23 Noyabr 2024 - 23
Ərbəin yürüşündə İmam Hüseyn (ə) karvanına qoşulmaq Əhli-beytə məhəbbəti olan hər bir kəsin qəlbini gücləndirən bir arzu və istəkdir. Lakin bu coşqun dəryaya və Hüseyn (ə) karvanına qoşulmaq üçün iki çırağa sahib olmaq zəruridir və biz bu qısa mətndə bu iki çıraq haqda söz açmaq istəyirik:
İki qızıl tövsiyə
Milyonlarla insanı özündə ehtiva edən böyük Ərbəin yürüşünün mesajları haq carçılarının nəzərindən yayınmır. Altmış birinci hicri-qəməri ilində baş vermiş acı faciədən, təqribən, 1400 il keçsə də, İmam Hüseynə (ə) eşq və məhəbbət alovu, eləcə də, o həzrətin qatillərinə, dünya zalımlarına nifrət hissi hər il daha da artır, rövnəqləşir, hətta KİV-lərdə özünə geniş yer ayırır, müzakirə mövzusu olur. Əlbəttə, bu, Peyğəmbərin (s) kəlamıdır:
إِنَّ لِقَتْلِ الْحُسَیْنِ حَرَارَةً فِی قُلُوبِ الْمُوْمِنِینَ لَا تَبْرُدُ أَبَدا
“Həqiqətən, Hüseynin şəhadəti ilə bağlı möminlərin qəlbində heç vaxt sönməyəcək bir hərarət və istilik var.” (“Müstədrəkül-vəsail”, 10-cu cild, səh.318, hədis 12083.)
Allah-Taala Qurani-Kərimin mübarək “Hədid” surəsinin 28-ci ayəsində möminlərə qızıl tövsiyə edir, elə bir tövsiyə ki, həyatın qaranlıq yollarında insana yaxşı bələdçidir, ona riayət insanı haqiqi səadət və xoşbəxtliyə çatdırır. Buyurur:
یا أَیُّهَا الَّذینَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ آمِنُوا بِرَسُولِهِ یُوْتِكُمْ كِفْلَیْنِ مِنْ رَحْمَتِهِ وَ یَجْعَلْ لَكُمْ نُوراً تَمْشُونَ بِهِ وَ یَغْفِرْ لَكُمْ وَ اللَّهُ غَفُورٌ رَحیمٌ؛
“Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (doğru yolda) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!”
1. Ərbəin zəvvarlarının, hətta bütün müsafirlərin özü ilə daşıya biləcəyi ən nurlu çıraq, sözsüz ki, ilahi təqvadır. Bu ünsür əyləc tək insanı həyat yolunda günah adlı təhlükəli uçuruma yuvarlanmaqdan qoruyub-saxlayır, nalayiq rəftar və əməllərdən çəkindirir.
Könüllər qibləsinin müsafiri Kərbəla adlı behişt yolunda bu çıraqdan istifadə etmədikdə, təbii ki, məqsədə çata bilməz. Bu behişt səfərində ilahi təqva ilə ruzilənən kəs dünya və axirətin ən qiymətli azuqəsini əldə etmiş olur. Peyğəmbəri-Əkrəm (s) buyurur:
مَن رُزِقَ تُقىً فَقَد رُزِقَ خَیرَ الدُّنیا وَالآخِرَةِ؛
“Hər kəs təqva ilə ruzilənsə, dünya və axirət xeyri ilə ruzilənər.” (“Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.769, hədis 3015.)
