21 Noyabr 2024 - 21
Günorta yaxınlaşdı. İmam Hüseyn (ə) Həccac ibn Məsruqa dedi ki, iki ordunun arasında dayanıb azan desin. Azandan sonra həzrət iki qoşunun arasında dayanıb xütbəyə başladı. Əvvəlcə Allaha həmd-səna etdi, sonra buyurdu: Ey camaat, Kufəyə doğru hərəkət etməyimin səbəbini sizə demək istəyirəm ki, bununla da Allah dərgahında üzrlü, sizə isə höccəti tamam etmiş oluram. Mənim Kufəyə doğru hərəkətim yalnız sizin məktublarınız və nümayəndələriniz gələndən sonra olmuşdur. Sizin nümayəndələr rəhbərlərinin olmamasını söyləyib sən gəl bizə rəhbər olmağı qəbul et ki, Allah sənin rəhbərliyin sayəsində bizi haqqa, düzlüyə çıxartsın dedilər, mən də gəldim. Əgər siz elə həmin əqidə də qalıb mənə kömək etməyə əhd bağlayırsınızsa, bu halda sizin şəhərinizə gələrəm; yox əgər əhd bağlamırsınızsa və mənim gəlməyimdən narahatsınızsa, elə buradan da qayıdaram.
Hürr və onun ordusu imama (ə) cavab verməyib susdular. Sonra müəzzin İmamın əmri ilə iqaməni dedi.
Həzrət Hürrə dedi: Öz dostlarınla birlikdə namaz qılmaq istəyirsən?
Hürr dedi: Yox, hamımız sənə iqtida edəcəyik.
Namazdan sonra imam öz yerinə, Hürr də öz düşərgə saldığı yerə qayıtdı və onun üçün hazırlanmış xeymədə bəzi səhabələri ilə istirahət etməyə başladı, amma əsgərlər döyüşə hazırlı vəziyyətdə qaldılar, hər kəs öz atının cilovundan yapışıb atın kölgəsində oturdu.
Elə ki, əsr oldu, müəzzin əsr azanını verdi. İmam namaz qıldı, hər iki qoşun ona iqtida etdi, namaz qurtarandan sonra imam yenidən ayağa qalxıb belə bir xütbə söylədi:
Ey camaat! Əgər ilahi əzabdan uzaq olsanız, haqqı və haqq əhlini tanısanız, Allah sizdən daha çox razı olar. Biz Peyğəmbər Əhli-Beyti sizə rəhbərlik etməyə yalandan rəhbərlik iddiası edənlərdən daha çox ləyaqətliyik. Bunlar (Yezid və onun adamları) nahaqdan İsa hökumətinin iddiaçıları olmuşlar. İndi əgər siz bizim gəlişimizdən narazı olub öz nadanlığınız üstündə durmuşsunuzsa, onda heç eybi yoxdur, mən elə buradan qayıdaram.
Hürr dedi: Allaha and olsun, mənim nə bu məktublardan xəbərim var, nə də göndərilən nümayəndələrdən.
İmam Hüseyn (ə) Əqəbət ibn Səmana buyurdu ki, kufəlilərin yazdıqları məktubları Hürrün qabağına töksün. Hürr dedi: Biz məktub yazanlardan deyilik, bizə əmr olunub ki, sizi Übeydullahın yanına aparaq. Həzrət qəzəblənib dedi: Sənin ölümün başında olan fikirlərin həyata keçməsindən daha yaxındır.
Seyid Məhəmmədhəsən Musəvi Kaşani