22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İspaniya səfiri: Kərbəla şəhəri insanlar üçün həmrəylik və sevgi modelidir
12.02.2019

İspaniyanın İraqdakı səfiri Xuan Xose Eskobar müqəddəs Kərbəla şəhərinə baş çəkib, buradakı İmam Hüseyn və həzrət Əbəlfəz Abbas hərəmlərini ziyarət edib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, ali şiə ruhaniyyətinin nümayəndəsi Seyid Əhməd Safi ispaniyalı səfiri həzrət Abbas ziyarətgahının həyətindəki ofisində qəbul edib.

Ayətullah Sistaninin cihad fətvasına toxunan səfir Eskobar bildirib ki, bu fətva İraqın ərazi bütövlüyünün və ümumxalq həmrəyliyinin qorunmasında müstəsna rol oynayıb.

O, həmçinin Ayətullah Sistaninin İraqın parlaq gələcəyi naminə ölkə siyasətçilərinə faydalı məsləhətlər verməsini də təqdirəlayiq adlandırıb.

Müqəddəs Kərbəla şəhərinin rolundan danışan səfir Xuan Eskobar bu şəhərin bütün iraqlılar üçün həmrəylik və qarşılıqlı sevgi modeli olduğunu diqqətə çatdırıb.

Qonağı salamlayan Seyid Əhməd Safi bildirib ki, Kərbəla şəhəri təkcə şiə müsəlmanlar üçün deyil, bütün dünya müsəlmanları üçün əhəmiyyətli bir məkandır və bu şəhərin tarixi 1420 il bundan əvvələ qayıdır.

"Ali ruhaniyyətin məlum fətvası terrorçu qruplaşmalara qarşı mübarizəyə qalxmaq üçün insanlarımızda böyük ruh yüksəkliyi yaratdı və əsas hərəkətverici qüvvə oldu. Bu fətvanın təsirilə xalqımız öz vətənini şər qüvvələrdən qoruya bildi. Bu gün də ölkəmizin qorunmasında, xalqımızın mühafizəsində və mövcud problemlərin aradan qaldırılmasında önəmli istiqamətverici rola malikdir", - deyə Seyid Safi qeyd edib.