22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Azərbaycanlı şəhid 2018-ci ildə islam dünyasının nümunəvi şəhidi elan olundu - Foto
26.10.2018

Bu gün İraqın Nəcəf şəhəri böyük "Savratul-işrin" meydanında İslam dünyası şəhidlərinin beynəlxalq anım mərasimi təşkil olunub. Belə bir mərasim, Ərbəin ziyarəti tarixində ilk dəfə olaraq "məzlum Qarabağ şəhidləri" adı altında baş tutub və Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırov, 2018-ci ildə İslam dünyasının ən nümunəvi şəhidi seçilib. Həmçinin bu qəhrəman şəhid, dünyanın müxtəlif ölkələrindən gələn Ərbəin ziyarətçilərinə tanıtdırılıb.

Bu mərasimdə çıxış edən Azərbaycanlı ruhani höccətül-islam Bəxtiyar Bayramov deyib: "Bu gün baş tutan bu əzəmətli və mübarək beynəlxalq toplantının başqa yığıncaqlardan fərqi budur ki, bu tədbir bütün sərhədləri aşıb keçmiş, rəngindən, irqindən, mənsəbindən asılı olmayaraq, bütün azadlıqsevər insanları bir yerə toplamışdır.

İmam Hüseynin (ə) məktəbi məntiq, şücaət və şəhidlər yetişdirən bir məktəbdir."

Bəxtiyar Bayramov vurğulayıb ki, Allahverdi Bağırov, Seyyid Mübariz İbrahimov, Fərid Əhmədov, Emin Bağırov və sair Qarabağ şəhidlərimizin şəkillərini müsəlman ölkələrinin şəhidlərinin şəkilləri arasında görə bildiyimiz üçün fərəhlənir və qürur hissi duyuruq. Qarabağ şəhidlərinin məzlumiyyəti bundadır ki, şücaətlə döyüşərək öz canlarını əziz vətənləri uğrunda fəda etmələrinə baxmayaraq, bu qeyrətli İmam Hüseyn (ə) aşiqləri müsəlman dünyasında kifayət qədər tanınmamışlar. Amma iştirak etdiyimiz bu beynəlxalq toplantı öz məzlum və qeyrətli şəhidlərimizi, müsəlman dünyasının başqa şəhidlərinin sırasında bütün dünyaya tanıtdırmaq üçün bizə fürsət verdi. Buna görə də İmam Hüseynin (ə) Aşurasının və Ərbəininin qədrini bilməliyik.

Höccətül-islam Bəxtiyar Bayramov sonda qeyd edib: "Allahdan acizanə şəkildə diləyirəm ki, bu Ərbəin yürüşünün əzəmətini ildən ilə artıraraq İmam Hüseyn (ə) aşiqlərini öz məşuqları olan həzrət Məhdiyə (ə) qovuşdursun və onun yolunda fəda olmağa müvəffəq etsin."

"İslam dünyası şəhidləri" komitəsinin sədri və tədbirin təşkilatçılarından biri olan Miqdad Həsəni bu mərasim barədə bildirib: "Ərbəin yürüşü əzəmətli ilahi bir hərəkatdır ki, Axirəzzaman və İmam Məhdinin (ə) zühurununun prinsipləri və mənəvi atmosferi ilə baş tutur. İslam dünyasında olan problemlərin aradan qalxması üçün müsəlmanların Aşura mədəniyyətindən bəhrələnməsi labüddür."

Miqdad Həsəni bildirib ki, Qarabağ şəhidlərinin İslam dünyasına tanındırmaq məqsədi ilə, bu gün Nəcəf şəhərində İslam dünyası şəhidlərinin anım mərasimi təşkil olundu. Bu mərasimdə Qarabağ müqavimətinin əslində islami müqavimət olmasına təkid olundu. Burada iştirak edən müxtəlif ölkə nümayəndələri Qarabağı İslam dünyasının dərdi hesab etdiklərini və Qarabağ böhranının həlli üçün İslamda mövcud olan potensiallardan istifadə etməyin lazım olduğunu qeyd etdilər. Bu nümayəndələr bildirdilər ki, Qarabağ mövzusu İslam dünyasının əsas dərdlərindəndir.

Sonda belə qərara alındı ki, bu mərasim hər il İslam dünyasından olan bir nümunəvi şəhidin adı ilə qurularaq Ərbəin zəvvarlarına tanıtdırılsın. İlk dəfə olaraq isə bu mərasim 2018-ci ilin Ərbəin yürüşündə Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun adına baş tutdu və o, bu il İslam dünyasının nümunəvi şəhidi seçildi.

Məlumat üçün bildirək ki, bu ilin iyul ayında ermənişünas İsmayıl Tanrıverdi özünün "Facebook" səhifəsində Milli Qəhrəmanın qəbir daşının bir qrup erməni tərəfindən dağıdıldığı barədə məlumat yayıb.

O bildirib ki, sözügedən abidə-qəbir daşı Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu yerdə keçmiş erməni dostları tərəfindən hələ 1994-cü ildən qoyulub. Bu il Ağdamın işğal günlərində abidə yenilənib və hətta yanına gül-çiçək qoyulub. Lakin erməni hərbi operator Arşak Zakaryan iki gün öncə bunu aşkar edib və ictimaiyyətə məlumat verib. Daha sonra Xankəndindən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıb və param-parça ediblər.

İsmayıl Tanrıverdi ermənilərin daha sonra vaxtilə qəbirdaşını qoymuş və bu günlərdə bərpa etdirmiş Razmik Petrosyanın axtarışlarına çıxdığını qeyd edib.

Şəhidin ailəsi isə bildirib ki, ümumiyyətlə, Allahverdi Bağırovun başdaşı olmayıb. Digər şəhidlər kimi onun da başdaşı dəmir lövhədən ibarət olub. Azərbaycanlı ictimaiyyət nümayəndələrindən də bu məlumatın təxribat xarakterli ola biləcəyi və Xankəndində çəkilən görüntülərin də inandırıcı olmadığını irəli sürənlər olub.