22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Səlahəddin Özgündüz: İmam Hüseyn müharibənin yox, sülhün təmsilçisi idi - Foto
31.10.2018

Oktyabrın 28-də İstanbulun Halkalı bölgəsindəki Yəhya Kamal Bayatlı adına mədəniyyət mərkəzində İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü - Ərbəinlə əlaqədar tədbir keçirilib. Günorta namazından sonra Zeynəbiyyə məscidinin mədəniyyət mərkəzinin qarşısında toplaşmış onminlərlə Əhli-beyt dostu daha sonra Zeynəbiyyə prospekti boyunca mərsiyələr, sinəzənlər oxuyaraq "Ləbbeyk, ya Hüseyn" nidaları altında ənənəvi Ərbəin yürüşü təşkil ediblər.

Kerbela.info Türkiyə mediasına istinadla xəbər verir ki, Yəhya Kamal Bayatlı adına mədəniyyət mərkəzində keçirilmiş konfransda əvvəlcə Türkiyə himni səsləndirilib. Daha sonra CABİR dərnəyinin üzvü Məhəmməd Qaraduman Qurani-Kərim tilavət edib.

Tədbirdə çıxış edən Türkiyə şiələrinin lideri Səlahəddin Özgündüz bunları deyib: "Əziz dostlar, mən 40 ildir bir şeyi izah etməyə çalışıram. Amma görürəm ki, tək qaldığım üçün buna nail ola bilmirəm. İmam Hüseyn müharibə etmədi, İmam Həsənin sülhünə sadiq qaldı. İmam Həsənin şəhadətindən sonra da sülhə sadiq qaldı. Hətta zalım diktator onu beyət etməyə məcbur etməsəydi, yenə də döyüş yolunu seçməyəcəkdi.

İmam Hüseyn dava salmağın tərəfdarı deyildi, İmam sülhün təmsilçisidir. O, son nəfəsinə qədər sülhü təmsil etmişdir, ümmət arasında sülhə, barışığa çağırmışdır. Amma qarşı tərəf isə "ya diz çöküb mənə beyət edəcəksən, ya da öldürüləcəksən, başqa yolun yoxdur" tələbindən yapışdı. Məgər İmam Hüseyn Yezidə beyət etməli idimi? Həzrət Məhəmmədin (s) səhabəsini qətlə yetirən, qibləmizi yandırıb, yıxan Yezid kimisinə beyətmi etməli idi? Hələ də Yezidi müdafiə edənlər Mədinə işğalında təcavüzə uğrayanlardan doğulmuş soysuzların davamçılarıdır. Yezidi hələ də müdafiə edənlər varsa, Allah onları Yezidlə həşr etsin!

Biz millət olaraq, dövlət olaraq bu torpaqlarda İmam Hüseynin tərəfində olmuşuq. Sünnisi, ələvisi ilə birlikdə İmam Hüseynin yanında yer almışıq. Bu ölkədə bir dənə də olsun Yezid tapa bilməzsiniz, amma hər ailədən olan milyonlarla Hüseyn tapa bilərsiniz.

Bəziləri deyir İmam Həsən sülhsevər idi. Sanki İmam Həsən sülhsevər, amma İmam Hüseyn isə davakar imiş. Bu, qətiyyən belə deyil. On iki imamın hamısı sülh tərəfdarıdır. Hər biri həzrət Peyğəmbərimizin (s) Quranın tərbiyəsilə yetişdirmiş olduğu, Quranı ən yaxşı anlayan və Qurandan ayrılmayan bir ailənin üzvləridir.

Əsas məqsədimiz Kərbəlanı düzgün dərk etməkdir. Dərk etmədən yerinə yetirilən heç bir ibadətin dəyəri yoxdur. Cabir ibn Abdullah əl-Ənsari də Peyğəmbərimizin (s) yaxın səhabəsi olaraq Ərbəin günü bizə öz mesajını vermişdir.

İmam Hüseyn və səhabələrinin despotizm, faşizm, diktatorluq qarşısında möhtəşəm dirənişini müdafiə edənlər İmam Hüseynin tərəfindədirlər. Yezidin etdiklərindən razı olanlar isə Yezidlə bərabərdirlər".

