22 Noyabr 2024 - 22
İraqın şiə müsəlmanlarının ali dini rəhbərliyinin nümayəndəsi İmam Hüseyn ziyarətgahının direktoru Şeyx Əbdülmehdi Kərbəlayi dünən cümə günü ilə əlaqədar müqəddəs ziyarətgahda xütbə ilə çıxış edib.
Kerbela.info İmam Hüseyn ziyarətgahının rəsmi saytına istinadla xəbər verir ki, ruhani Ərbəin ziyarətinin əhəmiyyətindən və bu böyük aksiyanın müsəlman xalqları arasında yerindən danışıb.
Şeyx Kərbəlayinin sözlərinə görə, Ərbəin ziyarətinin əsasını məhz Əhli-beyt özü qoyub: "Əhli-beytin təşəbbüsü ilə irəli sürülmüş hər hansı tədbir məhz İlahi mesajdan qaynaqlanır. Əhli-beyt məsumları öz şiələrinə və tərəfdarlarına Ərbəin ziyarətinin əhəmiyyətini öyrədiblər, hətta ən çətin dönəmlərdə belə Ərbəin ziyarətini yerinə yetirməyə təşviq ediblər. Bu səbəbdəndir ki, tarix boyu, hətta ən böyük alimlərimiz, ruhanilərimiz bu ziyarəti yerinə yetiriblər".
Ziyarətgahın direktoru diqqətə çatdırıb ki, Ərbəinin tarixini öyrəndikcə və müasir dövrdə bu ziyarətin əzəmətinə nəzər saldıqda əmin oluruq ki, Ərbəin ziyarəti müsəlman ümmətinin dini, təhsil yönümlü və ideoloji səviyyəsini əks etdirir, həmçinin bu böyük yürüş ümmətin fədakarlıq, uzlaşma, həmrəylik və əməkdaşlıq kimi cəhətlərini nümayiş etdirir, ümmətin xarici təhdidlər qarşısında müqavimətinin gücünü ortaya qoyur.
Şeyx Kərbəlayi, həmçinin Ərbəin ziyarətinin qlobal miqyasda genişləndiyini, müxtəlif ölkələrdən milyonlarla insanı İmam Hüseynə tərəf cəlb etdiyini qeyd edib, nüfuzlu beynəlxalq media qurumları və tədqiqat mərkəzlərinin dünyanın ən böyük sülhməramlı yürüşünə diqqət ayırmağa başladıqlarını bildirib.
O xütbəsində əlavə edib ki, Ərbəin ziyarətinin müsəlman xalqlarına təsiri də çox böyükdür. Çünki Ərbəin zəvvarları yol boyunca İmam Hüseynin prinsip və ideallarını praktiki olaraq həyata keçirirlər - bir-birinə qarşı səxavətlilik, mehribanlıq, qonaqpərvərlik və təmənnasız xidmət göstərirlər. Ərbəin uca Allahın, Qurani-Kərimin, həzrət Məhəmməd peyğəmbərin (s) və Əhli-beytin təbliğ etdiyi insani duyğuları biləvasitə gücləndirir, insanları hər cür diskriminasiyadan uzaq sülh içində yaşamağa, sevgi, həmrəylik və harmoniya mühitinə çağırır. Məhz bu ziyarət zamanı qoca, cavan, varlı, kasıb, fərqli millətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə yol vermədən vahid insan obrazı ilə bir araya gəlirlər.