22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Alman mütəxəssis: Ayətullah Sistaninin fətvası İraqın mədəni irsini də xilas etdi - Foto
27.11.2018

"Silahlanaraq İŞİD-ə qarşı mübarizəyə qalxmaqla bağlı Ayətullah Sistani tərəfindən verilmiş fətva İraqın sağ qalmış antik mədəniyyət nümunələrini və məbədlərini terrorçular tərəfindən məhv edilməkdən xilas etdi, İŞİD-in irəliləməsinin qarşısını aldı".

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bunu oğurlanmış antik mədəniyyət nümunələrinin axtarışı üzrə almaniyalı məsul doktor Maykl Müller Keri İraqın Kərbəla şəhərində keçirilmiş tarixi-mədəni irsi və antik nümunələr üzrə birinci beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ayətullah Sistaninin İŞİD-ə qarşı cihad fətvası antik irsin qorunmasına verdiyi töhfə baxımından təkcə İraqda deyil, bütün dünyada yaddaşlara həkk olunmalıdır.

Doktor Müller Keri qeyd edib ki, bütün dünya ölkələri İraqı öz antik irsini qoruması üçün dəstəkləməlidir, həmçinin sadə iraqlılar, İraq hökuməti, İraq muzeylərinin idarəçiləri beynəlxalq təşkilatlara, hökumət başçılarına müraciət edərək İŞİD tərəfindən oğurlanaraq dünyanın qara bazarlarında satılmış antik əşyaların İraqa geri qaytarılmasına yardım etmələrini tələb etməlidir.

Almaniyalı mütəxəssisin sözlərinə görə, İŞİD İraqdakı antik əşyaları iki məqsəd üçün oğurlayıb: birinci, terrorçular bu nümunələrin əhəmiyyətsiz olduğunu düşünüblər, ikincisi də bu əşyaları xaricə sataraq maliyyə ehtiyaclarını təmin ediblər.

O bildirib ki, antik irsin qorunması üzrə beynəlxalq hüquqi kodekslər indiyədək praktikada o qədər də təsirli olmayıblar. Bu kodekslərdən İraqın və İslamın mədəni-antik irsinə qarşı törədilmiş cinayətlərin ittiham olunmasında olduqca zəif istifadə edilib.

Doktor Müller Keri əlavə olaraq bildirib ki, dünyada antik əşyaların oğurlanması və satışı ilə məşğul olan xüsusi mafiyalar mövcuddur. "Biz çoxlu antik nümunələri aşkar edərək xilas etmişik, hansı ki, bunların bir qismi İraqın qədim Ur sivilizasiyasına məxsusdur. Bu işdə dövlət departamenti bizə yardım edib. Mənim təmsil etdiyim ölkə əgər yenə bu cür antik nümunələri aşkar edərsə, dərhal İraq hökumətinə təhvil verəcəyik", - deyə o qeyd edib.

Bildirək ki, iki gün əvvəl İraqın Kərbəla şəhərində İmam Hüseyn ziyarətgahının konfrans zalında tarixi-mədəni irs və antik nümunələrə həsr olunmuş birinci beynəlxalq konfrans keçirilib. Tədbirdə 22 ölkənin nümayəndələri iştirak edib.