16 Fevral 2025 - 16
"İmam Hüseyn əlehissalamın inqilabından nəyi öyrənməyin zəruri olduğunu bilməyimiz son dərəcədə əhəmiyyətlidir".
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu sözləri dünən cümə günü ilə əlaqədar İmam Hüseyn ziyarətgahında qılnmış cümə namazının xütbəsində İraqın ali müsəlman dini rəhbərliyinin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi deyib.
Xətib məsuliyyət hissinin əhəmiyyətindən danışaraq bunun iki formada təzahür etdiyini diqqətə çatdırıb: Biri mədəni məsələlərdə, digəri isə sosial aktivlik məsələlərində məsuliyyət hissi.
O bildirib ki, tibb, mühəndislik, kimya, fizika, sosiologiya, pedaqoqika və iqtisadiyyat kimi akademik sahələr cəmiyyət üçün vacib olsa da, bu elmlər həyati məsələlərdə İmam Hüseyn ruhiyyəsinin təsirini və əhəmiyyətini müəyyən etməkdə kifayət etmirlər. Bu gündə, bu əsrdə həqiqi Hüseynçi mütərəqqi və dünyagörüşlü müsəlman obrazına malik olmalıdır. Bunun üçün İslam qanunvericiliyinə, İslamın mədəni, təhsil, sosial, iqtisadi və siyasi aspektlərinə dərindən yiyələnməlidir.
Şeyx Kərbəlayi diqqətə çatdırıb ki, müsəlmanlar gərək İslami elmləri yalnız Əhli-beytin onlar üçün müəyyən etdiyi mənbələrdən və resurslardan əldə etsinlər. Dindarlara zərərli hərəkatlar barədə xəbərdarlıq edən xətibin sözlərinə görə, bəzi dindarlar konkret şəxslərin İslami mənbə kimi çıxış etdiyinə inanır və qeyd-şərtsiz həmin şəxslərin arxasınca gedir. Nəticədə bu şəxs yolunu azanda arxasınca apardığı kütlə də azmış olur.
"Peyğəmbərlər və İmam Hüseyn (ə) kimi islahatçılar cahilliyə qarşı mübarizə aparıblar, elmi təbliğ ediblər. Müsəlmanlar öz yaşadıqları cəmiyyətlə bağlı məsuliyyət daşımalıdırlar, öz ictimai problemlərinin həllində iştirak etməlidirlər və heç zaman passiv qalmamalıdırlar", - deyə cümə namazının imamı xütbəsində vurğulayıb.
Şeyx Əbdülmehdi Kərbəlayi, həmçinin deyib: "Çıxışımız bununla bağlı idi ki, peyğəmbərlər və imamlar cəmiyyəti islah etmək və hidayət etmək üçün hansı vasitə və metodlardan istifadə ediblər. İmam Hüseynin (ə) Aşura günü çıxışı əbədi olaraq yaşayır, çünki insanları tək-tək və kütlə halında nə cür hidayətə qovuşdurmağın metodlarını əks etdirirdi".
O insanlarla kobud tərzdə danışmağın yalnış olduğunu diqqətə çatdırıb: "Bu cür nitqlər insanları təhrik edə, nifrət aşılaya və cəmiyyətdə münaqişələrə səbəb ola bilər. İslam dini bir qism dini mərasimlər və ibadətlərdən ibarət deyil, əsil həqiqətdə, İslam bütöv bir həyat tərzidir. İmam Hüseyn əleyhissalamın inqilabı da bunu başa salmağa çalışırdı".
Şeyx Kərbəlayi cümə xütbəsinin sonunda bəyan edib ki, əgər insanlar passivlik göstərərək öz cəmiyyətlərinin inkişafı üçün, xüsusilə ictimai vəziyyət ağır olduğu dövrlərdə fəaliyyət göstərmirlərsə, bu cür insanlar qətiyyən Hüseyn inqilabının prinsiplərini yaşatmış olmurlar, hətta ibadət əhli olsalar belə.