21 Noyabr 2024 - 21
Allahın bu əzəmətli səfəri nəsib etdiyi insanlar gərək yol boyu bir dəfə də "uf" deməsinlər. Mən iki mənəvi libas təklif edirəm ki, səfərə çıxarkən bunları mütləq götürsünlər. Bu yolun xüsusiyyətləri və şərtlərinə çox toxunulub, amma mən də istərdim iki şərti sizə bildirim. Bunlar səbir və iman libaslarıdır. Bu libasları olmayanlar o yola çıxmasınlar.
Elə ki bir dəfə yoruldun, "uf" dedin, narahat oldun, o zaman xanım Zeynəbi yada sal. Nə qədər yorulsan, nə qədər əziyyət çəksən də xanım Zeynəb qədər əziyyət çəkmiş deyilsən, İmam Səccad qədər əziyyət çəkə bilməzsən.
Bu elə bir əzəmətli eşq yoludur və sanki, İmam Hüseynin möcuzəsidir ki, milyonları cəlb edə bilib, şamın başına pərvanələr cəlb olunduğu kimi. Dünyanın hər tərəfindən milyonlarla insan heç bir dəvət almadan, heç bir xüsusi təşkilatçılıq olmadan, işlərini təxirə salaraq, yol boyunca mövcud olan əziyyətləri gözə alaraq bu səfərə çıxırlar. Gedənlər görüblər, şikəst adamlar, körpə uşaqlar, qocalar necə eşqlə o yolu gedirlər, ayağa qalxa bilməyənlər sürünə-sürünə tələsirlər. Bir bir eşqdir!
Allah İmam Hüseynə bir möcüzə bəxş edib. O möcüzə də bu gün milyonlarla insanın izdihamıdır. Milyonlarla insan dünyanın hər tərəfindən Ərbəin səfərinə gəlir və sayları da hər il artır. Əsla yanındakıları narahat etmə. Orada təvazökarlıq dərsi var. Ərbəində iştirak edənlər görüb, bir də görərsən ki, əmmaməli bir alim küçədə oturub zəvvarın ayaqqabısını silir, ayağını yuyur...
Bu elə bir yoldur ki, gərək özünü sındırasan. İmam Hüseyn elə bir möcüzə yaradıb ki, gərək gedib içindəki o mən bütünü orada sındırasan. Əgər mən bütünü orada sındıra bilsən qalibsən, sındıra bilməsən o Ərbəinin faydası yoxdur. Nəbadə birinə əziyyət verəsən, birinin haqqına girəsən, narahatçılığını dilinə gətirəsən. Çünki bu İmam Hüseynə minnət kimi olar, sanki, İmama demiş olarsan ki, ağa, sənin yolunda əziyyət çəkirəm...
İmran Xudaverdili