22 Noyabr 2024 - 22
2014-cü ildə İŞİD terror qruplaşması hücuma başladıqdan sonra Ayətullah Seyid Əli Sistani fətva verərək əhalini terrorçulara qarşı mübarizəyə səslədi.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, məhz bu fətva İraqda müharibənin gedişini xalqın xeyrinə dəyişdi.
Cihad müharibəsinin başlaması ilə İmam Hüseynin müqəddəs ziyarətgahı da müharibə şəhidlərinin və yaralıların ailələrinə maddi və mənəvi dəstək göstərməyə başladı. Şəhid və yaralıların sayı artdıqca ziyarətgahın yardım kampaniyaları da genişləndi.
Artıq 2014-cü ilin sonunadək İmam Hüseyn ziyarətgahının nəzdində Şəhidlərin və yaralı döyüşçülərin ailələrinə qayğı üzrə diviziya, daha sonra isə xüsusi departament təsis edildi. Departament ölkə üzrə terrorçulara qarşı müqəddəs cihad döyüşlərinə qoşulmuş könüllülər barədə məlumat toplamağa, hər bir şəhid ailəsinə 8 min ABŞ dolları məbləğində maddi yardımlar etməyə başladı. Həmçinin yaralıların İraqda və xaricdə müalicəsi də həyata keçirilməyə başlandı.
Departamentin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri İmad əl-Cəşiminin sözlərinə görə, şəhid ailələrini və yaralı döyüşçüləri dəstəkləmək üzrə bir sıra proqramlar mövcuddur. Belə ki, onlar üçün yeni evlərin inşası, mövcud evlərin təmiri, məişət avadanlıqları ilə təmin etmə, həmçinin ərzaq, geyim yardımı və təhsil xidmətləri kimi fəaliyyətlər göstərilir.
Qurum təmsilçisi əlavə edib ki, bunlardan başqa şəhid övladları üçün məşğulluq proqramı çərçivəsində müxtəlif istehsalat sexlərində işlə təmin edilmə, təhsil və bacarıqların inkişafı üzrə təlimlər, yüksək nəticə göstərənlərin mükafatlandırılması, İraqda və digər ölkələrdə müqəddəs məkanlara səfər turları və digər xidmətlər göstərilir.
Ziyarətgah təkcə xalq səfərbərlik qüvvələrinin könüllülərini deyil, İraqın milli ordusunun tərkibində xidmət göstərən əsgərlərin də müalicəsində yardımlar edib.
Departamentin təqdim etdiyi statistikaya əsasən indiyədək şəhid ailələrinə və yaralı döyüşçülərə 6 milyon dollar həcmində yardımlar edilib.
Departamentin direktoru Əhməd Rəsulun sözlərinə görə, İmam Hüseyn ziyarətgahı hazırda 2 mindən çox ailəyə yardımlar edir, onlara tibbi, təhsil və istirahət xidmətləri göstərilir.
Qeyd edək ki, İŞİD-ə qarşı 3 il yarım davam etmiş intensiv mübarizə nəticəsində ötən ilin dekabrında terrorçu təşkilat məğlub edildi və İraqın suverenliyi və təhlükəsizliyi demək olar ki, bərpa edildi. Lakin ziyarətgahın yardım kampaniyaları hələ də davam edir.