21 Noyabr 2024 - 21
Əsrlər keçəcək. Bəşəriyyət nə qədər irəli getsə də, bu dərslər köhnəlməyəcək. Əksinə, Aşuradan gözəllik və eybəcərliyin nə olması barədə dərs götürməyi daha da təravətlənəcək. Aşura bizə öyrətdi və Ərbəin bir daha bu dərsi xatırlatdı: “Kimi və nəyi sevirsənsə, onunlasan”.
Kimi sevirik biz? Nələrə məhəbbətimiz var? İstəyirsənsə biləsən kiminləsən – bax gör nəyi sevirsən. İstəyirsən biləsən dəyərin nədir – bax gör məhəbbətin nəyədir. Kimi sevdiyinə və nəyə bağlı olduğuna nəzər yetir. Kimin adı gələndə halının dəyişdiyinə diqqət et. Beləliklə, kimliyin müəyyənləşər. Allahı xatırladan kateqoriyalara, kamala aparan şeylərə vurğunsansa – xoş halına. İnsanın qəlbi nələrlə döyünürsə - insan elə odur.
Ərbəin bizə öyrədir ki, sevgini, məhəbbətini mütəmadi olaraq təftiş et. Bununla bilərsən özünün inibaha, yaxud tənəzzülə yönəldiyini. Bununla bilərsən hansı yoldasan. Rəsuli-Əkrəm (s) buyurur: “İnsan, sevdiyi kəslə bir yerdədir”.
Kimi sevirsənsə - onunlasan. Müqəddəs simaları, həzrət Peyğəmbəri (s), Əhli-Beyti (ə) sevirsənsə, onlarlasan. İmam Hüseynin (ə), Əbülfəzl Abbasın (ə), Rüqəyyənin, Xanım Zeynəbin (s.ə.), Əli Əkbər ağanın, 6 aylıq şəhid Əli Əsğərin adı gələndə qəlbin titrəyirsə - onlarlasan.
İnsan gərək sevdiklərini də, nifrət etdiklərini də sıralasın. Və baxsın. Təftiş etsin. Nə alınacaqsa, onunla biləcək həm durumunu, həm dəyərini. Məhəbbəti nəyədirsə, dəyəri də odur.
İnsanın məhəbbəti nəyədir – ünvanı da oralardır. Məhəbbəti insanlığa, ədalətə, mərhəmətə, əqlə, zəkaya, şücaətədirsə, namusa, qeyrətə, izzətə, həyaya, iffətədirsə - bu keyfiyyətlər onun üçün kamaldır və deməli, bu keyfiyyətləri daşıyan nə qədər kamil daşıyırsa, özündə bu cəhətləri nə qədər çox təcəsüm edirsə - deməli həmin insan onun üçün daha dəyərli, daha önəmli, daha əzizdir. Əgər insanın məhəbbəti pula, hakimiyyətə, mənsəbə, şöhrətə, vəzifəyədirsə - deməli, bunun daşıyıcılığı nə qədər çoxdursa, həmin şəxs onun üçün o qədər önəmli və əhəmiyyətlidir.
İmam Muhəmməd Baqirin (ə) bu mövzuda çox ayıldıcı bir buyuruşu var. İnsanı silkələyən bir buyuruşdur. Buyurur: “And olsun Allaha! Allah tərəfindən bizə bəraət yoxdur, Allahla bizim aramızda qohumluq yoxdur. Bizim Allaha qarşı bir höccətimiz yoxdur və itaətdən başqa Allaha heç bir digər vasitə ilə yaxınlaşmırıq. Buna görə sizlərdən kim Allaha itaət edərsə, bizim imamətimizin ona xeyri olar. Və kim Allahın itaətindən boyun qaçırarsa, imamətimizin ona xeyri olmaz. Vay olsun sizlərə, aldanmayın. Vay olsun sizlərə, aldanmayın!”.
Çox ciddi xəbərdarlıq edir imam Allaha itaətlə şərtləndirir imamətə bağlılığı. Buyurur ki, Allaha itaət etməsə insan, onun İmam Hüseynə (ə) göz yaşı axıtmasının xeyri olmaz. Həqiqi göz yaşları o zaman olur ki, insan Allah Təalaya bəndəlik etmək eşqində bulunsun. Allahın buyurduqlarına sayğı ilə yanaşsın.
Hacı İlqar İbrahimoğlu