2. Ərbəin zəvvarları yalnız Əhli-beyt şiələrindən ibarət deyil. Hüseyn eşqi şiə ilə yanaşı, əhli-sünnə zümrəsini də bu karvana qoşulmağa vadar edir. Bu iki məzhəbin müşətərək nöqtəsi Peyğəmbərə (s) eşq-məhəbbət və o həzrətin nübüvvətinə imandır. Peyğəmbərə məhəbbət və iman əxlaqlı olmağı tələb edir. Necə ki, Allah-Taala o həzrəti Öz bəndələrinə gözəl əxlaq nümunəsi kimi tanıtdırır və mübarək “Fəth” surəsinin 29-cu ayəsində Peyğəmbərlə (s) birgə olmağın şərti haqda belə buyurur:
مُحَمَّد رَسُولُ اللَّهِ وَ الَّذینَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَماءُ بَیْنَهُمْ... وَعَدَ اللَّهُ الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ مِنْهُمْ مَغْفِرَةً وَ أَجْراً عَظیماً؛
“Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar... Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.”
Peyğəmbərlə (s) birgə olmağın şərti, xüsusiyyəti, bərəkət və fəzilətlərinin Ərbəin səfərindəki surəti insanı heyrətə gətirir. Çünki Hüseyn zəvvarlarından ibarət coşqun dəryanın dini və əxlaqi yönlərdə Peyğəmbərlə (s) həmpeyman olması, habelə əzəmətli Ərbəin yürüşündə dünyaya meydan oxuyan vəhdət və birlik ssenarisi qaynar nəticə ilə yekunlaşır: ilahi rəhmətin qazanılması və zalımların qəzəb içində boğulması bu hərəkət və yürüşünün nəticəsidir.
Bir sözlə, ilahi təqva və Peyğəmbərlə (s) birgə olamaq qaranlıq cəhalət yolunu arxada qoyan xüsusi bir çıraqdır. “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (doğru yolda) getməyiniz üçün nur bəxş etsin...” (“Hədid”/28.)
Təfsir alimləri bu iki pay və çırağın təfsirində Cabir Cofidən belə bir hədis nəql edirlər:
عَنْ جَابِرٍ الْجُعْفِیِّ عَنْ أَبِی جَعْفَرٍ علیه السلام فِی قَوْلِهِ عَزَّ وَ جَلَّ یُوْتِكُمْ كِفْلَیْنِ مِنْ رَحْمَتِهِ قَالَ الْحَسَنُ وَ الْحُسَیْنُ وَ یَجْعَلْ لَكُمْ نُوراً تَمْشُونَ بِهِ قَالَ إِمَامُ عَدْلٍ تَأْتَمُّونَ بِهِ وَ هُوَ عَلِیُّ بْنُ أَبِی طَالِبٍ؛
“Cabir Cofi “Allah sizə Öz mərhəmətindən iki pay versin...” – ayəsinin təfsiri haqda İmam Sadiqdən (ə) belə nəql edir: “Ayədə qeyd olunan iki payda məqsəd Həsən (ə) və Hüseyn (ə), “Sizə doğru yolda getməyiniz üçün nur bəxş etsin!” – ibarəsində məqsəd isə ədalətli imamdır, onu özünüzə rəhbər bilin və o, Əli ibn Əbu Talibdir (ə).” (Şəvahidut-tənzil”, Həskani, 2-ci cild, səh.309, hədis 945.)
Ərbəinə sayılı günlər qalır. Bu son illərdə misilsiz və sabiqəsiz bir hadisənin şahidiyik. O da Nəcəflə Kərbəla arasındakı əzəmətli yürüşdür. Bu yürüş eşq və iman yürüşüdür. Biz də uzaqdan bu yürüşü izləyib qibtə edirik. Xoş o kəslərin halına ki, bu yürüşdə iştirak etmək üçün tofiq tapmışlar.
Uzaq olsaq da sizi yad edirik söhbətdə?
Ruhanı səfərdə olmaz məsafə əlbəttə!
Bununla belə, ərz edirik ki: “Ya ləytəna kunna məəkum fənəfuzu fəvzən əzima!” – Ey kaş, biz də sizinlə birgə olaydıq və bu böyük səadətə nail olaydıq!” (Ali Rəhbər Ayətullah Xameneinin söhbətlərindən.)
Rza Şükürlü/Maide.az/