22 Noyabr 2024 - 22
İmam Hüseyn ziyarətgahının Təsərrüfatın İnkişafı Departamenti boş torpaqların əkilməsi, səhralaşmaya qarşı mübarizə və səhralıq ərazilərdə kənd təsərrüfatı şəhərciklərinin inşası üzrə layihəyə start verib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə departamentin səlahiyyətlisi Ədnan Ovz əl-Şəmmari məlumat verib.
Onun sözlərinə görə, ilk mərhələdə əkin üçün nəzərdə tutulan müxtəlif ərazilərdən torpaq nümunələri götürüləcək və laboratoriya şəraitində müvafiq analizlər aparılacaq. Analizlərin nəticəsinə uyğun olaraq ən zəngin və aqrar sektorun inkişafına ən çox töhfə verə biləcək ərazilər müəyyənləşdiriləcək.
İkinci mərhələdə isə təyin edilmiş torpaq sahəsində aqrar sektor işçiləri məskunlaşacaq və torpağın dərin şumlanması həyata keçiriləcək. Əkinlərin suvarılması üçün davamlı suvarma sistemi inşa ediləcək.
Əl-Şəmmari bildirib ki, İmam Hüseynin şəhərində aqrar zonanın yaradılması üçün 400 hektardan çox sahənin ayrılması nəzərdə tutulur. Abi əl-Əhrar şəhərindəki aqrar zonada isə 2225 hektar ərazinin səhralaşmaqdan qorumaq, çöllük ərazinin aqrar məqsədlər üçün istismar edilməsi planlaşdırılır. Bununla İraqın kənd təsərrüfatı sektoruna töhfə verilmiş olacaq, daxili bazarlar yerli məhsullarla təmin ediləcək.
Departament rəsminin sözlərinə görə, duzlu və əkilməsi mümkün olmayan ərazilərdə isə balıqçılıq hövzələrinin salınması üçün tender elan edilib və bu hövzə 111 hektar ərazini əhatə edəcək.
Əl-Şammari, həmçinin bildirib ki, əkinçilik zonalarının birində müxtəlif tərəvəz sortları, digərində isə strateji əhəmiyyətli bitkilər, eləcə də heyvan qidaları əkiləcək.
Bildirək ki, sadalanan layihələr Kərbəla şəhərində ən böyük kənd təsərrüfatı layihələri olacaq.