"Cem" vəqfi, CABİR və "Caferider" dərnəklərinin təşkilatçılığı ilə baş tutmuş mərasimdə CABİR dərnəyinin sədri Həsən Qarabulud da çıxış edib: "Ərbəində İmam Hüseynin yasını saxlamaq Quranın dəvətidir. Ləbbeyk deyərək Kərbəlaya doğru yürümək də məsum imamların dəvətidir. İmam Hüseynin (ə) Ərbəinində bir yerə yığışaraq əza saxlamaq əsl möminlərin əlamətidir. Həzrət Peyğəmbərimiz (s) buyurur: "Aranızda iki əmanət qoyub gedirəm", İmam Sadiq (ə) isə belə buyurur: "Qiyamət günündə məhşərə ilk gələcək şəxs varlıq aləminin səbəbi olan həzrət Məhəmməddir. Sonra ilk insan olan həzrət Adəmdən qiyamətə qədər nə qədər insan dünyaya gəlibsə, həmin gün diriləcəklər. Allah tərəfindən nida gələcək ki, ey Peyğəmbərim, danış! Bu zaman həzrət Peyğəmbər bir əlində Qurani-Kərim, digər əlində isə Əhli-beytin əllərini tutmuş vəziyyətdə buyuracaq, ey ulu Yaradan, mənim ümmətimdən soruş, bu iki əmanətlə nə cür rəftar etdilər". Beləliklə həzrət Məhəmmədin (s) üzərində durduğu mövzu ilə əlaqədar İslam ümmətinin üzərinə böyük məsuliyyət düşür.

Bizim müsəlman olaraq ən önəmli vəzifəmiz bizi biz edən bu iki dəyərli əmanəti anlamaq və həyatımızı bu istiqamətdə qurmaqdır. Ancaq, təəssüflər olsun ki, aradan 1400 il keçmiş olsa da, İslam ümməti bu iki əmanətə tərəf çevrilə bilməyib. Əksinə, xudbinlik daha da artaraq bütün İslam coğrafiyasını əhatə etmişdir. Məhz bu səbəbdəndir ki, İslam coğrafiyası imperializm və sionizm təhlükəsilə üz-üzə qalmışdır.

Dostlar, Ərbəin bəşər tarixində təkcə İmam Hüseynə xas olan bir ənənədir. Çünki 124 min peyğəmbərin məramını Qiyamətə qədər öz adında və sözündə yaşadan tək İlahi övliya varsa, o da İmam Hüseyndir".

Mərasimdə çıxış etmiş "Cem" Vəqfinin baş direktoru Xıdır Akbayır bunları deyib: "İmam Hüseyni anmaq və onun üçün ağlamaq son dərəcə duyğusal və insani bir davranışdır. Ancaq bunlardan daha önəmlisi İmam Hüseyni anlamaqdır.

İmam Hüseyn hələ 1400 il bundan əvvəl insanlara çox gözəl bir yol göstərmişdir. Belə ki, həzrət Məhəmməd peyğəmbər (s) İslamı gözəl əxlaq olaraq təqdim etmişdir. Bu halda əxlaq gələcək zamanla, adət-ənənələrlə bağlı bir şey deyildir. Əxlaq izzətlə birləşəndə dəyər qazanır. İzzətli olmağın da əsası ədalətli olmaqdır. Zalım bir insanın ədalətli olmasını gözləmək doğru deyil. İmam Hüseyn isə bu iki xüsusiyyətə eyni anda sahibdir.

Bizə öyrətdiyi dərs isə budur ki, əxlaq, ədalət və izzət kimi xüsusiyyətlər fərdi məsələlər deyil, ictimai məsələlərdir. Bu dəyərlər ictimai miqyasda gerçəkləşə bilər. İmam bu dəyərlər uğrunda şəhadəti gözə alıb. Ən böyük ibadət yaxşlığa dəvət, pislikdən çəkindirməkdir.

İmam Hüseyn gözəl əxlaq və cəsarətin simvoludur. İmam Hüseynin prinsipləri bu gün də bizə yol göstərməkdədir. Gərək biz də bu prinsiplərə uyaq və həyata keçirək".