24 Noyabr 2024 - 24
İraqın Kərbəla şəhərində yerləşən və hər il milyonlarla insanın pak duyğularla ziyarət etdiyi müqəddəs İmam Hüseyn ziyarətgah kompleksi barədə bəzi statistik məlumatlar təqdim edilib.
Kerbela.info İmam Hüseyn ziyarətgahının rəsmi saytına istinadla xəbər verir ki, imamın xüsusi zərihlə örtülmüş qəbrinin yerləşdiyi zalın sahəsi 3 min kvadrat metrdir.
Məqbərənin bayır meydançası 6 min kvadrat metrlik ərazini əhatə edir. Məqbərənin daxilindəki ümumi zalın sahəsi 4 min kvadrat metrdir.
İmam Hüseyn ziyarətgah kompleksinin ümumi sahəsi isə 20 min kvadrat metrdir. Zeynəbiyyə təpəsi adlanan ziyarətgahın ərazisi 160 min kvadrat metr hesablanır.
Hazırda İmam Hüseyn ziyarətgahında dördmərhələli genişləndirmə işləri nəzərdə tutulur. İlk mərhələnin yekunlaşmasına az qalıb. Bundan sonra növbəti üç mərhələyə start veriləcək və ziyarətgahın ümumi ərazisi 500 min kvadrat metr ərazini əhatə edəcək.
Sözügedən mərhələlər aşağıdakılardan ibarət olacaq: Zeynəbiyyə təpəsində ziyarətgahın inşası, cənub tərəfdən yeni Seyyidüş-Şühəda məqbərəsinin inşası, Həbib ibn Məzahir məqbərəsi və həzrət Mehdi (ə.f.) adına əl-Höccət məqbərəsinin inşası.
Bunlardan başqa kompleks ərazisindəki minarələr və qübbələr də 10 metrədək yüksəldiləcək. Beləliklə yeni qübbənin hündürlüyü 32 metrə, işıq qüllələrinin hündürlüyü isə 34 metrə çatacaq.
Genişləndirmə layihələri zəvvarların rahatlığını təmin etmək, daha geniş ərazini əhatə etməklə sıxlığı aradan qaldırmağa hesablanır. Bu layihələr daha çox zəvvarın qəbuluna imkan yaratmaqla Kərbəla şəhərinin gözəlliyinə də töhfə olacaq.