21 Noyabr 2024 - 21
1400 il bundan öncə baş vermiş bir faciə necə olur ki, öz təsirini dünyanın dörd bir yanına yaya bilir? Nə səbəb olur ki, bir gün içində bir şəhərə 10 milyonlarla insan gözüyaşlı, qəlbi eşqlə dolu halda daxil olur. Bəşər tarixində bu sualları doğuran və cavabını özündə ehtiva edən yeganə hadisə Ərbəindir. Ərbəin bu gün gəldiyi nöqtə ilə İslam mədəniyyətinin bir parçasına çevrilmişdir.
Ərbəin, milyonlarla qəlbi eyni şövqlə bir məkanda toplayan Hüseyni gündür. İmam Hüseynin ziyarətinə gedən zəvvarlar sanki İmam Hüseynin nicat gəmisinə tələsirlər. Bu elə bir karvandır ki, ona qoşulmaq möminin əlamətlərindən sayılır. Cabir ibn Abdullahın başlatdığı bu ənənə 14 əsrdir davam edir və qiyamətə qədər də davam edəcək
Sözsüz ki, bu ziyarətin savabı və Allah yanında dərəcəsi yüksəkdir. Lakin aşiqlərin bu eşq yolunda addımlaması savab artırmaq məqsədi ilə deyil, eşqin təzahürüdür. Kərbəla yolu İmam Hüseyn (ə) zəvvarlarının üzünə bağlı olduğu zamanlar belə saysız-hesabsız aşiq imamın ziyarətinə yollanmışdır. Hətta Səddam Hüseyn rejiminin yaratdığı min bir maneə belə bu axınının qarşısını ala bilməmişdi. İraqda Səddamın hakimiyyəti dövründə piyada Ərbəin ziyarətinə getməyin cəzası edam idi, lakin ziyarətçilərin aksiyası yenə də davam etdi.
Düşmənin Ərbəin yürüşünə qarşı çıxması dünənə, bu günə aid deyil. Abbasilərin xilafəti dövründə İmam Hüseynin (ə) ziyarətinə gedənin əlini kəsirdilər, amma bununla belə, insanlar İmam Hüseynin ziyarətini tərk etmirdilər. Xilafət qadağanı günbəgün sərtləşdirirdi. Hətta elə oldu ki, ziyarətə gedən hər iki ziyarətçinin biri öldürülürdü, ancaq İmam Hüseyn (ə) aşiqləri yenə də gedirdilər.
Bu günlər bütün terror və təhdidlərə baxmayaraq, Ərbəində milyonlarla ziyarətçinin İmam Hüseynin (ə) ziyarətinə piyada getdiyini görürük. Bir çox dövlətlər Ərbəin yürüşünün qarşısını almaq üçün milyonlarla pul xərcləyirlər. Lakin Hüseyn (ə) aşiqləri dünyanın hər yerindən o həzrətin ziyarətinə gəlirlər və onların sayı hər il artmaqdadır.
Ərbəində Kərbəlaya üz tutanların hər biri eyni zamanda o müqəddəs torpaqda edilən duaların daha tez qəbul olunmasına, imam Hüseynə (ə), Həzrət Abbasa təvəssülün müsbət nəticələrinə iman gətirənlərdir. Hətta Ərbəin karvanına qatılmaq istəyən, lakin bunu edə bilməyənlər də böyük təkidlə zəvvarlardan onlara dua etməsini istəyir. Bunlar hamısı nəyin gösdəricisidir? İlahi rəngə boyanmış ən ali eşqin!
Ərbəin - Şəhidlər ağasının timsalında bütün şəhidlərin xatirəsini yaşatmaqdır.
Ərbəin - həzrəti Zeynəbin və həzrət İmam Səccadın və digər əsirlərin dərdlərinə şərik olmaqdır.
Ərbəin - Aşura məktəbini və Aşura dəyərlərini diri saxlamaq deməkdir.
Ərbəin - İmam Hüseyn düşüncəsini bütün dünyaya ötürməkdir.
Ərbəin - zülmün müqabilində haqqı müdafiə etməkdir.
Ərbəin - düşmənin məkrli addımları qarşısında ayıq-sayıq olmaqdır.
Ərbəin - Kərbala şəhidlərinin qanı qarşısında öz vəzifəsini bilməkdir.
Yusif Hüseyn (1-ci yer)
Kerbela.info