələr, Allah hər dənəsinə görə dörd həsənə yazar. Nə zaman zikr yadından çıxsa və adəti üzrə onu əlində saxlayarsa, Allah onun üçün 20 həsənə nəzərdə tutar”.
İmam Kazıma (ə) belə bir sual verirlər ki, İmam Hüseyn (ə) türbəti ilə təsbeh etmək caizdirmi?”. Həzrət (ə) buyurur: “Hansı şey Seyyidi-şühəda (ə) türbətindən daha fəzilətlidir ki, əgər hər kimin əlində bu türbətdən olan təsbeh olarsa və zikr yadından çıxarsa, onu əlində fırladarsa - zikrin savabı ona yazılar”.
/Deyerler.org/