21 Noyabr 2024 - 21
Dünən Nigeriya paytaxtı Abucada izdihamlı Aşura mərasimi keçirilib.
Kerbela.info "FarsNews"-a istinadla xəbər verir ki, paytaxtın küçə və prospektlərində yürüş təşkil edən nigeriyalı Əhli-beyt tərəfdarları müxtəlif şüarlar səsləndiriblər, mərsiyə oxuyub, əzadarlıq ediblər, Kərbəla şəhidlərinə məhəbbət və həmrəyliklərini ifadə ediblər.
Əzadarlar, həmçinin hökumətdən haqsız yerə öldürülmüş dindarlara görə əlaqəli şəxslərin məsuliyyətə cəlb olunmasını, həmçinin əsassız yerə həbsdə saxlanılan ruhani və dindarların sərbəst buraxılmasını tələb ediblər.
Bildirək ki, 2014-cü ilin 25 iyul tarixində Zariya şəhərində Nigeriya ordu qüvvələri Qüds Günü ilə əlaqədar mərasim keçirən şiə müsəlmanlara qarşı qətliam törədib. Dinc mərasim iştirakçılarına qarşı tətbiq edilən gülləbaran nəticəsində Nigeriya şiələrinin lideri, nüfuzlu ruhani Şeyx İbrahim Zəkzakinin üç oğlu da daxil olmaqla, azı 35 nəfər həlak olub.
Növbəti qanlı hücum 2015-ci ildə baş verib. Belə ki, İmam Hüseynə (ə) əza keçirən silahsız kütləyə atəş açan ordu Şeyx İbrahim Zəkzakini yaralayır, onun digər üç oğlunu və min nəfərə yaxın tərəfdarını qətlə yetirib. Qətliam zamanı Şeyx Zəkzaki həyat yoldaşı ilə birlikdə həbs edilib. Ruhani lider hələ də səbəbsiz yerə Nigeriya polisinin naməlum təcridxanalarının birində saxlanılır və indiyədək ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.