21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin mənəvi yük və təşkili baxımından tarix boyu təkrarı olmayan hadisədir
21.01.2019

Milyonlarla insanı kim dəvət edib Kərbəlaya? Kim onlar üçün yol pulu verir? Heç kim! Hər kəs öz maddi vəsaiti hesabına, canının bahasına gedir, xəstələnir, can təhlükəsinə düşür, ac qalır, yorulur, çöllərdə qalır və bəzən ev tapa bilmir orada qurulmuş çatırlarda qalır. Hamı bu çətinliyi özünə qəbul edir və gedir Ərbəinə. Bunu özünə bir şərəf bilir. Görəsən dünyada bunun kimi bir şey varmı? Ümumiyyətlə bu ziyarətin analoqu varmı? Biz axtaraq görək hardasa varsa deyək bəli bu işi filan yerdə edirlər.

Tutaq ki, on nəfər, iyirmi nəfər dünyanın seyrinə çıxır. Buna görə ki, məsələn bunlar dünyanı velosipetlə bir dövrə vuracaqlar. Hamı da bunu hay-küylü şəkildə tez reklam edir. Təbii ki, yürüşə çıxan beş-on nəfərin də təşkilatçısı var, sponsoru var, yollarını açanlar var. Bəs görəsən bu özündən qaynayan, milyonları özünə cəlb edən, milyonları müxtəlif ölkələrdən çəkib gətirən bu Ərbəin ziyarətinin nə hikməti var? Bu nədir ki, insanların qəlbində bu od-alov var? Peyğəmbərdən hədis var buyurur: “İmam Hüseynin şəhadəti ilə möminlərin qəlbində bir alov yaranar ki, Qiyamətə qədər sönmər”. Bəli bu sönmür. Bu İlahi bir bulaqdır, çeşmədir qaynayır hər zaman. Bu insanlar orada nə görür, nə itirib, nə axtarırlar? Görəsən bu insanlar nəyə görə ora cəzb olunur?

Mən bir neçə epizod deyəcəm. Biz hər şeyi qırağa qoyaq, İmam Hüseyndən danışmayaq, Kərbəla ziyarətindən danışmayaq. Sadəcə elə yollarda olan mənzərələrdən danışaq. İnsanlar Nəcəfdən Kərbəlaya qədər olan təxmini 80 km yolu piyada yürüş edirlər bundan danışaq. Təsəvvür edin yol boyu elə bir ehsan yoxdur ki, orada görməyəsən. yəni müxtəlif növdə ehsanlar var. Ehsan təkcə yeməkdən ibarət deyil. Ehsan deyəndə biz bunu başa düşürük ki, bir yerdir süfrə açılıb ancaq yeməklər verilir, insanlar da orada qidalanır. Yox! Ehsan yəni yaxşılıqlar. Elə bir ehsan yoxdur ki, orada olmasın. Elə bir yaxşılıq yoxdur ki, orada olmasın. Hər növü var. İnsanlara yemək, içmək, yataq və s. xidmətlər var. Görürsən yerli sakinlər insanları dəvət edirlər ki, öz evlərini, vəsaitləri ilə qonaqların ixtiyarına versinlər. Heç kim də heç kimi tanımır.

Deyək ki, Bakıya bir xarici vətəndaş gəlir. Kim deyər görəsən, gəl bizim evimizdə qal, biz gedək çöldə qalaq? Bunu kim edər? Bu insanlar niyə görə öz evlərini verib özləri kənarda qalırlar, qulluqçu kimi sənə xidmət edirlər, nə marağı var bu insanların? Bəyəm sən ona pulmu verirsən, yoxsa səndən asılılığı varmı onun? Xeyr! Heç bir asılılığı yoxdur. Adi bir sakindir, sadəcə niyyəti var ki, İmam Hüseyn zəvvarına xidmət etsin.

Yaxud da baxıb görürsən zəvvarların ayaqlarını ovurlar, ayaqlarını yuyurlar. Tanımır kimdir bu. Hələ biz çətin, oğullar taparıq ki, öz atasının ayağını yusun. Görəsən tanımadığı bir kəsin bulaşmış, tozlanmış, çirklənmiş ayaqlarını yumağa nə vadar edir onları? Bu Allahın bir hikmətidir, bu bir eşqdir, bu bir cazibə qüvvəsidir. Elə İmam Hüseynin əzəməti, böyüklüyü, izzəti ondadır ki, bütün insanlar onun işığına yığışırlar. Görün nə qədər mehribanlıqla, bu qədər insan bir-birinə məhəbbət göstərir. Elə imam bunun üçündür də, elə peyğəmbər də bunu istəyir. Allah da bunu istəyirdi ki, insanlar bir-biri ilə xoş davransın, yaxşı yaşasınlar, bir-birilərinə düşmən kəsilməsinlər, mehriban olsunlar. Biz də Ərbəində bunu görürük.

Ceyhun Cəfərov