22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

40 ildir xristianlıq və İslam üzrə mühazirə deyən britaniyalı alimin İmam Hüseyn barədə dedikləri
28.09.2018

Kərbəla şəhərində İmam Hüseyn ziyarətgahının media departamenti Rövzətül-Hüseyniyyə dinlərarası əlaqələr üzrə ekspert Kristofer Hyuverdən müsahibə alıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, 40 il xristianlıq və İslam üzrə mühazirələr oxuyan professor Hyuver müsahibəsində bu fikirləri ifadə edib: "Mən 10 il boyunca xristianlığı tədris etmişəm və 30 il ərzində isə İslamın tədrisi ilə məşğul olmuşam. Bu uzun müddət ərzində dinlər haqqında və qarşılıqlı birgəyaşayış barədə çoxlu sayda kitablar yazmışam. Lakin mənim əsas hədəfim bu dinlər arasında ortaq ideyaların üzə çıxarılması və dinlərarası dialoqun gücləndirilməsi olub. Çünki bütün cəmiyyətlərdə müxtəlif icmalar arasında birgəyaşayışa səsləyən çoxlu ortaq elementlər aşkar etmişəm. Bu birgəyaşayışa nail olmaq üçün ilk öncə bunu diqqətdə saxlamalıyıq ki, hamımız insanıq və bizi bir yerə cəmləyə bilən vahid insani dəyərlərə sahibik. İrqi ayrıseçkiliyi və siniflərarası müxtəliflikləri isə tərk etməliyik, çünki hamımız ilk növbədə insanıq".

O vurğulayıb ki, biz İmam Hüseynin beynəxalq hərəkatını bütün dinlərin, məzhəblərin nümayəndələrini birləşdirən, onlar arasında rabitə yaradan və dialoq, bir-birini tanıma və tanışlıq üzrə körpü quran amil kimi qəbul etməliyik: "Mən siyasətçilərlə söhbətlərimdə ilk öncə Hüseynin öz doğru yolunu, dinini və insanlarını qorumaq naminə həyata keçirdiyi inqilabı və etdiyi fədakarlıqları irəli sürürəm. Söyləyirəm ki, Hüseynin inqilabında və bu inqilabın reallaşdırdığı islahatlarda çoxlu sayda dərslər öyrənmək olar. İmam Hüseyn şəxsi mənafeyini qurban verdi, çünki bu mənafe ədalətsiziyi artıra və zülmkar rejimi gücləndirə bilərdi".

Professor K.Hyuverin sözlərinə görə, bu məsələlər tez-tez əhali ilə siyasətçilər arasında qabarıq şəkildə təzahür edir: "Siz zülmkar və korrupsioner rejimlərlə əl sıxıb görüşərək təslimmi olursunuz, yoxsa İmam Hüseynin yolu ilə gedib ədalətsiziyi və istibdada etiraz edirsiniz?"

Müsahib öz söhbətinin davamında bildirib ki, insanların İmam Hüseynə (ə) oxşamasına və onun yolu ilə getməsinə böyük ehtiyacı var, eləcə də bu yol və metod bütün dünyaya təbliğ edilməlidir. Çünki İmam Hüseyn təkcə şiələrə məxsus bir şəxsiyyət deyil, bütün bəşəriyyət üçün nümunə və modeldir. Allah onu insanlar arasında seçərək şəhidlik və azadlıqla mükafatlandırıb.