22 Noyabr 2024 - 22
"Müxtəlif inanclar, fikirlər, adətlər, ənənələr və nəzərlər arasındakı fərqlərin mövcudluğu ilahi sünnəyə əsaslanır. Bu fərqliliklər hələ insan oğlu yaradılarkən Allah-Taala tərəfindən ona bəxş edilib və Qiyamət gününə qədər davam edəcək".
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu sözləri İraqın ali dini rəhbərliyinin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi dünən cümə günü ilə bağlı İmam Hüseyn ziyarətgahındakı xütbəsində bəyan edib.
Şeyx Kərbəlayinin sözlərinə görə, bu fərqliliklər, əslində, problem və münaqişə mənbəyi yox, bəşəriyyət arasında əməkdaşlıq, dialoq və qarşılıqlı inteqrasiya amilləridir və insan oğlunun yaradılışının əsas qayəsinə çatmağa xidmət edir.
"Yalnız hakimiyyət sevdası, özünü bəyənmək, təkəbbür kimi xüsusiyyətlərdir ki, təbii fərqlilikləri münaqişə faktoruna çevirir, beləcə insanlar arasında münaqişə və müharibələrə yol açır. İslam dini isə elə bir yanaşma tərzi ortaya qoymuş və təkmilləşdirmişdir ki, müxtəlif millətlər, xalqlar, irqlər arasında həmrəylik yaratsın və beləcə Allahın razılığı əldə olunsun", - deyə o əlavə edib.
İmam Hüseyn ziyarətgah kompleksinin direktoru Şeyx Kərbəlayi, həmçinin vurğulayıb ki, bu gün müsəlman cəmiyyətlərinin məzhəb ixtilaflarına qərq olmasının, etnik münaqişələrə başının qarışmasının əsas səbəbi budur ki, müsəlmanlar İslamın təqdim etdiyi həmrəylik və birgəyaşayış prinsiplərinə lazımınca əməl edə bilməyiblər. Sülh şəraitində birgəyaşayış deyildikdə sosial və mədəni birgəyaşayış nəzərdə tutulur, bunun üçün də fərqli fikirləri sülhlə, zorakılıqdan uzaq şəkildə, digərlərinin fikirlərinə hörmət etməklə çatdırmaq gərəkdir.
Şeyx Əbdülmehdi Kərbəlayi bəyan edib ki, düşmənlərin planları iki əsas istiqamətə yönəlib: həm eyni cəmiyyətin daxilində insanlar arasındakı mədəni və intellektual birgəyaşayışı zorakılığa, nifrətə, münaqişəyə çevirmək, həm də bu planı fərqli cəmiyyətlər arasında tətbiq etmək.